WhatsApp Image 2022 02 10 at 14.16.21

Doğrudan da, belədir!

Ortada, adını yuxarıda çəkdiyimiz Qasım Cavadovun, öz adına olan “GOOD AIR ENGINEERING CO LTD” şirkəti vasitəsilə, eləcə də ədliyyə naziri Fikrət Məmmədovun qardaşı oğlu Seymur Məmmədovun adından sui-istifadə etməklə mənimsədiyi 80000 manatlıq dələduzluq faktı var. Törədilən bu dələduzluq əməlinin tam təfərrüatı ilə açılması isə ona işarədir ki, Qasım Cavadov əvvəlcədən tanıdığı iş adamı Şahin Dadaşovun göstərilən məbləğdə pulunu aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirə bilib.
Bəs, bu addan qorxub-cəkinmədən sui-istifadə edən Qasım Cavadov kimdir və iş adamının böyük məbləğdə bu pulu onun əlinə necə düşüb?!
Hədsiz narahatlıq doğuran bu sualın cavabı olaraq, öncə onu bildiririk ki, dələduz “toruna düşən” Şahin Dadaşov xeyli vaxtdır bizneslə məşğul olur. Öz bacarığı hesabına halal qazancını əldə etmək üçün, biznesini qura bilib. İndiyədək, dolanışıq sarıdan şikayəti olmayıb, əldə etdiklərinə görə, başımız üstündəki Ulu Tanrıya duaçı olub həmişə. Başına qovğalı belə bir iş gəlməyib də. Elə, buna görədir ki, keçirdiyi bu hədsiz narahatlıqlara görə, ona təsəlli verməyə gələn doğma, yaxın, dost və tanışlarının sayı da çox olur. Qasım Cavadovun başına gətirdikləri barədə, onlara da, ətraflı danışır: “Məni Qasım Cavadovla bir yaxınım tanış edib. Daha doğrusu, onunla, bir mühasib kimi, üç aydan bir — kvartal, eləcə də illik maliyyə hesabatlarımı aidiyyatı dövlət qurumlarına hazırlayıb, verməsi üçün əlaqə qurmuşam. Bu hadisədən sonra, həmin yaxınım da, cox təəssüflənir ki, belə birisini, mənimlə tanış edib. Qasım, onun da, kvartal və illik hesabatlarını hazırlayan mühasibi olub. Məhz bu işlərinə görə, biz, ona inanmışıq.WhatsApp Image 2022 02 10 at 14.06.18
Bir gün, həmin yaxınım da ofisdə olarkən, həyata keçirdiyim bir biznes işimlə bağlı, aramızda söhbətimiz oldu. Bildirdim ki, əlimdə olan yüksək gərginlikli transformatorların 80 min manatlıq detallarını, ölkənin elektroenergetika sisteminin fəaliyyətini təmin etməklə, elektrik enerjisinin istehsalı və ötürülməsi işlərini həyata keçirən “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin nəzdindəki “Enerji Construction” MMC-yə satmışam. Həmin şirkət bu pulu bu günlərdə hesabıma köçürməlidir. Söhbətimizin bu yerində, xüsusi olaraq onu vurğuladı ki, iri məbləğli belə pul vəsaitlərinin adıma olan şirkət hesabına köçürülməsi daha yaxşı olardı. Bu söhbətimizə, onda ofisdə hesabat hazırlayan Qasım da qarışdı. Bildirdi ki, onun belə bir şirkəti var. İstəsək, şirkətini bizim adımıza da keçirə bilər, lakin bu proses xeyli vaxt aparar. Aramızdakı bu söhbət o həddə çatdı ki, sonda, elə, şirkətinin öz adında qalmasına və həmin 80 min manatın da, bu şirkətin hesabına köçürülməsini qərara aldıq. Belə bir razılığa da gəldik ki, bu məbləğin 18 faizi dövlət vergisinə ödənilsin, 60 min manatı mənə, yerdə qalan məbləğ isə, Qasıma çatsın.
Bu pul vəsaiti bir neçə gündən sonra, bu şirkətin hesabına köçürüldü. Elə, narahat günlərimiz də, bundan sonra başladı. Bir müddət aradan çıxan Qasımı tapmağımız mümkün olmadı. Məcburiyyətdən, evinə getməyə qərar verdik. Qonşularından evinin yerini soruşduq. Bildirdilər ki, o, çoxlarından qaçdığı üçün, evinə çox gec-gec gəlir. Elə, doğma və yaxınları da, qonşuların dediklərini təsdiqlədilər. Təəssüflə onu da bildirdilər ki, Qasımın belə işləri, onların “canlarını boğazlarına yığıb”…
…Məcburiyyətdən, polis vasitəsi ilə, onu bir neçə dəfə tapa bildik. Di gəl ki, indiyədək, bu pulu ondan ala bilmirik. Hər dəfə də, bir bəhanə ilə aradan çıxmağa nail olur. Belə bir bəhanə də ortaya atıb ki, guya, bu şirkət onun adına olsa da, əslində, onun sahibi ədliyyə nazirinin qardaşı oğlu Seymur Məmmədovdur. Guya, 80 min manat hesaba vurulan zaman, bu şirkətin adında çox sayda borca dair qəbz və qaimələr olub. Pul da, avtomatik olaraq, həmin borclara silinib. Qasımın dediklərinə baxmayaraq, biz, şirkətin hesabını da tam yoxlatdırmışıq. Lakin onun bu dedikləri də yalan çıxıb. Hesabı tər-təmizdir, borca dair heç bir ləkəsi yoxdur.
Başınızı nə ağrıdım, çox sonradan bilmişik ki, Qasım Cavadov dələdüzdur və vətəndaşları belə dələduzluq yolu ilə, çox aldadıb. Qasım bir mənim deyil, onların tələblərini də dinləmək istəmir, hətta hamını ədliyyə nazirinin və onun qardaşı oğlunun adlarından təhdid etməkdən belə çəkinmir.
Hazırda, polis tərəfindən axtarılan bu şəxsin, xoşagəlməz və bağışlanmaz bu əməli barədə verdiyim şikayət əsasında, iş təhqiqata göndərilir. İstəmirdik belə bir iş olsun. Özünuz deyin, tanış adamın bu məbləğdə pulunu aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirən, hər dəfə də: “Polis kimdir Seymurun yanında?!” — deyən bir şəxsi bağışlamaq olarmı?!.”.
…Bir mətbu orqan olaraq, bu kiçik yazı ilə, hüquq-mühafizə orqanlarının diqqətini, təəssüf və ikrah hissləri doğuran bu ciddi məsələyə cəlb etməyə çalışmışıq. Onu da qeyd edək ki, dələduzluqda ittiham olunan Qasım Cavadovun qanunsuz əməlləri barədə hər şey aydın olduğu üçün, bu mövzunu daim diqqətdə saxlayacağıq.WhatsApp Image 2022 02 10 at 14.06.19

Məhi ELSEVƏR,
araz.az xəbər portalının xüsusi müxbiri.

araz.az xəbər portalı.