Bağlanan bəzi lombardların üzə çıxmayan sahibləri həm oraya qoyulan vətəndaş əmanətlərini, həm də qızıllarını yeyirlər
Bu sahə tam nəzarətsizdir deyə, yeni Qanun mütləq qəbul olunmalıdır
“Lombardlar haqqında” qanun layihəsi parlamentin payız sessiyasının gündəliyinə daxil edilsə də, müzakirəyə çıxarılmadı. Bu barədə araz.az-a daxil olan məlumatda bildirilir ki, layihə yenidən Milli Məclisin yaz sessiyasının planına salınıb, ancaq, hələ də geniş müzakirəyə çıxarılmayıb. Bir neçə il əvvəl Maliyyə Bazarlarına Nəzarət Palatasında hazırlanan Qanun layihəsinin qəbulu xeyli vaxtdı yubanır. Tanınmış hüquqşünas Əkrəm Həsənov bunu bir neçə səbəblə izah edib:
“Əvvəla, bu layihəni vaxtilə Maliyyə Bazarlarına Nəzarət Palatası hazırlamışdı. Sonra onun səlahiyyətləri Mərkəzi Banka keçdi. O da, bir növ bu qanunun arxasınca getmədi. İkinci tərəfdən, lombard sahiblərinin yaxşı lobbisi var. Onlar bu Qanunun qəbul olunmasına mane olurlar. Azərbaycanda lombardlar təsəvvür etməyəcəyimiz səviyyədə bir bəladırlar. İnsanların həyatına, ailəsinə qəsd edən qurumlara çevriliblər”.
Əkrəm Həsənov öz açıqlamasına onu da əlavə edib ki, qüvvədə olan qanunvericiliyə əsasən, bu gün lombardlar öz vəsaitləri hesabına vətəndaşlara kredit verməlidir. Ancaq lombard sahiblərinin öz pulu olmadığı üçün, digər vətəndaşlardan faiz qarşılığında borc alırlar:
“Onların Nizamnəmə kapitalına baxsanız, 5 – 10 manat, maksimum 200 manatdı. Öz pulları yoxdu deyə, digər vətəndaşlardan faizlə — aylıq 3 – 5 faizlə borca pul cəlb edirlər. Belə pul cəlb etməyin özü qanunsuz bank fəaliyyətidir. Qanunvericiliyə əsasən, bank fəaliyyəti ilə yalnız kredit təşkilatları məşğul ola bilərlər”.
Hüquqşünasın sözlərinə görə, Azərbaycanda lombardların ən geniş yayıldığı ərazi Bakının Pirallahı qəsəbəsidir. Orada çox böyük qanunsuzluqların baş verdiyini deyən Əkrəm Həsənov, digər regionlardan, Pirallahıdakı lombardlara pullar yatırıldığını da bildirib: “Hətta 2019-cu ildə belə bir hadisə oldu. Pirallahıda bir lombard sahibi vətəndaşlardan faiz qarşılığında bir neçə milyon pul yığıb. Sonra bunun şərikləri əmələ gəlib, pulları əlindən alıblar. Nəticədə, vəsaitləri sahiblərinə qaytara bilməyib və 2019-cu ilin iyul ayının 31-də özünü öldürüb. Ölməmişdən əvvəl isə, bir kağız yazıb: “Günahkar mənim şəriklərimdir!”. Nəticədə, insanların həmin lombardda milyonlarla vəsaiti batıb. Şikayətlər də olur, ancaq onlara heç nə etmirlər, cinayət işi açmırlar. Lombardların fəaliyyətində xeyli problemlər olduğu üçün, onların lobbisi yeni layihənin qəbul olunmasına imkan vermirlər”.
Bu yerdə onu da qeyd edək ki, lombardlar əsasən qızıl-zinət əşyalarıni girov götürərək, vətəndaşlara kiçik məbləğli kreditlər verirlər. Elə, hüquqşünas da, bu barədə onu deyib ki, çox vaxt həmin qızıllar yığılanda eyniləşdirilmir. Nəticədə, gələcəkdə dəyişik düşə bilir: “Lombardların bəziləri isə, bir müddət fəaliyyət göstərdikdən sonra bağlanır və sahibləri üzə çıxmırlar. Bununla, onlar həm əmanətləri yeyirlər, həm də oraya qoyulan qızılları. Bir sözlə, bu sahə tam nəzarətsizdir. Ona görə də, yeni qanun mütləq qəbul olunmalıdir”.
Əkrəm Həsənovun fikrincə, lombarda girov kimi qoyulan əşyaların sığortalanmasının mümkünlüyü inandırıcı görünmür. Ancaq yeni qanun layihəsində, lombardların bank olmayan kredit təşkilatlarına bərabər tutulması, onların lisenziyalaşdırılması nəzərdə tutulub. Məhz bununla onların fəaliyyətinə nəzarət oluna bilər.
Rəşad CƏFƏRLİ,
araz.az xəbər portalının xüsusi müxbiri.
araz.az xəbər portalı.