tXl9F3isZ6NZ4TAVmVZhSəfir “bəziləri imkan versə” deyərkən İsraili nəzərdə tutur
“Hər bir ölkənin özünə dost seçməsi, başqa dövlətlə əməkdaşlıq etməsi təbii hüququdur. Hansısa üçüncü ölkənin buna müdaxiləsi yolverilməzdir”
   Dövlət başçısı İlham Əliyev İslam İnqilabının Qələbəsi Günü münasibətilə İran Prezidenti Seyid İbrahim Rəisiyə məktub göndərib. Ölkə rəhbəri təbrik məktubunda vurğulayıb ki, Azərbaycanla İran arasında əlaqələr tarixən dostluq və mehriban qonşuluq şəraitində yaşamış, ortaq mənəvi dəyərləri bölüşən xalqlarımızın iradəsindən qaynaqlanır. Prezident vurğulayıb ki, Azərbaycan tərəfi möhkəm təməllər üzərində qurulmuş dövlətlərarası münasibətlərimizə xüsusi önəm verir: “Bu gün ikitərəfli əlaqələrimizin yüksələn xətt üzrə inkişaf etməsi məmnunluq doğurur. 
Ali səviyyəli siyasi dialoq, qarşılıqlı səfərlər və müntəzəm görüşlər, imzalanan sənədlər əməkdaşlığımızın möhkəmlənməsinə güclü təkan verir. İqtisadi-ticari, enerji, nəqliyyat və digər sahələrdə qarşılıqlı fəaliyyətimizin çərçivəsinin gündən-günə genişlənməsi bunun bariz nümunəsidir. Aşqabadda Sizinlə qarşılıqlı anlaşma şəraitində keçən görüşümüzü məmnuniyyət hissi ilə xatırlayıram. Hesab edirəm ki, apardığımız ətraflı fikir mübadiləsi və müzakirələr münasibətlərimizin daha da inkişafına və keyfiyyətcə yeni mərhələyə daxil olmasına töhfə verəcəkdir”. Prezident Azərbaycan-İran münasibətlərinin xalqlarımızın mənafelərinə uyğun olaraq birgə səylərlə bundan sonra da inkişaf edəcəyinə və möhkəmlənəcəyinə inamını ifadə edib. 
Xatırladaq ki, İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi iki ölkə arasındakı münasibətlərdən danışıb. Səfir vurğulayıb ki, İran-Azərbaycan əlaqələrində sıçrayış, inkişaf müşahidə edilir. O bildirib ki, İranın xarici siyasəti qonşularla əlaqələrinin inkişafına əsaslanıb: “Qonşularla əlaqənin inkişafı bizim xarici siyasətimizin əsas prioritetidir. Azərbaycan və İran prezidentləri Aşqabadda görüşüb və bu görüş faydalı olub. İran prezidentinin Azərbaycan lideri ilə görüşü əlaqələrin inkişafında dönüş nöqtəsi hesab olunur”. Diplomat qeyd edib ki, bəziləri imkan versə, İran-Azərbaycan əməkdaşlığı digərlərinə nümunə ola bilər.
Cənub qonşumuzla əlaqələrin indiki vəziyyətini “Şərq”ə təhlil edən AMİP Siyasi Şurasının üzvü, politoloq Əli Orucov bildirib ki, İran Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biridir. Partiya rəsmisi deyib ki, Tehranın Azərbaycana dəstəyini zaman-zaman görmüşük:
 “Son dönəmlərdə iki ölkə arasında müəyyən gərginlik müşahidə olunsa da, qısa müddət sonra münasibətlər bərpa olundu. Nəzərə alaq ki, Tehran hökuməti beynəlxalq və regional təşkilatlarda daim Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edib. Amma bir sıra ölkələr kimi İran da bəzən ikili siyasət yeridir, qısqanclıq nümayiş etdirir. Ara-sıra Azərbaycana qarşı təzyiq siyasətindən də istifadə edir. Xatırlayırsızsa, bir müddət öncə İranın təyyarələri hava məkanımızı pozmuşdu. Türkiyə qırıcılarının sərhəd xəttində həyata keçirdiyi uçuşlardan sonra İran geri addım atdı. 44 günlük müharibədən sonra da İran sərhədlərimiz yaxınlığında “əzələ nümayiş” etdirdi. Hərbi təlimlərə start verdi, təbliğata başladı, hətta Azərbaycandakı əlaltılarını da işə saldı. Amma Azərbaycanın təmkinli, düşünülmüş cavab addımları sayəsində Tehranın cəhdləri nəticəsiz qaldı. Dövlət başçılarının görüşündən sonra münasibətlərdə yeni mərhələ başladı və əlaqələrdə normallaşma prosesinə qədəm qoyuldu. İranla əməkdaşlıq, daha doğrusu, münasibətlərin bərpası bizim üçün də vacibdir. İranda 35 milyon soydaşımız yaşayır. Onlarla əlaqəmiz, bağımız qırılmamalıdır”. 
 
Ə.Orucova görə, İran səfiri “bəziləri imkan verərsə” deyərkən İsraili nəzərdə tutur: 
“İsrail Azərbaycanla çox ciddi strateji əməkdaşlıq içindədir. Bu ölkənin siyasi, hərbi və mənəvi baxımdan bizə böyük dəstəyi oldu. Qarabağda bərpa-quruculuq işlərində də İsrail yaxından iştirak edir. Tehranın bundan qıcıqlandığı bəllidir, çünki özləri bunu açıqca dilə gətiriblər. Ancaq nəzərə alınmalıdır ki, hər bir ölkənin özünə dost seçməsi, başqa dövlətlə əməkdaşlıq etməsi təbii hüququdur. Hansısa üçüncü ölkənin buna müdaxiləsi yolverilməzdir. Azərbaycan dəfələrlə İranın işğalçı Ermənistanla əməkdaşlığından narazı olduğunu dilə gətirsə də, Tehran bundan vaz keçməyib. Amma indi İranın Azərbaycana münasibəti, ritorikası dəyişib. Azərbaycan regionun güclü ölkəsi olmaqla yanaşı, həm də güclü müttəfiqlərə sahib ölkədir”. 
 
araz.az xəbər portalı.

araz.az xəbər portalı.