1646549207 erm ombudsman xramort

 
Xəbər verdiyimiz kimi, martın 4-də Ermənistanın yeni seçilmiş insan hüquqları müdafiəçisi Kristine Qriqoryan Laçın dəhlizindəki dövlət sərhədimizi pozaraq  Xankəndinə gəlib. 
O, Azərbaycan Respublikasının Qarabağ torpaqlarındakı Rusiya hərbi kontingentinin himayəsində bəslənən separatçı-terrorçu rejimin rəhbəri Arayik Arutyunyan və digərləri ilə görüşüb.  
araz.az xəbər verir ki, bu haqda Xankəndindəki erməni mediasının yaydığı məlumata görə,  Ermənistan ombudsmanı  Xocavənd rayonunun hazırda Rusiya hərbçilərinin nəzarətində olan “Xramort” adlandırılmış Pirlər kəndində də olub. Guya son günlər Azərbaycan ordusu tərəfindən “psixoloji təzyiqlərə” məruz qalan “yerli sakin”lərlə söhbət edib. 
Qeyd edək ki, bir müddət öncə Ağdam şəhərinə və rayonun kəndlərinə yaxın ərazidə yerləşən Pirlər kəndindəki erməni hərbçilərin təsərrüfat işləri görmək adıyla səngər qazdıqlarını müşahidə edən Azərbaycan hərbçiləri onları bu işləri durdurmağa vadar etmişdi. Eyni zamanda  həmin istiqamətdəki səngərlərimizdən səsgücləndiricilərlə Xocalı, Əsgərana doğru azan səsi verilmişdi. 
Xatırladaq ki, Azərbaycanın ombudsmanı Səbinə Əliyeva Ermənistan ombudsmanın Azərbaycan torpaqlarına qanunsuz səfəri ilə bağlı etiraz bəyanatı verib.
Zəruri arayış:

Pirlər (Xramort) — Azərbaycan Respublikasının Xocalı rayonunun Pirlər kənd inzibati ərazi dairəsində kənddir. Dağətəyi ərazidədir.  Ağdam rayonu ilə sərhəddən təxminən  700 -1500 metr,  həmin rayonun Əhmədavar kəndindən təxm. 3 km, Ağdam şəhərindən isə 4-5 km məsafədə yerləşir…
1993-cü ildən Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub.  
 
2005-ci ildə Dağlıq Qarabağda keçirilmiş əhalinin siyahıyaalmasına əsasən Pirlər kəndində  403 nəfər erməni yaşayıb. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Pirlər kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçib.
Kəndin əvvəlki adı Xramort olub. Azərbaycan hökumətinin 5 oktyabr 1999-cu il tarixli qərarıyla kəndin tarixi adı bərpa edilərək Pirlər adlandırılıb.
 
1992-1993-cü illərdə Azərbaycanın yeni yaranan ordusu Pirlər kəndi uğrunda bir çox döyüşlər aparıb, şəhidlər verib… 
 
araz.az xəbər portalı.

araz.az xəbər portalı.