Milli Məclisin deputatı Vahid Əhmədovun “Yeni Sabah”a müsahibəsi.
– Qarabağda son günlər bütün istiqamətlərdə atəşkəş pozulur. Bəzi siyasi ekspertlər söyləyirlər ki, buna səbəb Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardımlardır. Təxribatların törədilməsinə səbəb sizcə, bu amil ola bilər?
– Bildiyiniz kimi, Qarabağda sülhməramlıların komandanı dəyişdi. Andrey Volkov gələndən sonra mən onun haqqında araşdırdım. Belə bir qənaətə gəldim ki, bu, bizi sevən adam deyil, əksinə, kifayət qədər ermənilərə müsbət yanaşan bir adamdır. Mənə elə gəlir ki, onun burada rolu çox böyükdür, çünki o, ermənilərin arxasında dayanır.
İkinci məsələ də, əlbəttə ki, Rusiya-Ukrayna müharibəsidir ki, bu da, öz rolunu oynayır. Çünki Azərbaycan faktiki olaraq Rusiyayla müttəfiq olsa da, Ukrayna dövlətinə də müəyyən humanitar yardımlar göstərdi. Cənab Prezident İlham Əliyev Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşmüşdü, telefon danışıqları olmuşdu. Yəni bütün dünya bu dəqiqə Ukraynanın yanındadır. Ona görə də, bizim atdığımız addımlar belə hesab edirəm ki, tamamilə düzgündür. Amma dövlət başçısı Rusiya ilə də müəyyən danışıqlar aparıb.
Lakin yenə deyirəm, mən orada sadəcə Andrey Volkovu günahkar sayıram, çünki o gələndən sonra bu təxribatlar daha da genişləndi.
– Son vaxtlar Rusiyanın tanınmış şəxsiyyətləri Azərbaycanla bağlı təxribat xarakterli çıxışlar səsləndirirlər. Oleq Kuznetsovun sözləri, Solovyovun ifadələri, habelə Rusiya MN-nin “Dağlıq Qarabağ” ifadəsi və s. Buna səbəb nədir?
– Kuzetsovun, habelə Solovyovun Azərbaycanın əleyhinə həmişə təxribatçı çıxışlar olub. Hətta Rusiya Müdafiə Nazirliyi də eyni tərzdə təxribat yönümlü çıxışlar etdi. Qondarma “Dağlıq Qarabağ Respublikası” guya Ukraynaya humanitar yardım göndərib. Azərbaycan XİN də bildirdi ki, bizdə elə bir qurum yoxdur.
Bunlar hamısı, əlbəttə ki, Ukrayna-Rusiya münasibətləri ilə sıx əlaqədardır. Bizim Ukrayna ilə əlaqələrimiz həmişə yüksək səviyyədə olub. Hətta Birinci Qarabağ müharibəsində də onlar bizə çox böyük yardımlar göstəriblər. Bir dəfə mən bunu televizayada da açıb dedim ki, o vaxtı məni Heydər Əliyev göndərdi Ukraynaya. Onda mən Baş nazirinin birinci müavini idim. Göndərdi və dedi ki, oradan silah-sursat gətirmək lazımdır. O vaxtı da ruslar bizə müharibəylə əlaqədar olaraq silah vermirdilər. Onda ukraynalılar bizə 100 dənə tank, 20 min pulemyot, 10 min avtomat verdilər. Biz təxminən haradasa, “İL-76” ilə 70-80 reys etdik, Azərbaycana hər şeyi daşıdıq, gətirdik. Onda rus kəşfiyyəti başladı bizim əleyhimizə, hətta mənim əleyhimə yazılar yazmağa, amma ukraynalılar kişi kimi sözlərindən dönmədilər. İkinci Qarabağ müharibəsində də həmişə yanımızda olub bizi müdafiə ediblər. Bunun da səbəbi aydındır.
Azərbaycanda fikir versək, millətin 90%-i Ukraynanı müdafiə edir. Burada qeyri-adi bir şey yoxdur. Çünki faktiki olaraq Ukrayna torpağı işğal olunub. Bizim 90-cı illərdə gördüklərimizi hazırda onlar görür.
– Azərbaycan MN-in Rusiya MN-nin söylədiyi həmin ifadəyə, o cümlədən Qarabağda atəşkəsin pozulmasına verdiyi cavabı yetərli sayırsınızmı?
– Mən belə hesab edirəm ki, ümumiyyətlə, bu vəziyyətdən sonra dünyada nizam tamamilə dəyişəcək. Rusiyaya qarşı sanksiyalar çox demirəm, 1 ay davam edərsə, Rusiya həm iqtisadi, həm hərbi, həm də siyasi cəhətdən çökəcək. Ona görə də, Azərbaycan MN fikirləşməliydi ki, biz ərazi bütövlüyümüzü tamamilə təmin edək, sərhədlərimizi quraq və s. Yəni bu məsələ ətrafında iş görülməlidir. Amma yetərli cavab o olardı ki, biz torpaqlarımızdan Rusiya sülhməramlılarını çıxardardıq, torpağı da azad edərdik. Bu, başqa məsələ. Lakin indiki vəziyyətdə, o cümlədən indiki siyasi dönəmdə hesab edirəm ki, cavab verirlər və bu da böyük bir şeydir. O ki qaldı cavabın yetərli olub-olmamasına, bu, indiki siyasi dönəmdən asılıdır.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.