Ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli və onunla ittiham olunan Nadir Məmmədov, Şahin İbrahimov və Telman Tahirovun hökmdən verdikləri apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.
araz.az-ın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsinin hakimi Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Prosesdə Vüqar Səfərlinin vəkili Hikmət Əliyev vəsatət qaldıraraq məhkəmə baxışının qismən istintaqla keçirilməsini istəyib.
Məhkəmə vəsatətə qarşıdakı iclaslarda baxıla biləcəyini bildirib.
Məhkəmənin növbəti iclası martın 1-nə təyin olunub.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Səfərli cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.
Həmçinin hökmə əsasən, keçmiş icraçı direktorun Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 23 ünvanında yerləşən qeyri-yaşayış sahəsi, Xətai rayonu, Əhmədli qəsəbəsi, Əhmədli 9 küçəsi, ev 14 ünvanında yerləşən torpaq sahəsi, Binəqədi rayonu, Goradil kəndindəki 0,104 hektarlıq bağ sahəsi, Xətai rayonu, Lütfi Zadə küçəsi, ev 18A (49 kv/m) ünvanı, İsmayıllı rayonu, Ticran kəndində yerləşən 0,1 hektarlıq torpaq sahəsi, İsmayıllı rayonu, Ticran kəndində yerləşən 0,19 hektarlıq torpaq sahəsi müsadirə olunub.
Bundan başqa, müsadirə edilənlər sırasında onun “Mercedes Benz ML 350”, “Volkswagen Tuareg” və “Toyota Land Cruiser” markalı avtomobilləri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 0,223 hektar torpaq sahəsində olan 701 nömrəli 192.8 kv/m-lik bağ evi, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 291 kv/m-lik bağ evi, oğlu Seymur Səfərliyə məxsus Xətai rayonu, 8 Noyabr prospektində yerləşən 23 nömrəli evin birinci mərtəbəsindəki 39 kv/m-lik qeyri-yaşayış sahəsi də var.
Eyni zamanda, məhkəmənin hökmünə əsasən, V.Səfərlinin “Rabitəbank” ASC-də hesabında olan 300 min manatı, həmin bankda oğlunun hesabına olan 500 min manatı və Baş Prokurorluğun depozit hesabına qoyulmuş 200 min manat vəsaiti müsadirə edilib.
Hökmdən narazı qalan V.Səfərli apellyasiya şikayəti verib. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyir.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.