Ötən həftənin qalmaqallı olaylarından biri də redaksiyamızın Cənub bölgəsi üzrə xüsusi müxbiri Rəşad Əkbəroğluna və onun ailəsinə qarşı yaşadığı rayonda üzləşdiyi haqsızlıq olmuşdur. Hadisə barədə ilk öncə redaksiyaya məlumat verən əməkdaşımız bildirib ki, həyat yoldaşının işlədiyi və uşaqlarının oxuduğu Akademik Zərifə xanım Əliyeva adına Cəlilabad şəhər 7 saylı tam orta məktəbdə direktor Səidə Şükürova vəzifə səlahiyyətlərini aşaraq etik normalardan kənara çıxmış, Rəşad Süleymanovun həyat yoldaşını özünü öldürmə həddinə çatdırmış, Rəşadın məktəbin soyuq olması ilə bağlı feysbuk səhifəsində paylaşımına görə ailəsini və azyaşlı uşaqlarını təzyiqə məruz qoymuşdur. Nəticədə həyat yoldaşı məktəb direktoru Səidə Şükürovanın kollektivi ona qarşı qaldırılmasını görüb böyük həyəcan keçirmiş, dərman içərək özünə qəsd etməyə cəhd etmiş, nəticədə huşunu itirmiş, bir neçə saat xəstəxanada ölümlə üz-üzə qalmış, həkimlərin səyi nəticəsində ölümdən qurtulmuşdur.
Bu məlumatlardan sonra redaksiyamız tərəfindən Zərifə xanım Əliyevanın adını daşıyan 7 saylı saylı orta məktəbin direktoru ilə əlaqə yaratmağa, təfərrüatları araşdırmağa çalışsaq da, buna nail ola bilməmişik. Baş verənlər barədə ilk öncə Təhsil Nazirliyinə, Baş Prokurorluğa məlumat verilmiş, media nümayəndəsinə və ailəsinə qarşı onun peşə fəaliyyətinə təzyiq göstərən məktəb direktorunun qanunazidd hərəkətlərinə hüquqi qiymət verilməsi xahiş edilmişdir. Əldə etdiyimiz məlumata görə, Cəlilabad Rayon İcra Hakimiyyətinin Başçısı Rafiq Cəlilov dərhal əməkdaşımızı və ailəsini qəbul etmiş, baş verənləri araşdıraraq tədbir görüləcəyini bildirmişdir. Ancaq rayon prokurorluğunun, Təhsil Nazirliyinin və digər orqanların bu günədək fəaliyyətindəki sükut diqqətimizdən yayınmayıb. Əslində əməkdaşımızın Səidə Şükürova barəsindəki səsləndirdiyi faktlar ən azı Təhsil Nazirliyini hərəkətə keçirməli, baş verənlərlə bağlı araşdırılma aparmalıydı. Görəsən onlara mane olan nədir və dövlət vətəndaşını məmurdan, ədalətsizlikdən, haqsızlıqdan niyə qoruya bilmir?
Məsələ artıq sosial şəbəkələrdə geniş müzakirəyə çevrildikcə, çevrədə baş verənlərin gizli nüansları üzə çıxır. Sən demə, Rəşad Əkbəroğlunun məktəb direktoru Səidə Şükürova qısa müddətdəki rəhbərliyi dövründə qaranlıq yollarla əldə etdiyi gəlirlərdən və məktəbdə ölkə rəhbərinin kitablarına görə müəllimlərə məcburi satışınından Rəşadın yazdığına görə qisas alırmış. Rəşadın məktəbdə işləyən həyat yoldaşına və uşaqlarına qarşı kollektivi qaldırması Səidə Şükürovanın direktorluq fəaliyyətinin iyrənc əməllərə söykəndiyindən xəbər verir. Əslində Səidə Şükürova nəyə və necə nail olmasını söykəndiyi “mafiya babaları”ndan əldə edir, -desək, yanılmarıq.
Bu qaranlıqları işığa çıxartmaq isə bizim növbəti yazımızda.
Füzuli ƏFQANOĞLU,
“HAKİMİYYƏT” qəzetinin Baş redaktoru
araz.az xəbər portalı.