“Ermənilər Rusiya sülhməramlılarının razılığı, göstərişi və himayəsi olmadan həmin ərazilərdə bir güllə də atmazlar. Ermənistanın buna qətiyyən cəsarəti çatmaz. Orada baş verən bütün təxribatların məqsədi və himayədarı var. Ermənilər Ukrayna məsələlərinə görə axmaq, xam xəyallara düşüblər və bic variantlara əl atırlar”.
araz.az pravda.az-a istinadən bildirir ki, bunu Milli Məclisin deputatı Elman Məmmədov deyib.
Deputat bildirib ki, Ermənistan 2008-ci ildə Osetiyada baş verən hadisələri təkrarlamaq istəyir: “Nəzərə almaq lazımdır ki, həmin vaxt Osetiyada da Rusiya sülhməramlıları var idi. Gürcülər separatçılara qarşı çıxmaq istəyəndə isə sülhməramlılarla qarşılaşdılar. Yəni, Osetiya tərəfinin törətdiyi təxribatlara gürcülər cavab vermək istəyəndə, Rusiya sülhməramlıları Gürcüstan hərbçilərinin qarşısını kəsirdi. Sonda isə Gürcüstanın başına gələn oyunlar hamıya məlumdur. İndi ermənilər də bu cür xam xəyallara dalıblar. Sirr deyil ki, Azərbaycan ərazisində Ermənistana və seperatçı rejimə məxsus bir neçə min hərbçi hələ də qalmaqdadır. Onların silahlanmasına isə, əlbəttə ki, sülhməramlılar himayədarlıq edirlər. Düşünürlər ki, vaxtaşırı törətdikləri təxribatlar getdikdə güclənəcək və daha təhlükəli hal alacaq və belə olan vəziyyətdə, Azərbaycan öz ərazisində yaşayan həmin qeyri-qanuni quldur dəstələrinə qarşı anti-terror əməliyyatı icra edəcək. Plana əsasən, bu halda, Rusiya sülhməramlı qüvvələri işə qarışacaq. Yəni, ermənilərin təxribat törətməkdə məqsədi bundan ibarətdir. Rusiya sülhməramlılarının yerləşdirildiyi ərazidə heç bir donuz otaran erməni onların icazəsi olmadan güllə ata bilməz”.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.