Yenixeber.org: Ukrayna ətrafında davam edən gərginlik fonunda sosial şəbəkələrdə belə bir fikir dolaşmağa başlayıb ki, ABŞ qəsdən Rusiyanı Ukraynaya müdaxiləyə təhrik edir və bununla Rusiyanı tələyə salıb, iqtisadi cəhətdən çökdürmək istəyir.
İlk baxışda bu fikir məntiqli görünə bilər. Zatən tarix də belə nümunədən xali deyil. 1980-ci illərin birinci yarısında ABŞ-ın BMT-dəki daimi nümayəndəsi olmuş Cin Kirkpatrikin məşhur “Ruslar bizimlə şahmat, biz onlarla monopoliya oynayırıq, məsələ belədir ki, biz onları müflis edənə qədər onlar bizə mat verəcəklərmi?” sözləri həmin siyasətin obrazlı ifadəsi idi.
Əfqanıstan müharibəsi bu siyasətin ən uğurlu nümunəsi oldu. ABŞ “Siklon əməliyyatı” çərçivəsində Əfqanıstan mücahidlərinin silahlanmasını və sovetpərəst hökumətə qarşı mübarizəsini təşkil etməklə, Moskvanın bu ölkəyə müdaxiləsi ehtimalını artırmağa çalışırdı.
O zaman prezident Karterin milli təhlükəsizlik üzrə müşaviri olmuş Zbiqnev Bjezinski sonralar deyirdi: “Biz rusları məcbur etmirdik, amma onların müdaxilə ehtimalını bilərəkdən artırırdıq. Məxfi əməliyyat əla ideya idi. Onun nəticəsi SSRİ-ni əfqan tələsinə salmaq oldu”.
“Monopoliya oynamağın” daha bir nümunəsi 1983-cü il martın 23-də prezident Ronald Reyqanın elan etdiyi və Strateji müdafiə təşəbbüsü (Strategic Defense İnitiative – SDİ) adını alan proqram sayılır. Həmin proqramın məqsədi kosmosda yerləşdirilən sistemlər vasitəsilə ABŞ-ı SSRİ-nin nüvə başlığı daşıyan ballistik raketlərindən qorumaq idi.
Həmin dövrdə ABŞ və SSRİ bir-birini dəfələrlə məhv etməyə bəs edəcək sayda nüvə silahı potensialına malik idilər. Tanınmış astronom Karl Saqan bu vəziyyəti belə izah edirdi: “İki nəfər dizə qədər benzinin içindədirlər, birinin üç, digərinin beş kibriti var”.
Belə vəziyyət Mutually Assured Destruction (MAD – qarşılıqlı təminatlı məhv) deyilən paritet vəziyyətin yaranmasına gətirib çıxarmışdı. Bu, o demək idi ki, birinci zərbə endirərək üstünlüyə və qələbəyə nail olmağa ümid bəsləmək mənasızdır. Dolayısı ilə MAD tərəflərdən hər hansı birini nüvə silahını tətbiq etməkdən çəkindirən faktor idi (hərçənd, MAD tərəflərə nüvə başlığı daşıyan yeni raketlərin istehsalına mane olmurdu).
İndi ABŞ-ın SDİ proqramı onu “benzin”dən kənara çəkirdi. Əgər belə bir müdafiə sistemi yaradılardısa, MAD, paritet – hamısı pozulurdu və ABŞ cavab zərbəsindən çəkinmədən birinci zərbə endirə bilərdi. Vəziyyətdən çıxış yolu pariteti yenidən bərpa etməkdən ibarət idi, bunun üçün də SSRİ özünün kosmik müdafiəsinə nail olmalı idi. Bu yöndə tədqiqatların aparılması belə öz növbəsində olduqca böyük həcmdə vəsait tələb edirdi.
Hərçənd, qeyd etmək lazımdır ki, SDİ məsələsinə baxışlar haçalanır. Bu təşəbbüsün əvvəldən yalan olduğunu və SSRİ-ni öhdəsindən gələ bilməyəcəyi xərclərə təhrik etmək üçün ortaya atıldığını düşünənlərlə yanaşı, Reyqan administrasiyasının həqiqətən də belə bir “çətir” yaratmaq istədiyinə inananlar da az deyil.
SSRİ-nin çökməsində hərbi xərclərin rolu şübhəsizdir. Dediyim kimi, hərbi-sənaye kompleksi Amerikanı dəfələrlə məhv etmək imkanı verən arsenala malik olmasına baxmayaraq, yenə də raketlər istehsal etməkdə davam edirdi. Eyni şeyi başqa silahlar, məsələn, tanklar barədə demək olar. 1990-cı il yanvarın 1-i üçün olan məlumata görə, SSRİ-də 63 900 kimi ağlagəlməz miqdarda tank vardı.
1988-ci ildə SSRİ-də elmi-tədqiqat və təcrübə-konstruktor işləri üçün ayrılan vəsaitin 75 faizi hərbi məqsədlər üçün xərclənirdi. Xərclərdən əlavə, hərbi-sənaye kompleksi SSRİ-nin alimlərini, ixtisaslı kadrlarını, ən keyfiyyətli xammal və avadanlıqları özünə çəkirdi. Nasist Almaniyasının hücumu zamanı irəli sürülən “Hər şey cəbhə üçün, hər şey qələbə üçün” şüarı sanki dövlətin sonuna qədər aktual oldu.
Bununla belə, SSRİ-nin çöküşünü təkcə hərbi xərclərlə izah etmək olmaz. Burada sovet iqtisadi sisteminin başqa qüsurları, eləcə də idarəetmədə buraxılan nöqsanlar ciddi rol oynadı və hərbi xərclərlə üst-üstə düşərək, kollapsa apardı. Amma bütün bunlar başqa mövzudur.
Bizim indi araşdırmaq istədiyimiz məqalənin əvvəlində xatırlatdığımız iddianın həqiqətə nə qədər uyğun olmasıdır. Tarixlə bu analogiya nə qədər doğrudur? Həqiqətənmi ABŞ SSRİ ilə etdiyini indi Rusiya ilə etmək istəyir və Ukraynaya müdaxiləyə təhrik edir?
Bu iddialar mənə inandırıcı gəlmir. Əvvəla, Ukrayna Avropadır və nə qədər sinik görünsə də, Asiya, Afrikada aparılan proksi müharibələrin Avropada təkrar etmək istəniləcəyi ağlabatan deyil.
Digər tərəfdən, elə haqqında danışdığımız Əfqanıstan təcrübəsi göstərir ki, belə hallarda başqa fəsadların ortaya çıxa biləcəyini nəzərə almaq lazımdır.
Ən əsası isə bu gün ABŞ Rusiyanı özünün əsas rəqibi kimi görmür. Vaşinqton üçün əsas rəqib Çindir və Rusiyanın çökəcəyi halda karlı çıxanın Çin olacağını anlayır. Rusiyada da bunu bilirlər və bu qədər avantürist davranmalarının səbəblərindən biri də budur.
Yadigar Sadıqlı
araz.az xəbər portalı.