vuqarbayramov33 2“Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) yarandığı gündən dünyaya çıxmağa iddialı böyük elmi tapıntılara, gələcək vəd edən axtarışlara münbit şərait yaradan bir elm ocağı kimi tanınıb. Akademiyanın prezidentlərindən elə təkcə Yusif Məmmədəliyevi xatırlamaq kifayətdir. Böyük akademikimizin bütün dünyanın qəbul və tətbiq elədiyi elmi kəşfləri faşizm üzərində qələbə çalınmasında əvəzsiz rol oynamaqla yanaşı, bu gün də sənayenin müxtəlif sahələrində uğurla istifadə olunur, öz elmi dəyərini qoruyub saxlayır. Azərbaycan iqtisadiyyatının daha çox elmi ixtiralara, innovasiyalara ehtiyacı olduğu, elmi-texniki nailiyyətlərin istehsalata tətbiqinin böyük aktuallıq kəsb etdiyi indiki dönəmdə AMEA dedi-qodularla fitnə və qeybətlə gündəmə gəlir. AMEA-nın son rəsmi açıqlaması bir daha təsdiq etdi ki, Akademiya elmi sınaq və təcrübələrin aparıldığı, müzakirələrin keçirildiyi beyin mərkəzinə çevrilmək əvəzinə, vaxtaşırı siyasi intiriqalarla gündəm yaradan şər-şəbədə ocağına çevrilib”.

araz.az-ın xəbərinə görə, bunu deputat Vüqar Bayramov bildirib.

Deputatın sözlərinə görə, müəllifinin Mehdiyev olduğu zərrəcə şübhə doğurmayan son açıqlamada Milli Məclisin deputatlarının “trol”, “saxta” adlandırılması heç bir sağlam məntiqə sığmamaqla yanaşı, birmənalı şəkildə dövlətçiliyə qarşı verilmiş bəyanat kimi qiymətləndirilməlidir: “Akademiyanın prezidenti Ramiz Mehdiyev haqlı tənqiddən, formalaşmış ictimai rəydən nəticə çıxarmadı, bəzi deputat həmkarlarımıza hücum çəkmək və Milli Məclisin nüfuzuna xələl gətirmək yolunu seçdi. Reallıq belədir ki, Ramiz Mehdiyev rəhbərlik etdiyi dövrdə AMEA-nın mövcud elmi potensialından istifadə edə bilmədi, bu ali elm ocağını marjinallaşdıraraq qurumun cəmiyyətdəki nüfuzunu bilərəkdən ayaqlar altına saldı. Artıq yeni dönəmdir. Bu dönəmdə Akademiya siyasi intiriqalar yaratmamalı, dövlətin aparıcı qurumlarını aşağılayan bəyanatlar uydurmamalı, elmi yenliklərlə cəmiyyətə töhfə vermək yolunu seçməli idi. Çox təəssüf ki, artıq AMEA-nın adı cəmiyyətdə elmi müzakirələr ocağı kimi deyil, siyasi qarayaxma məkanı kimi asossiasiya olunur. Bütün bunları nəzərə alaraq, uzun müddət elmi fəaliyyətlə məşğul olan bir tədqiqatçı alim kimi inanıram ki, Ramiz Mehdiyevin tutduğu vəzifədən getməsi AMEA-nın itmiş nüfuzunun bərpasına töhfə verərdi”.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.