Ukrayna-Rusiya gərginliyi fonunda Türkiyə prezidenti R.T.Ərdoğanın 3 fevral 2022-ci il tarixində Kiyevə səfəri baş tutacaq.
araz.az xəbər verir ki, artıq Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu Rusiya prezidenti Vladimir Putinin Türkiyə səfərinin Pekin olimpiya oyunlarından sonra dəqiqləşəcəyini bildirib.
Qeyd edək ki, Ankara Kiyev-Moskva gərginləşməsinin başından bəri təmkinə çağırır və gərginliyin çözülməsində öz iştirakını təklif edir.
Aydındır ki, Ukraynaya ehtimal edilən Rusiya müdaxiləsi yalnız bu iki ölkəni yox, Qara dəniz ölkələrini də gərginliyə məruz qoyacaq. Dolayısı ilə yanğından qonşuya da pay düşəcək. Türkiyənin də mümkünlük payı çox olan Ukrayna-Rusiya münaqişəsini qarşısını almağa cəhd etməsi təbiidir.
Bu cəhdə bəraət qazandıran daha bir məqam ABŞ tərəfinin Qara dənizə hərbi gəmilərin giriş-çıxış, naviqasiya və su hövzəsində qalma qaydalarının dəyişməsi üçün nəzərdən keçirilməsi açıqlaması oldu. 1936-cı ildən qüvvədə olan Montrö Konvensiyasının müddəalarına görə, Qara dəniz və qeyri-Qara dəniz dövlətlərinin hərbi gəmilərinin Bosfor və Çanaqqala boğazlarından keçid rejimi əhəmiyyətli dərəcədə fərqlənir. Bundan başqa, ABŞ öz ordusunun Polşa və Rumıniyada yerləşən raket sistemlərinin yoxlanılması ehtimalını da səsləndirmişdi. Bu barədə “The Wall Street Journal” (WSJ) Ağ Evdəki məlumatlı mənbələrə istinadən yazmışdı. Hərçənd, raket əleyhinə müdafiə sistemi İranın Avropanı təhdid edə biləcək raketlərinə qarşı durmaq üçün nəzərdə tutulub. Amma Avropa və Qara dəniz hövzəsinin İrana hansı bağlılığı ola bilər? Aydın görünür ki, ABŞ bu bəhanə ilə Qara dənizdə qalıcı olmağın yollarını axtarır və Rusiya müdaxiləsi də Ukraynanı qorumaq adı altında ideal bəhanə kimi çıxış edə bilər.
ABŞ ilə Rusiyanın pərdəarxası oyunları məlumdur. ABŞ Çinə qarşı planladığı qarşıdurmada Rusiyanı yanında istəyir. Vaşinqtonun mütləq Qara dənizdə qalıcılığını təmin etməsi ilə əsas hədəfinin Rusiyaya yox, Türkiyə qarşı yönəlməsi daha məntiqlidir. ABŞ-ın Ankara səfiri Cef Fleykin türcə son açıqlaması da bu ehtimalı təsidqləyə bilər. Səfir Akaranın önəmini “Türkiyə əvəzolunmaz müttəfiqdir, NATO-ya möhkəm sadiqdir və daim dəyişkən bir bölgədə mühüm tərəfdaşdır. ABŞ və Türkiyənin qlobal sülh və təhlükəsizliyə ən ciddi təhdidlərə qarşı birlikdə dayanması bizim milli maraqlarımıza uyğundur” sözləri ilə ifadə edib.
Bu ifadələri nəzərə alsaq, üstəlik ABŞ-ın “qlobal sülh və təhlükəsizliyə ən ciddi təhdidi”nin Çin olduğunu təxmin etsək güman edə bilərik ki, Vaşqintonun “Türkiyə sevgisi” Çinin “Bir Qurşaq Bir Yol” adlı Yeni İpək Yolu layihəsinin Aralıq dənizi üzərində keçən hissəsinin “üstündə lövbər salmağa hesablanıb. Üstəlik, Vaşqinton “15 Temmuzu” təkrarlamaqdan da imtina etməz.
Türkiyənin yan-yörəsini Rumıniyada, Bolqarıstanda, Yunanıstanda hərbi bazalarla çevrələməsi, həmçinin Ukrayna-Rusiya münaqişəsi bəhanəsi ilə Qara dənizdə də qalıcı olması üçün qaydaları dəyişdirmək cəhdi Rusiyaya yox, Türkiyəyə qarşı yönəlib. Türkiyə də bunun fərqindədir ki, ciddi-cəhdlə Kiyev və Moskvanı bir araya gətirməyə, vəziyyəti yumşaltmağa çalışır.
Bir tərəfdən də Moskva Krım yarımadasını ilhaq edəndən bəri Qara dənizdə Rusiya donanması üstün durumdadır. Üstəlik, Qara dəniz sahilindəki Odessa, Nikolayev, Xerson şəhərlərinə iddialarını səsləndirərək, eləcə də Rusiya ilə Ukrayna arasında yerləşən Azov dənizinə Ukraynanın çıxışını məhdudlaşdırmağa çalışaraq Ukraynanı “dalan” vəziyyətinə salmağa çalışır. Xatırlayırsınızsa, Co Baydenin “Rusiya Ukraynaya az müdaxilə edərsə az sanksiya, çox müdaxilə edərsə çox sanksiyaya məruz qalacaq” ifadəsindəki az müdaxilə Moskvanın Ukraynanın dənizə son çıxışlarını ələ keçirməsini nəzərdə tuturdu.
Beləliklə, Bayden bir tərəfdən Kremli Ukraynaya müdaxilə üçün “şirnikləndirir”, digər tərəfdən bu insidenti Türkiyəni Qara dənizdə də mühasirəyə almaq üçün istifadə etmək istəyir. Türkiyə isə necə deyərlər, “əlini çevik tutmalıdır”, Qara dənizin nə sahil, nə də Avropa ölkəsi olmayan ABŞ-ın hövzəsinə çevrilməsinə imkan verməməlidir. Sözsüz ki, ABŞ-ın bu hövzədə möhkəmlənmək niyyəti altında Avropanı da birdəfəlik mühasirəyə salmaq da var.
Bundan başqa, son zamanlar Qara dənizdə enerji yataqlarının mövcudluğu barədə xəbərləri də nəzə alsaq, Vaşinqtonun Suriyada neft ehtiyatlarına çökdüyü kimi, bu su hövzəsində də xəbər verilən, bəlkə də xəbər verildiyindən daha çox olan qaz yataqlarına çökmə istəyi ola bilərmi?
araz.az xəbər portalı.
araz.az xəbər portalı.