“Hörmətli Rövnəq Abdullayevin adını çəkib tənqid etməyimin səbəbləri var. Məndən çox soruşurlar ki, kişidən nə istəyirsən?”
araz.az xəbər verir ki, bunu “facebook” hesabında Milli Cəbhə Partiyasının sədri, millət vəkili Razi Nurullayev yazıb.
Razi Nurullayev bildirir ki, zəng etmişdim, saya salıb cavab verməmişdi:
“Parlamentdə sərt tənqid etdim, sonra telefonumu götürdü. Xahişim bu oldu ki, hərbi hospitalda işləyən bir nəfər bizə çox yardımçı olur, onun köməkliyi ilə nə qədər əsgərə, yaralıya, valideynə kömək etmişik. Bu şəxs müharibə başlayandan bizim yaralılarla bağlı xahişlərin, bir də vəzifə borcunun xidmətində dayanıb.
Onun qardaşını işdən çıxarmaq və ya başqa yerə keçirmək istəyirlər. İki bal az toplayıb, yola verin, başqa işə keçirin, amma əməkhaqqı azalmasın, çətin vəziyyətdə yaşayırlar. Sadə bir fəhlənin xahişini etmişdim. Dedi ki, yox, biz qanunsuz iş görə bilmərik. Savadı yoxdur ki, bal toplamayıb, saxlamaq olmaz. O biri fəhlələr üsyan edər. Yüz milyonlarla oğurluğa niyə üsyan etmirdi o fəhlələr? Siz haradan oliqarx oldunuz?
3 dəfə də məktub yazıb xahiş etmişəm. Xahiş etdiyim adamların biri kasıb, ağır bir vəziyyətdə yaşayan, üzərində böyük ailə məsuliyyəti olan kimsəsiz biri, qalan ikisi isə səhv etmirəmsə 44 günlük müharibədən yaralanıb qayıdan iki müharibə iştirakçısı. Bunlardan başqa xahişim olmayıb. Hamısına şablon və “yox” cavabı”.
Rövnəq müəllim axı özü də deputat olub. Deputat gərək ona gələn ərizilərdən, xahişlərdən heç olmazsa, müəyyən qismini həll edə bilsin ki, seçicisinin üzünə çıxa bilsin. Məgər mənim zavodum var, fabrikim var, yoxsa firmalar sahibiyəm? Bəs mən neyləyim? Deputatın xahişi (hərçənd ki, niyə xahiş etməliyəm ki? Sadəcə, ölkəmizin reallığını nəzərə alıb xahiş edirəm) yerinə yetirilmirsə, o necə işləsin? Bu saymazlığına, laqeydliyinə və hörmətsizliyinə görə də onu adı ilə tənqid edirəm.
Hörmətli Daxili işlər naziri Vilayət Eyvazova müraciətlərimin 100%-nə cavab verilib və xeylisi həllini tapıb. Çoxu da müharibə iştirakçıları. Hərçənd ki, Vilayət müəllimin imkanları daha zəifidr, çünki boy var, standartlar var, uyğunluq var və s. Amma hörmətli Vilayət müəllim, hörmət və sayğısını əskik etməyib. Biz də ona uyğun hörmət və sayğı ilə yanaşırıq. Vətəndaşların lehinə olan bir çox xahişləri etmişik və əsl kişilik göstərib və qanun çərçivəsində həll edib. Özü də elə bir ağır və məsuliyyətli sahəyə rəhbərlik edir ki, 24 saat stress içində fəaliyyət göstərməli olur”.
Millət vəkili qeyd edib ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri hörmətli Rövşən Rzayevə nə zaman zəng edirsən elə qayğı və hörmətlə danışır ki, mümkündürsə, həll edir və ya etməyə çalışır:
“Rövşən müəllim deputat olub və bilir ki, deputatın da qazancı yerinə yetirilən seçici xahişləri və məktublarıdır. Biz də hörmətli Rövşən müəllimdən qanunsuz və haqsız xahiş də etmərik. Nə etmişiksə, seçicilərin və vətəndaşların maraqları üçün olub. Rövşən müəllim deputat olmağın məsuliyyətini və çətinliklərini gözəl bilir və onun üçün də deputatlara adekvat münasibət göstərir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlıya zəng edirsən və analoji olaraq o qədər mehriban münasibət göstərir ki, tələsmədən, təmkini pozmadan 30-40 dəqiqə bir məsələ haqqında məlumatlar verir, yol göstərir və elə yerindəcə Komitədə lazımi işçilərlə təması yaradıb göstərişini verir. Özü də hər zaman deyir ki, deputat olan zaman o qədər əziyyətlər, şikayətlər və müraciətlər görüb ki, onun üçün də deputatları çox yaxşı başa düşür.
Axı Rövnəq müəllim də deputat olub. Belə görünür ki, o deputat olanda şikayətçi qəbul etməyib, maraqlanmayıb. Başı ağrımasın deyə, çapıb-taladığı pullardan qəpik-quruş paylamaqla yola verib. Parlamentdə də özünü çox lovğa və əlçatmaz aparıb. Bunları mənə danışırlar. Axı hər kəs bilməsə də, çoxları bilir ki, vəzifədən öncə necə yaşamısınız və nə işlə məşğul olmusunuz. Ağac bar verdikcə başını aşağı əyər.
İki balın söhbətini aparırsınız və bu qiymət ballarını da kasıb-kusubun başında oynadırsınız. Guya ki, özünüz bal toplayıb vəzifəyə sahib olmusunuz? İmtahan verin, görün özünüz o imtahandan keçə bilərsiniz? Vəzifəyə adamlar, zavodlara müdirlər, direktorlar təyin etmisiniz, onlardan imtahan götürmüsünüz? Bəli götürmüsünüz imtahan, amma o imtahanda sizinlə o şəxsdən başqa heç kim olmayıb. Sualları özünüz tərtib edib, özünüz də cavab vermisiniz, o da başını yelləyib ki, razıyam. O zavod direktorlarının, müdirlərinin də keçmişi əlim altındadır, koks, mazut və digər yan məhsullarla bağlı təfsilatlı informasiyaya da malikəm. Amma yazmıram, çünki o qədər yazılıb, paylaşılıb ki. Bir də ki, mənim mübarizəm ayrı-ayrı şəxslərlə deyil. Demək istədiyim budur ki, sizdən bir neçə adla bağlı cavab tələb edəcəklər onsuz da, sizdən soruşacaqlar ki, onlar hansı imtandan və necə keçiblər?
Qanunçuluq və vəzifəyə sadiqlik baxımından sərt biri olsam da, mən özümü Avropadan, Amerikdan gələn saymıram. Bu ölkədə yaşayırıq, yazılan və yazılmayan qanunlardan da xəbərdarıq. Həyatda çox şeyi bağışlamaq olar. Hörmətsizliyi, sayqısızlığı, yalançılığı və dikbaşlığı isə heç vaxt. Bir də xalqa arxa çevirəni bağışlamaq olmaz. Olmaz və olmaz!”
araz.az xəbər portalı.
araz.az xəbər portalı.