экрана 2022 03 07 182458Bir neçə gündür rusiyalı tanınmış hərbi ekspert, 44 günlük savaşımızda hər zaman yanımızda olan və Azərbaycan ictimaiyyətinin hörmətlə yanaşdığı Oleq Kuznetsovun Azərbaycan media təmsilçilərini hədələməsi gündəmə çevrilib.

Kuznetsov nə deyib? Azərbaycan saytlarının rus ordusunun əleyhinə yazmasından qeyzlənib, Ukrayna savaşı barədə feyk xəbərlər tirajlamasından hiddətlənib və Rusiyada müharibə ilə bağlı yalan məlumat yayanlara qarşı qəbul edilən qanunvericiliyi xatırladıb, deyib ki, o yalanları yazan Azərbaycan saytlarının baş redaktorları beynəlxalq axtarışa veriləcək və Rusiyanın müttəfiqi olan Azərbaycan da o axtarışa verilənləri Rusiyaya göndərəcək… – gerisi məlumdur.

Kuznetsovun bu hədəsi sosial şəbəkələrdə və mediada etirazla qarşılanıb və ona qarşı xeyli tənqidlər səslənir.

Məsələyə daha soyuqqanlı yanaşmaq olar: Kuznetsov Rusiya dövlətinin siyasi iradəsini ifadə edir, ölkəsinin maraqlarını qoruyur və o cür də danışır. 44 günlük savaşda bizi ona görə müdafiə edə bildi ki, Vladimir Putin Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu iki dəfə ən yüksək kürsüdən elan etmiş, rəsmi neytrallığını göstərmişdi. O ayrı məsələ ki, Rusiya müharibədə Ermənistana külli miqdarda silah-sursatı gizli şəkildə göndərirdi və münaqişənin də tam bitməsinə imkan vermədi.

Yeri gəlmişkən, Maksim Şevçenko Türkiyənin Ukraynaya “Bayraqdar” verməsini məhz bu kontekstdə çox gözəl şərh edib. Deyib ki, Türkiyənin burda 3 məqsədi ola bilər:

1) Rusiyaya göstərmək istəyir ki, sən də Qarabağ savaşında neytral qalmışdın, ancaq Ermənistana pulsuz silah verirdin, mən isə pulla “Bayraqdar” satıram. Yəni sən bizim savaşda özünü necə apardınsa, bundan daha layiqli şəkildə mən davranıram;

2) Türkiyə “Bayraqdar”larını göndərir ki, Rusiya vursun – həm öz texnikasının, həm də rusların zəif nöqtələrini görə bilsin. Məqsədi “Bayraqdar”ın zəif cəhətlərini müəyyənləşdirib aradan qaldırmaqdır;

3) Türkiyə Rusiyanın Ukraynada dayanmasını istəyir və Rusiyaya mesaj verir ki, bizi bu savaşa dəstək verməyə məcbur etmə…

Qayıdaq Kuznetsova.

Kuznetsov da çox yaxşı bilir ki, Azərbaycan mediası həm Ukrayna, həm də Rusiya rəsmilərinin, mediasının paylaşdığı materiallardan istifadə edir. O cümlədən dünyanın bütün media qurumları Ukraynaya dəstək verir. Əgər bu təbliğatda rus mediası və rəsmi qurumları uduzursa, bunun günahını başqasında axtarmağa qəti ehtiyac yoxdur.

O ki qaldı ayrı-ayrı politoloq və şəxslərin münasibətinə: əvvəla, Azərbaycan hər zaman dövlətlərin ərazi bütövlüyünün tərəfdarı olub! İkincisi, qaçqın-köçkün həyatı və müharibə yaşayan dövlət və xalq olaraq da biz Ukrayna xalqının yaşadıqlarını yaxşı dərk edirik. Ukraynada azərbaycanlıların da həlak olduğunu, ordan minlərlə soydaşımızın qaçqın düşdüyünü də nəzərə alsaq, daxili münasibətimiz tam aydın olar.

Bu baxımdan politoloqlarımızın yanaşmasına rus dostlarımız normal reaksiya göstərməlidir. Ən azı ortada Solovyov, Simonyan kimi eybəcər təcrübələri var və o təbliğatçılarının 44 günlük savaşda və elə indi də tutduqları əxlaqsız, qatı ermənipərəst, azərbaycanlıları hər fürsətdə aşağılayan mövqelərinə görə susmağı bacarmalıdırlar.

Azərbaycan baş redaktorlarını axtarışa verməyin hüquqi əsası da yoxdur. Bundan ötrü gərək Rusiya ərazisində o qanuna qarşı fəaliyyətin olsun – Azərbaycan mediası isə Rusiya ərazisində deyil. Bundan əlavə, Rusiyanın axtarışa verməsi üçün o qanunvericilik beynəlxalq hüquqla tənzimlənməlidir ki, o da tənzimlənib-eləmir. Yaxud Rusiya o iddiaya düşsə, gərək bütün dünya mediasını “axtarışa” versin və s.

Bunları Kuznetsov bilmirmi?

Gözəl bilir, çox ağıllı, məqsədyönlü, strateji təfəkkürü olan şəxsdir.

Bəs, niyə bu qədər əsəbi reaksiya verib, Azərbaycan mediasını hədələyib?

Burda “hədələmək” yox, çarəsizlik simtomları var. Kuznetsov çox yaxşı bilir ki, iki qardaş xalq arasında bu müharibə dəhşətlidir və hər iki tərəf uduzur, proses Rusiyanı çökdürməyə yönəlib.

Kuznetsov hərbi ekspertdir, Ukrayna savaşındakı vəziyyəti çox doğru qiymətləndirməyi bacarır, əla bilir ki, rus ordusu orda nə ilə qarşılaşıb. Ancaq heç bir fundamental, nəzəri açıqlama verə bilmir, əksinə, çarəsizcəsinə ətrafı hədələməkdən başqa əlac görmür.

Yəni: Kuznetsov da daxil, rusiyalı fikir adamlarının bir qisminin bu cür davranmasının səbəbi çarəsizlik, ölkənin üzləşdiyi dalan, iqtisadi sanksiyaların Rusiyanı sürüklədiyi uçurum, ucu-bucağı görünməyən nəhəng dövlətin taleyindən dəhşətli dərəcədə narahat olmaqları və sairdir.

Kuznetsovun hədəsini belə oxuyun: Vəziyyət çox pisdir, Rusiyanı batırırlar, qardaş qırğını ilə dəhşətli səhvə yol verdik, Qərb bundan maksimum bəhrələnib, ölkəmizi məhv edir – heç olmasa, siz, müttəfiqlərimiz və dostlarımız bunları yazıb, ürəyimizi partlatmayın!

Amma, məşhur filmdə deyildiyi kimi, biz axı neyləyə bilərik, Ağabala! Yazmamaqla, həqiqəti deməməklə axı qardaş qırğını aradan qalxmır, Rusiyaya sanksiyalar götürülmür…

Problemi görməməklə həll olunsaydı, hamı gözüyumulu gəzərdi.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.