Dünya şöhrətli ictimai xadim Haydi Künün ölkəmizdə səfəri davam edir. “Sülhün Kökləri” təşkilatının qurucusu Beynəlxalq Avrasiya Mətbuat Fondunun dəvəti və ANAMA-nın dəstəyi ilə Azərbaycandadır. Fonddan araz.az-a daxil olan məlumatda bildirilir ki, beynəlxalq aləmdə, həm də Əfqanıstanda 6 il ərzində kənd təsərrüfatı məhsullarının ixracının 250 milyon dollardan 1,4 milyard dollara yüksəlməsinə səbəb olan xanım kimi məşhur Haydi, Azərbaycanın üzümçülük şəhərlərindən olan, şərabçılıq ənənələrini tarix boyu yaşadan Şamaxı rayonuna gedib.
Haydi Kün Meysəri kəndində üzümçülük və şərabçılıq kompleksi ilə yaxından tanış olub. Ziyarət zamanı qonağı müşaiyət edən Şamaxı rayonunun icra başçısı Tahir Məmmədovla, BAMF-ın prezidenti Umud Mirzəyevlə, ANAMA-nın İdarə Heyəti sədrinin müavini Samir Poladovla şərab məhsullarının ixrac potensialının artırılması, Azərbaycanda şərab istehsalı tarixinin geniş ictimaiyyətə çatdırılmasının əhəmiyyəti barədə geniş müzakirələr aparılıb.
Səfərin sonunda qonaqlar, Haydi Künün iştirakı ilə, simvolik olaraq üzüm tənəyi əkərək, dünyaya bir sülh mesajı ötürüblər.
Qeyd edək ki, Haydı Kün martın 5-dək Azərbaycanda səfərdə olacaq. Səfər zamanı, o, dövlət rəsmiləri, beynəlxalq təşkilatlar, mina qurbanları, KİV və vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri ilə görüşəcək.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.