Alovsat Agalarov 1Yeddinci sinifdə oxuyurdum, məktəbdə bir az ədalı, özündənrazı, amma çox yaxşı oxuyan bir qızla aradabir sözləşirdik. Mən də babat oxuyurdum, bəlkə də ona görə bir-birimizlə rəqabət hissi azacıq həddini aşırdı, fənlərlə bağlı sual-cavablarda hansımız uduzurduqsa, cığallıq, bəzən də az qala əlbəyaxa uşaq davasına qədər emosiyalar coşurdu. Amma şükür ki, söz davasıyla qurtarırdıq. Eyni zamanda bəzən günlərlə küsülü qalırdıq. Sinif yoldaşlarım və bəzi müəllimlər də bunu bilirdi.

Bir gün dərsdən çıxıb evə gedəndə yolda indi böyük ədalətsizliklə qarşılaşmış, deyərdim ki, şəxsən tanıdığım, uzun illər dost-yoldaş olduğum adamların ən ədalətlisi Eldar (2020-ci il avqustun 13-dən həbsdə olan general-leytenant, fövqəladə və səlahiyyətli səfir Eldar Həsənov – Novator.az) məni uşaqlardan araladı və dedi ki, qardaş, sənə sözüm var: o qızla çox mübahisəyə getmə, axırı dalaşacaqsınız və günah da sənin üstündə qalacaq.

Dedim niyə, görmürsüz necə cığal və davakündür?

İbrətamiz bir söz dedi. Bilmirdim haradansa oxumuşdu, eşitmişdi və yaxud öz ağlının məhsuluydu: “Qızla, qadınla dava edən oğlan, ya kişi həmişə məğlub olur”.

Dedim, ayə, bəsdir də, necə məğlub oluram ki, çox vaxt mən onu uduram. Yəni o mənim suallarımın bir neçəsinə cavab verə bilmir.

Dediyi sözlər indiki kimi yadımdadır: “Qalib olsan, deyəcəklər ki, buna bax, qız uşağına qalib gəldi, uduzsan da deyəcəklər ayıb olsun, qız uşağına uduzdu…”

İsti-isti tam anlamadım, axşam evdə dədəmdən soruşdum ki, niyə belə ədalətsiz dünyada yaşayırıq? Kişilər qadınlara qalib gəlir, deyirlər uduzdu.

Dedi, oğul, qadınlar həmişə qalibdirlər, çünki hamını dünyaya gətirən qadınlardır, analardır. Heç bir oğul istəməz ki, anasına qalib gəlsin…

Bu əhvalatı tez-tez xatırlayıram, xüsusən də qadınlarla mübahisəyə girişəndə.

İndi mətbuatın cəmiyyətdə tanınmasında rol oynamış adamlar qayıdıb mətbuatın üzünə ağ olanda bunu bir daha yada saldım.

Bir deputatın birdən-birə neçə-neçə tanınmış, professional jurnalisti ağır dövləti ittihamda suçlaması, deputat leksikonuna uyğun olmayan kəlmələrlə aşağılaması yolverilməzdir.

Mətbuat olmasa, məmurları, ictimai-siyasi xadimləri cəmiyyətdə çox az adam tanıyar. Təbii ki, bu münasibətlər qarşılıqlı hörmət-izzət çərçivəsində olmalıdır. Yəni heç bir peşə sahibi, məmur, jurnalist ədəb-ərkanı, milli dəyərləri aşmamalıdır.

Axşam sosial şəbəkədə rastıma çıxan bir qeyd məni də həmkarlarım qədər məyus etdi. Əvvəlcə Milli Məclisin deputatı Cavanşir Feyziyevin təkzib əvəzi bir yazısını oxudum və saytları aradım, əvvəlki yazısını tapdım. Çox pərişan oldum. Mən hər iki tərəfin, belə desək, nümayəndəsi kimi sarsıldım.

Bir vaxtlar Milli Məclisin üzvü olmuşam, amma əsas peşəm jurnalistlikdir. Zamanında Leninqrad Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişəm və indiyədək jurnalistika sahəsində çalışıram.

Deputat, məmur bilməlidir ki, bunlar müəyyən dövr üçündür, bu gün sənsən, sabah başqa birisi. Amma jurnalist peşəsi ömürlükdür. Heç bir məmur, heç bir deputat jurnalistə qalib gələ bilməyib və gələ də bilməz. Çünki jurnalist vəzifə deyil, sənətdir, ömürlük peşədir.

Zamanında bir çox deputat və məmur ölkənin tanınmış mətbuat nümayəndələrinə qarşı dava açırdı, indi baxıram o deputatın və ya məmurun adı heç bir dəftərdə yoxdur, amma həmin mətbuat işçiləri bu gün də öz sənətini ləyaqətlə davam etdirirlər.

Əlbəttə, mən qələminə xəyanət edən jurnalistləri müdafiə etməkdən uzağam, qələm ləkə götürməz! Və götürməməlidir. Söhbət əsl jurnalistlərdən gedir.

Hesab edirəm ki, bu qovğa həmişə mətbuatın xeyrinə bitəcək, hətta hansısa vəzifə sahibi müəyyən üsullarla müəyyən dövrdə jurnalistə qalib gələcəksə, bu, onun qələbəsi yox, məğlubiyyətidir.

İndiki halda Cavanşir Feyziyev təhqir etdiyi, ağır dövləti cinayətdə suçladığı jurnalistlərin hər birindən ayrı-ayrılıqda üzr istəməlidir. Hesab edirəm ki, həmkarlarım səmimi üzrxahlıqdan sonra müəyyən qədər bağışlamağı bacararlar. Onların çoxunu yaxşı tanıyıram – prinsipial, mərd, obyektiv və ən əsası da dövlətinə, millətinə sədaqətli! Dostum Əvəz Zeynallı, Bahəddin Həziyev, Ləman Ələşrəfqızı, Zaur Qəriboğlu… Cavanşir Feyziyev bütöv bir professional orduya qarşı gedəndə düşünməliydi ki, bu ordunun da öz silahı var! Qələm, klaviatura, efir… və rəhmətlik böyük ustad Məmməd Aslanın təbirincə desək, əlahəzrət söz!

Əlövsət AĞALAROV,
Əməkdar jurnalist.


Redaksiyadan: Cavanşir Feyziyev 2010, 2015 və 2020-ci illərin parlament seçkilərində 115 saylı Şəki kənd ikinci seçki dairəsindən mandat alıb. Əczaçılıq məhsullarının idxalı ilə məşğul olan “Avromed” şirkətinin qurucusudur.

2021-ci il noyabrın 2-də Böyük Britaniyanın bank hesablarında Cavanşir Feyziyevin ailə üzlərinin 15,3 milyon funt sterlinq vəsaiti aşkarlanıb, ölkənin Milli Cinayət Agentliyi həmin vəsaitin Böyük Britaniyaya qanunsuz yolla gətirildiyini iddia edib. 2022-ci il yanvarın 31-də Böyük Britaniya paytaxtı Londonda ilkin məhkəmə 15,3 milyon funt-sterlinqin 5,6 milyonunun müsadirəsinə qərar verib. Cavanşir Feyziyev bu barədə məlumat, şərh və açıqlamalar yayan bir çox jurnalistə qarşı sərt ifadələr işlətdiyi üçün qalmaqal yaranıb.

araz.az xəbər portalı.