Mirkazım Seyidov: “İşdən azad edildi, rahat gedib yığdığını yedi prinsipi olmasın”
Məlum olduğu kimi, Prezidentin sərəncamı ilə Bakı Nəqliyyat Agentliyinin səlahiyyətlərinin bir hissəsi Bakı Şəhər İcra Hakimiyyətinə, bir hissəsi isə Daxili İşlər Nazirliyinə verilib. Başqa sözlə desək, Vüsal Kərimli ona gösrərilən etimadı doğrultmadığı səbəbindən BNA, demək olar ki, tarixin arxivinə qovuşdu.
Sözügedən qurumun çox ciddi korrupsiya və özbaşınalıqları barədə ciddi ittihamlar səslənir. Hətta qurumun keçmiş rəhbərliyinin məsuliyyətə cəlb edilməsi tələb edilir. Şikayətçilər arasında bir çox tanınmış şəxslər də var. Azərbaycanın İstanbuldakı sabiq konsulu Xeyrəddin Qoca mediaya açıqlamasında bildirib ki, Bakı Nəqliyyat Ağentliyi yaranandan mətbuat orqanlarında dəfələrlə BNA-dan şikayətlər yazıb: “Yazmışam ki, agentliyin əməkdaşlarının məqsədi Bakı nəqliyyatında qayda-qanun yaratmaq yox, qaz vurub qazan doldurmaqdır! Həm də təkcə mən yox, bir sıra mətbuat orqanlarının əməkdaşları da Bakı Nəqliyyat Agentliyinin özbaşınalıqları haqda tənqidi yazılar dərc etmişlər. Hamı şikayətçidir. Sürücülər maşınlarını bir saniyə saxlayan kimi, haradansa peyda olub maşının şəklini çəkirlər, o dəqiqə də sürücünün telefonuna SMS gəlir ki, “siz filan nömrəli protokola görə 20 manat cərimə olunmusunuz”. Sürücülər də baş sındırırlar ki, axı, bu protokol nə vaxt, kim tərəfindən yazıldı? Şəxsən mən, hər gün olmasa da, iki gündən bir cərimə ödəməkdən yorulmuşam! Təqaüdümün yarıdan çoxu BNA-nın “yaşamasına” gedir! Bu agentliyin işçiləri nə qədərdir ki, hər yerdə var? Güman edirəm ki, onların çoxu ştatda olmayan küçə adamlarıdır! Ayda ciblərinə filan qədər pul qoyurlar ki, Bakıda və rayonlarda küçələrin hər metrinə nəzarət etsinlər! Onların əlindən göz açmaq mümkün deyil! Hətta yolları yarı bölüb, həmin xətlərə BUS yazıblar ki, hansı sürücü maşınını oradan sürsə, cərimə etsinlər! Əhaliyə belə xidmət göstərənsinizsə, bəs təcili yardım maşınları üçün niyə ayrıca yol ayırmırsınız? Çünki təcili yardım maşınlarının sürücülərindən pul qopara bilmirsiniz!
Bu günlərdə eşitdim ki, BNA-nı Bakı Şəhər İcra Hakimiyyətinin nəzdinə keçiriblər. Lap yaxşı ediblər! İndi görək BNA-nın əməkdaşları hansı yollarla camaatın cibinə girəcəklər!
Siz gedin, avtobus marşrutlarını müəyyənləşdirin! Sürücülərin tərbiyəsi ilə məşğul olun! İşə ləyaqətli sürücüləri qəbul edin! Harada tərbiyəsiz, yekəbaş, narkoman var, işə götürmüsünüz! Avtobusları “Jiquli” kimi sürürlər! Az qalır, balaca maşınların üstündən keçsinlər! Bir sözlə, çox həyasızlıq edirlər! Sərnişinlərə pul kimi baxırlar, onları kartof-soğan kimi daşıyırlar! Biri o birindən qabağa keçməyə çalışır ki, müdirlərinin qoyduğu planı da versinlər, özləri də qazansınlar! Ayıbdır, yığışdırın bu özbaşınalığı!”.
BNA-nın rəhbərliyinin məsuliyyət məsələsi bundan sonra necə müəyyənləşməlidir?
Böyük Dayaq Partiyasının sədri Mirkazım Seyidov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, sözügedən qurum yalnız mənimsımə ilə məşğul olmurdu: “Dəfələrlə mediaya müsahibələr vermişəm ki, BNA ölkədə sosial narazılıq yaradır. Siz həmin qurum barədə yazılan tənqidi materialların aşağısındakı şərhlərə fikir verin. Əhali kütləvi şəkildə narazılığını ifadə edir. Çox maraqlıdır ki, həmin şikayətlərin birini də qurum ciddiyyə almırdı. Bütün şikayətləri malalamaq, özlərini haqlı çıxarmaqla məşğul olurdular. Qurum yalnız avtomobilləri cərimələməkdən başqa nə iləsə yadda qalmadı. Piyada zolaqları, yol kənarlarının rənglənməsi, yol nişanlarının xaricdən alınmasına xərclənən vəsait araşdırılsa, dəhşətli mənzərə ortaya çıxar. BNA-nın satınalmalarının böyük əksəriyyəti korrupsiya mənbəyidir. Qurumun rəhbərliyi ilə bağlı mütləq mənada hüquqi araşdırma aparılmalıdır. İşdən azad edildi, rahat gedib yığdığını yedi prinsipi olmasın”.
Məhəmmədəli QƏRİBLİ.
araz.az xəbər portalı.