WhatsApp Image 2022 02 03 at 01.50.56Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsinin sabiq müdiri Elton Məmmədov barəsində, Akademiyanın Rəyasət Heyəti Aparatının Hüquq şöbəsinin müdiri Kamal Əliyev tərəfindən xüsusi ittiham qaydasında verilən şikayət əsasında olacaq məhkəmə iclasını çoxları səbrsizliklə gözləyirdi. Nəhayət, ictimai maraq dairəsində olan həmin məhkəmənin ilk iclası dünən saat 14:30-a təyin olundu. Lakin…
…Qeyd edək ki, Səbail Rayon Məhkəməsinə müraciət edən AMEA-nın şöbə müdiri Kamal Əliyev öz şikayətində, keçmiş iş yoldaşının — sabiq idarə müdiri Elton Məmmədovun Cinayət Məcəlləsinin 147.2-ci (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə ittiham olunmasını tələb edib. Çoxlarının xüsusi maraq dairəsində olan bu məhkəmə prosesinin dünənə təyin edilən ilk iclasına Elton Məmmədovun gəlməməsi səbəbindən, proses öz gözlənilən təsirini bağışlamayıb. Çoxları tərəfindən verilən: “Bəs, nədən, ittiham olunanın özü məhkəməyə gəlmədi?!” — sualına cavabı isə, Elton Məmmədovun özü, barəsində xüsusi ittiham qaydasında verilmiş şikayətlə bağlı ölkə mətbuatına danışarkən verib: “14:30-a məhkəmə iclası təyin olunmuşdu. 14:00-da isə, imtahanım var idi. 20 tələbənin imtahanını, bir dələduzun güdazına verə bilməzdim”. 
Elton Məmmədov mətbuata bu dəfəki açıqlamasında da, bir daha, onu xüsusi vurğulayıb ki, barəsində qaldırılan ittihamlar Ramiz Mehdiyevin diqtəsi ilə həyata keçirilir. Onun sözlərinə görə, ara və baş qatmaq, məhkəmə prosesində zaman udmaq, Elton Məmmədovu qıcıqlandırmaq Ramiz Mehdiyevin diqtəsi ilə oturub-duranların əsas işlərinə çevrilib: “Onlar mənə qarşı kompramat yığmaqla məşğuldurlar. Mən ömrüboyu ən savadsız fəhləni belə təhqir etməmişəm. Mən hansı sözü demişəmsə, bu gün də arxasındayam. İndi deyir ki, guya, mən, “Youtube” da onu təhqir etmişəm. Mən həyatı boyu “Yotube” işlətməmişəm. O kanalda bir Azərbaycan vətəndaşının övladının başına gətirilənlər haqqında ictimailəşən məsələyə demokratik ölkənin üzvü kimi münasibət bildirmişəm. “Qığılcım çıxmayan yerdən, od çıxarmaq” istəyirlərsə, ona nail ola bilməzlər. Biz ədalətli cəmiyyətdə yaşayırıq”.
Elton Məmmədovun sözlərinə görə, Ramiz Mehdiyevin fəaliyyətinin 3 illik dövründə vurduğu ziyan milyardlarla ölçülən cinayətkar addımlardır: “Cinayətkar təkcə o deyil ki, gedib, adam öldürəsən və məsuliyyətə cəlb olunasan. Mən bu gün ora vəzifəyə gəlsəm də, gəlməsəm də olar. Gəlməsəm də, heç nə uduzmuram. Kamal Əliyevə həmişə: “Siz” və ya, “Müəllim” — deyə, müraciət etmişəm. İşlətdiyim fikir, kütləvi informasiya vasitələrində ictimailəşən cinayətkar dəstə ilə bağlı, onun, Kamal Əliyevin də adının hallandırılması olub. Bu da, istintaq predmeti olaraq araşdırılır. Kamal Əliyev AMEA-ya hansı yolla gəlibsə, onu da yaxşı bilirəm. Onu ora gətirən Ramiz Mehdiyevin birbaşa qohumu və yerlisidir. Hansı ki, bu adamlar elmin korlanmsına xidmət edirlər. Bu yerdə, Azərbaycan ziyalı cəmiyyətinin adından bir daha deyirəm: “Ramiz Mehdiyev cinayətkardır!!!”.
Elton Məmmədov Azərbaycana məhkəmə sistemində aparılan islahatlara inandığını da dilə gətirib: “Ədalət mühakiməsinin qərarına da güvənirəm. Hesab edirəm ki, haqq, ədalət Ramiz Mehdiyevin hökmü deyil, hökmü oxuyan ədalət mühakiməsinin başında duran hakimdir. Xanım və ya kişi olsun, fərq etməz. Yetər ki, onlar Böyük Allahdan qorxub, ədalətli, qanun çərçivəsində hər hansı müracət edən vətəndaşa əsl ədalət nümayiş etdirsin. Günahım varsa, cəzamı çəkməyə hazıram! Amma ədalət mənim tərəfimdədirsə, tələbimdən və iddiamdan əl çəkməyəcəyəm; Tələbim yerimə bərpa olunmaq və birinci instansiya qərarını qüvvədə saxlamaqdan ibarətdir”.

Səməndər QURBANOV,
araz.az xəbər portalının xüsusi müxbiri.

araz.az xəbər portalı.