“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ukraynaya baş tutacaq səfəri hesab etmək olar ki, dünyanın təhlükəsizliyinə Rusiya-NATO qarşıdurması fonunda baş verə biləcək gərginlik mühitində baş tutur. Bu səfərdən gözləntilərin böyük olduğu gerçəkliyi ilə razılaşan və razılaşmayan dairələr olsa da, hesab edirəm ki, ən azı gərginliyin azaldılması üçün addımların atılacağı şübhəsizdir”.
araz.az xəbər verir ki , bu sözləri Editor.az-a açıqlamasında politoloq Azər Qasımov deyib.
Siyasi analitikin sözlərinə görə Ərdoğanın Rusiya və Ukrayna prezidentləri ilə olan ikili münasibətlərin də normal olduğunu nəzərə alsaq, bu səfərdən gözləntilərin artığı qənaətinə gəlmək olar:
“Türkiyənin Ukrayna ilə strateji məhsulların mübadiləsi sahəsində əməkdaşlığı onların qarşılıqlı münasibətlərini formalaşdırır. Səfərdən gözləntilər ətraf region ölkələri üçün daha çox əhəmiyyət kəsb edir, çünki gərginlik halında əziyyət çəkən bu ölkələrin olacağı qaçılmazdır. Səfərin nəticəsinin müsbət olacağı tərəflərin hər birinin marağında olduğu üçün bir-birilərinə qarşı addımlar atılacağı qənaətindəyəm. Tərəflərin heç biri müharibə istəmir. Gərginlikdə maraqlı dairələr süni şəkildə vəziyyəti gərginləşdirməyə cəhd etsələr də normal təfəkkürün qalıb gələcəyi qarşılıqlı tərəflərin marağındadır. Türkiyə Prezidentinin Putin və Zelenskinin görüşünün təşkil etməsi onların arasında olan anlaşılmazlıqların aradan qaldırılmasına kömək edə bilər. Amma prinsipial məsələlər vardır ki, burda razılıq əldə edilməsi mümkün görünmür. Bura Krım, separatçı ərazilər daxil, Ukraynanın NATO-ya daxil olmaq istəyinə kimi prinsipial məsələlər aiddir.
Bu məsələlər tərəflər üçün həll edilmiş məsələ hesab edilir və geri çəkilmə mümkün görünmür. Belə ki, Rusiya Krım və separatçı ərazilərdən əl çəkməyəcəyi kimi Ukrayna da NATO-ya daxil olmaq istəyindən əl çəkməyəcək. Odur ki, burda tərəflər arasında vasitəçilik missiyanın ancaq gərginliyin azaldılması və qeyri-müəyyən vaxta kimi bu məsələlərin uzadılması xarakteri daşıması təəssüf doğurucu haldır. Tərəflərin bu şərtlərlə heç bir razılıq əldə etməsı mümkün görünmür. Hörmətli Ərdoğanın Ukraynaya səfərindən ancaq onun intellektinə və dərin siyasi dühasına ümid edilən addımlar gözləmək olar ki, bu addımların nə oldiğuna da ancaq hadisələrin gedişində şahid ola bilərik”.
//Gülnarə ABBASOVA , Editor.az
araz.az xəbər portalı.