cdb9bc9b 81d7 4f85 bb05 ddb9892ed921Son dövrlər məhkəmə qərarı ilə müsadirə olunan əmlakların sayında ciddi artım müşahidə edilir. Barəsində həbs qətimkan tədbiri seçilmiş şəxsin, eyni zamanda, əmlakının müsadirə olunması barədə qərar çıxarılır. Qərar isə həmin şəxsin vətəndaşlara və dövlətə vurduğu maddi zərərin məhkəmə tərəfindən təsbit olunmasından sonra verilir. Daha sonra isə bu əmlakların qiymətlərinin necə müəyyənləşdirildiyi və nə qədər zərəri qarşıladığı bəzən məlum olmur. Həbs qoyulan və müsadirə olunan əmlakların sonrakı taleyi necə olur?

Hüquqşünas Ellada Bayramova deyir ki, əmlakın müsadirəsi Cinayət Məcəlləsi ilə tənzimlənən hüquqi prosesdir: “Əgər şəxs cinayət vasitəsilə müəyyən qazanc əldə edibsə, həmin qazanc müsadirə olunmalıdır. Əgər həmin əmlakı satıb başqa bir əşya alıbsa, o zaman həmin əşya müsadirə olunur. Bundan başqa, hər hansı qeyri-qanuni fəaliyyət göstərən təşkilatda hansısa mailiyə və ya digər vəsait göstərilirsə, həmin vəsait də müsadirə olunur. Əgər qeyri-qanuni yolla əldə edilmiş əmlak şəxs tərəfindən talan olunubsa, bu zaman həmin əmlakın qarşılığında dəyəri ölçülməklə o zaman həmin şəxsə aid başqa əmlak müsadirə olunur”.

Bank məsələləri üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov bildirir ki, məhkəmə qərarları əsasında müsadirə olunan əmlak hərraca çıxarılan zaman sui-istifadə halları baş verir: “Burada başlıca məqsəd vətəndaş öz əmlakını ala bilməsin, həmçinin digər vətəndaşların da bu barədə məlumatı olmasın. Buna da səbəb əmlakı mümkün qədər baha satmaqdır. Lakin, hərracda kifayət qədər iştirakçı olmadığından, orada satılan əmlakın qiyməti də yüksək olmur. Və hərracı təşkil edən şəxslər öz yaxınları ilə qabaqcadan danışırlar, əmlakın qiymətin öldürürlər və ucuz qiymət ilə satırlar”.

İqtisadçı ekspert Xalid Kərimli də deyir ki, əmlakın müsadirəsi zamanı həyata keçirilən prosedurlar qeyri-şəffaf olur: “Prosesin həyata keçirilməsi zamanı bir sıra qaydalar pozulur. Belə ki vətəndaşlar məlumatlandırılmır qiymətləndirmə daha çox tələbkarın maraqlarına uyğun həyata keçirilir. Borclu vətəndaşların maraqları qorunmur əmlak qiymətləndirilərkən bazar qiymətindən aşağı qiymət müəyyənləşdirilir. Hətta, bəzən vətəndaşların ümumiyyətlə bu prosesdən xəbərləri olmur”.

Bəs bu proses kimin iradəsi ilə həyata keçirilir? Müsadirə olunan əmlakın hansı hərrac mərkəzində hərraca çıxarılması qərarını kim verir? Əmlak necə qiymətləndirilir?

Ekspertlər bildirir ki, məhkəmə qərarı ilə müsadirə olunan əmlak məhkəmənin keçirildiyi ərazidəki hərrac mərkəzində satışa çıxarılır. Bununla bağlı qərarı isə icraçı məmur verir.

Ədliyyə Nazirliyi İcra Baş İdarəsinin baş məsləhətçisi Tural Süleymanov deyir ki, şəxsin əmlakı barəsində əgər xüsusi müsadirə qərarı qəbul edilmişdirsə, icra məmuru tərəfindən daşınar əmlakların mövcudluğu yoxlanılır və möhürlənir: “Daşınmaz əmlaklarda isə əmlakın mövcudluğu yoxlandıqdan sonra möhürlənir. Daha sonra isə xüsusi müsadirə olunan əmlakın qiymətləndirilməsi ilə bağlı icra məmuru tərəfindən qiymətləndiricinin dəvət olunması barəsində qərar qəbul olunur”.

Tural Süleymanov bildirir ki, hərraca çıxarılan əmlakların auksionlarda satışı qaydaları Nazirlər Kabineti tərəfindən müəyyən olunur. Hərracın keçirilməsi isə icra məmurundan müvafiq sifarişin alındığı gündən ən geci iki ay müddətində baş verməlidir. Müsadirə olunan əmlaklardan vətəndaşların xəbərsiz olmasına gəlincə isə dövlətin keçirtdiyi hərraclardan, məsələn auksion mərkəzlərinin keçirtdiyi hərraclar da elanlar vasitəsi ilə həyata keçirilir: “Bəzən vətəndaşlar qeydiyyatda olduğu ünvanda yaşamırlar. Həmin ünvana poçt vasitəsi ilə məlumat göndərilir lakin həmin şəxslər göstərilən ünvanda yaşamadıqları üçün həmin məlumatları əldə edə bilmirlər”.

Bəs hər şey deyilən kimdirmi? Suala cavab tapmaq üçün Bakı Hərrac Mərkəzinin rəsmi saytına daxil olduq, hərraclarla bağlı ən son paylaşım ötən ilin avqust ayında olub. Təbii ki, özləri ilə də əlaqə saxladıq. Bildirildi ki, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc olunur. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir. Elanda və bildirişdə isə hərracın vaxtı, yeri, keçirilmə qaydası haqqında məlumatlar yer alır.

Amma təəssüf ki, rəsmi səhifələrində biz hərraca çıxarılan əmlaklarla bağlı heç bir elan görə bilmədik…

Ekspertlər isə deyirlər ki, bu sahədə ciddi boşluqlar var. Onların fikrincə, hazırkı durumda müsadirə olunan əmlakla bağlı təşkil olunan hərraclar korrupsiyanın başlıca mənbələrindən sayılır. Çünki, əksər hallarda vətəndaşlar bu prosesdən ümumiyyətlə bixəbər olurlar. Nəticədə isə müsadirə olunan əmlak hərracı təşkil edənlərin dost-tanışlarına bazar dəyərindən qat-qat aşağı qiymətə satılır. Elə vətəndaşlar arasında keçirdiyimiz sorğu da bunu bir daha sübut elədi.

[bt_youtube url=”‘https://www.youtube.com/embed/vYFlwV4Ywyk’ ” width=”600″ height=”400″ responsive=”yes” autoplay=”no”][/bt_youtube]

araz.az xəbər portalı.

araz.az xəbər portalı.