Artıq bir müddətdir ki, AMEA ətrafında müzakirələr bitmək bilmir, tərəflər bir-birini ittiham edir. Niyə alimlər, ziyalılar AMEA-nı bu qədər sərt şəkildə hədəfə götürüb? Niyə AMEA özünü bu qədər sərt şəkildə hədəfə gətirib? Bu, təsadüfdürmü?
Əvvəla onu deyim ki, 44 günlük Vətən Müharibəsində qazandığımız möhtəşəm qələbədən sonra millət və dövlət olaraq qarşımızda çox böyük perspektivlər açılıb. Biz bu qələbəyə ilk növbədə Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin siyasi idarəçilik, hərbi quruculuq və diplomatiya sahəsində ardıcıl siyasəti və zəhməti sayəsində nail olmuşuq. Bu qələbənin nəticələrini qoruyub saxlamaq, möhkəmlətmək, bu işə töhfə vermək hər bir Azərbaycan vətəndaşının borcudur, namus və şərəf işidir. Bizim qarşımızda hələ çox böyük vəzifələr durur, işğaldan azad olunmuş torpaqlarımız bərpa olunmalı, məskunlaşdırılmalı, məcburi köçkünlərimiz öz yurdlarına, qaçqınlarımız tarixi torpaqlarımıza – Zəngəzura, Göyçəyə, İrəvana qayıtmalıdırlar.
Lakin düşmən hər vəchlə bizi hədəflərimizdən yayındırmağa çalışır. Təsadüfi deyil ki, 44 günlük Vətən Müharibəsindən dərhal sonra ölkədəki 5-ci kalon hərəkətə keçdi, Zəfərimizin əsas şərtlərindən olan xalqla hakimiyyət arasındakı birliyi pozmaq, ölkədə sosial narazılıq yaratmaq üçün ən alçaq vasitələrə əl atdı. Gah hərbçilərin “kəsilən” maaşı, gah şəhid ailələrinə və qazilərə “diqqətsizlik” və s. məsələlər ortaya atıldı. Lakin məkrli niyyətlər baş tutmadı, dövlətin ardıcıl siyasəti nəticəsində bütün bu “məsələlər” gündəmdən çıxdı. Bundan sonra ayrı-ayrı ziyalılar, deputatlar, məmurlar hədəfə götürüldü, məlum qüvvələr xaricdəki söyüş makinasını Azərbaycana transfer etdilər, sosial şəbəkələrdəki trollarını, pulla satın aldıqları bəzi media və vətəndaş cəmiyyəti nümayəndələrini işə saldılar. Hətta bəzi dövlət qurumlarında isti yuva tapanlar da xalqın narazılığını artırmaq üçün dinc durmadılar.
Bəli, AMEA ətrafında ciddi narazılıqlar, fikir ixtilafları var. Demokratik cəmiyyətdə bu, normaldır. Lakin AMEA kimi mötəbər bir elm müəssisəsinin öz rəsmi internet səhifəsini bu fikir ixtilaflarına cavab üçün meydan etməyi yolverilməzdir. AMEA-nın rəsmi internet səhifəsi bunun üçün yaradılmayıb, həmin səhifə Azərbaycan elminin simasını, nailiyyətlərini, kəşflərini, uğurlarını əks etdirmək üçün yaradılıb.
O ki qaldı AMEA ətrafındakı narazılıqlara, bu narazılıqların birinci səbəbi odur ki, Azərbaycan ictimaiyyətinin haqlı olaraq Azərbaycan elmindən, ilk növbədə AMEA-dan gözləntiləri çoxdur, AMEA isə bu gözləntilərə cavab verə bilmir. Hətta o qədər cavab verə bilmir ki, AMEA-nın ləğv edilib-edilməməsi barədə vaxtaşırı fikirlər səsləndirilir. Halbuki AMEA sovet dövründən bizə miras qalan unikal bir sistemdir, burada Azərbaycan elminin ən müxtəlif istiqamətləri üzrə araşdırmalar aparılır və ya aparılmalıdır və burada elmimizin çox böyük nümayəndələri çalışıb və çalışır, burada elmimizin dünənini, bu gününü və sabahını təmsil edən və təmsil edəcək nəsillər toplaşıb.
AMEA-nın öz missiyasını layiqincə yerinə yetirə bilməməyinin başlıca səbəbi AMEA-nın strukturunun günün tələblərinə cavab verə bilməməyidir. AMEA-nın idarəedici yuxarı eşalonu ilə idarə olunan aşağı eşalonu arasında dəhşətli bir uçurum yaranıb, həm maddi cəhətdən, həm mənəvi cəhətdən. Bütün elmi araşdırmalar aşağı eşalon dediyimiz alimlər – fəlsəfə doktorları və elmlər doktorları tərəfindən aparıldığı halda, onlar yuxarı eşalonda oturanlardan – AMEA-nın Rəyasət Heyətindən və buradakı akademiklərdən dəfələrlə az maaş alır. Ona görə də 1500, 2000, 3000 və bəlkə daha çox maaş alan yuxarı eşalon nə qədər tələb etsə də, 300-500 arası maaş alan aşağı eşalon tələb olunan məhsulu verə bilmir, verə də bilməz. Çıxış yolu tapmaq əvəzinə, aşağıları sıxmaq, inzibati üsullara əl atmaq onsuz da gərilmiş əsəbləri bir az daha artıq gərir. Bu, bilərəkdən edilir, yoxsa bilməyərəkdən, fərqi yoxdur, bu vəziyyət təcili aradan qaldırılmalıdır.
Mənim fikrim belədir ki, AMEA-da təcili struktur və kadr islahatları aparılmalı, inzibati-amirlik sistemindən imtina edilməli, AMEA-nın idarə edilməsi sadələşdirilməli, vitse-prezident və akademik-katib vəzifələri ləğv olunmalı, AMEA subyektlərinin – institutların rəhbərlərindən ibarət ictimai əsaslarla fəaliyyət göstərən bir Rəyasət Heyəti formalaşdırılmalıdır. İnstitutların AMEA rəhbərliyindən asılılığı minimuma endirilməli, formal xarakter daşımalı, həm kadr, həm də elmi planlaşdırma sahəsində institutların müstəqilliyi artırılmalıdır.
Unutmaq olmaz ki, AMEA sıradan bir təşkilat deyil və heç kəsin də oranı barıt çəlləyinə çevirməyə ixtiyarı yoxdur.
Əziz ƏLƏKBƏRLİ,
Milli Məclisin deputatı.
Milli Məclisin deputatı.
araz.az xəbər portalı.