Beynəlxalq Avrasiya Mətbuat Fondu ilə, “Sülhün Kökləri” təşkilatı arasında anlaşma memorandumu imzalanıb. Bu barədə, Fonddan araz.az-a verilən məlumatda deyilir ki, BAMF-ın Baş ofisində “Sülhün Kökləri” təşkilatının qurucusu və rəhbəri olan Haydi Künün, Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyevin və Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) İdarə Heyətinin sədr müavini Samir Poladovun xeyir-duası ilə, böyük bir təşəbbüs üçün memorandum imzalanıb. Haydi Künün “Minalı əraziləri Üzümlüyə çevirək!” adlanan layihəsi, bundan sonra, Qarabağda minalanmış ərazilərin çiçəklənməsinə və ən gəlirli kənd təsərrüfatı sahəsinə çevrilməsinə yardımçı olacaq.
Məlumatda bildirilir ki, əməkdaşlıq memorandumu mina təhlükəsizliyi ilə mübarizə, minalı ərazilərdə Davamlı İnkişaf Məqsədlərinin təşviq edilməsi, minasız azad dünya ideyasına töhvə verilməsi məqsədi daşıyır. Memorandum yalnız kağız üzərində qalmayaraq, “Sülhün Kökləri” ilə birlikdə minaların təmizlənməsində aktiv rol oynayacaq. Bundan sonrakı mərhələdə, tərəflər ərazilərin minalardan təmizlənməsi və onların yerinə ağacların əkilməsi üçün nəzərdə tutulan vəsaitin həcmini müəyyənləşdirəcək.
Məlumata görə, görüş zamanı, tərəflər birgə fəaliyyət barədə memorandum sənədi də imzalayıb və gələcək əməkdaşlıq perspektivləri barədə yerli mediaya açıqlama veriblər.
Mətbuat konfransını giriş sözü ilə açan və əvvəlcə tədbir iştirakçılarını salamlayan Umud Mirzəyev sonra bildirib ki, xanım Haydi Künün bu səfəri ölkəmiz üçün böyük əhəmiyyət kəsb edir: “Son günlər dünyada özünün fəaliyyəti ilə məşhur olan, həyata keçirdiyi layihələrlə ən müxtəlif ölkələrdə tanınan bir təşkilat Azərbaycanda qonaqdır. BAMF və ANAMA-nın dəstəyi ilə həyata keçirilən bu səfərdə, həmin təşkilatın qurucusu və rəhbəri Haydi Kün bizimlə bir aradadır. Son üç gün ərzində bir çox görüşlər keçirmişik və bir-birindən maraqlı müzakirələr olub”.
U. Mirzəyev çıxışında onu da qeyd edib ki, “Sülhün Kökləri” təşkilatı dünyanın mina problemini yaşayan əsas ölkələrində fəaliyyət göstərir: “Kosovo problemindən tutmuş, Əfqanıstan hadisələrinə qədər, bu ölkələrdə çox ciddi layihələr həyata keçirilib. Təkcə Əfqanıstanda son illər həyata keçirdiyi layihələr çərçivəsində, bu ölkənin iqtisadiyyatına 1 milyard 400 milyondan çox investisiya cəlb olunub. Ümumiyyətlə, Haydi Künün hər birimiz üçün nümunəvi olan misilsiz bir fəaliyyəti var. Hesab edirəm ki, Azərbaycanda gələcəkdə də çox böyük fəaliyyəti gözlənilir. O, Azərbaycana gələrkən, ilk getdiyi yerlərdən biri ANAMA idi və orada Agentliyin fəaliyyətilə ətraflı tanış oldu”.
Məlumata görə, bu tədbirdə, sonra, “Sülhün Kökləri” təşkilatının qurucusu Haydi Kün çıxış edib. O, öz çıxışında, ilk olaraq, BAMF-ın dəvəti və ANAMA-nın da dəstəyi ilə, Azərbaycanda qonaq qismində çıxış etməkdən böyük qürur hissi keçirdiyini qeyd edib: “Həqiqətən də, biz, buradakı ərazilərin minalardan təmizlənməsi və onların üzümlüklərə çevrilməsi üçün, böyük bir təşəbbüsün addımını atırıq. Hazırda 60 milyondan çox minanı 60-dan çox ölkədə təmizləmişik. Ümumiyyətlə, bu günə qədər minalanmış bir çox ərazilərdə olmuşam. Mən, Qarabağa Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanovla, BAMF-ın prezidenti Umud Mirzəyevlə və Prezident Administrasiyasının əməkdaşı Sultan Hacıyevlə birlikdə səfər etdik. Orada olduğumuz zaman, heç vaxt tanış olmadığım kilometrlərlə nəhəng ərazilərə getdik. Həqiqətən də, orada minadan təmizləmə üzrə çox cəsur və böyük komanda işləyirdi”.
Təşkilatın rəhbəri, Qarabağa səfəriylə bağlı bəzi nüansları da jurnalistlərin diqqətinə çatdırıb: “Biz ilk olaraq Tərtərin Çaylı kəndində olduq”, — deyə, Haydi Kün onu da qeyd edib ki, ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanovla və BAMF-ın prezidenti Umud Mirzəyevlə birgə həmin ərazidə 8 ədəd minanı detonatorla partladıblar: “Bizə orada — hərbi əməliyyatların aparıldığı ərazilərdə həm mina təhlükəsi, həm də partlamamış döyüş sursatları haqqında məlumat verildi. Daha sonra, minaların partlayış yolu ilə zərərsizləşdirilmə prosesi də nümayiş olundu. Qeyd edim ki, biz, orada, təkcə mina partlatmadıq, həm də 4 ədəd gələcəkdə çiçəklənəcək ağacların toxumunu əkdik. Bu, sadəcə, Azərbaycanla birlikdə sülhün köklərini qoymaq üçün, orada üzüm ağaclarının əkilməsiylə mümkün oldu. Haqqında bəhs etdiyim partlayıcı, Nobel qardaşlarının kəşf etdiyi partlayıcıdır, lakin onunla, biz, minaları partlatdıq və artıq, “Sülhün Kökləri”nin missiyasını həyata keçiririk. Daha sonra, biz, Ağdama səfər etdik və orada da aparılan əməliyyatlarla praktiki şəkildə tanış olduq”.
Haydi Kün, mətbuat konfransının verdiyi fürsətdən istifadə etməklə, öz çıxışında, ANAMA komandasına təşəkkürünü də çatdırdığını xüsusi vurğulayıb: “Bu gün, Umud bəyin dəvəti olmasaydı, mən, burada olmazdım. Onun adı ümid olduğu kimi, biz də ümid edirik ki, gələcəkdə bu əməkdaşlıq daha da irəli gedəcək”.
Daha sonra, bu mətbuat konfransında iştirak edən Azərbaycan Minatəmizləmə Agentliyi İdarə Heyətinin sədr müavini Samir Poladov da çıxış edərək, öz fikirlərini qonaqlarla və media nümayəndələri ilə bölüşüb: “Təbii ki, bu səfər zamanı, ANAMA tərəfindən təhlükəsizlik tədbirləri qabaqcadan görülmüşdü. Ümumiyyətlə, Haydi Künün gördüyü mənzərə çox təsirli oldu. O, yüzlərlə kilometr minalanmış ərazilərə, dağıntılara şahidlik etdi”.
Samir Poladovun sözlərinə görə, ümumiyyətlə, qara torpaqları minalardan təmizləmədən, bu yerlərdə heç bir bərpa-quruculuq işləri görülə bilməz: “Haydi Künün yaratdığı təşkilat da, “Minalardan üzümlüklərə keçək!” şüarı altında, bu məqsədlə, önəmli bir çox layihələr həyata keçirir. Bu gün, o, Azərbaycandadır. Bu təşəbbüsünə görə, ona çox minnətdarıq! Ümid edirik ki, bu əməkdaşlıq və müttəfiqlik uzun illər davam edəcək. Bu layihə real ərazilərdə həyata keçiriləcək. Bu səbəbdən, bu günkü anlaşma memorandumunun xüsusi önəmi var”.
Daha sonra, Haydi Kün jurnalistlərin suallarını cavablandırıb. Görüşün sonunda isə, “Sülhün Kökləri” və Beynəlxalq Avrasiya Mətbuat Fondu arasında Anlaşma Memorandumu imzalanıb. Yeri gəlmişkən, bir daha bildirmək istəyirik ki, “Sülhün Kökləri” təşkilatının qurucusu və rəhbəri Haydi Kün, Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) dəvəti və ANAMA-nın dəstəyi ilə, bir müddətdir ölkəmizdə səfərdədir. O, səfərinin ilk günü BAMF-ın Baş ofisində və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyində (ANAMA) olub. Martın 2-də isə, Şamaxıya səfər edən xanım Kün Meysəri kəndində üzümçülük və şərabçılıq kompleksi ilə yaxından tanış olub.
araz.az xəbər portalı.