Eldar Hasanov ve qizi Sabina Huseynova 1Atama verilən ittihamlar 2010-2020-ci illəri əhatə etsə də 1992-2000-ci illərə aid əmlakımıza da həbs qoyublar – ELDAR HƏSƏNOVUN QIZI

araz.az bildirir ki, 10 il müddətinə azadlıqdan məhrum edilmiş dövlət xadimi Eldar Həsənovun qızı, hüquq elmləri doktoru Səbinə Hüseynova Novator.az-ın suallarını cavablandırıb.

2020-ci il avqustun 13-dən həbsdə olan Eldar Həsənov Rumıniya, Serbiya, Bosniya və Herseqovina, Monteneqroda səfir kimi fəaliyyət göstərdiyi 2010-2020-ci illərdə maliyyə pozuntularına yol verməkdə təqsirləndirilib. İbtidai istintaqı əvvəlcə Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq İdarəsi, sonra Baş Prokurorluğun İstintaq İdarəsi aparıb. Həbs olunduğu gündən Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq təcridxanasında saxlanan Eldar Həsənovun işinə 2021-ci il sentyabrın 3-dən Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. 2022-ci il yanvarın 21-də Eldar Həsənova 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. Hökm Eldar Həsənovun 3 il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum olunmasını, ona məxsus olduğu iddia edilən bəzi əmlakların müsadirəsini də nəzərdə tutur.

1955-ci il təvəllüdlü Eldar Həsənov ədliyyə general-leytenantı, fövqəladə və səlahiyyətli səfir, hüquq elmləri doktoru, professordur.

İnterpolun Azərbaycandakı ilk rəisi, daxili işlər nazirinin birinci müavini, baş prokuror postlarını tutub.

2001-ci ildən Azərbaycanın Rumıniyada fövqəladə və səlahiyyətli səfiri olub, 2009-cu ildən ölkəni həmçinin Serbiyada, 2010-cu ildən eyni zamanda Monteneqro, Bosniya və Herseqovinada təmsil edib. 2013-cü ildən yalnız Serbiya, Monteneqro, Bosniya və Herseqovinada səfir kimi çalışıb, 2020-ci il avqustun 17-də həmin vəzifədən çıxarılıb.

Eldar Həsənov hüquq mühafizə orqanlarında çalışarkən “İgidliyə görə” medalı, “Azərbaycan Bayrağı” ordeni, diplomatik xidmət dövründə isə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

– Səbinə xanım, salam. Atanız Eldar Həsənovla bağlı Azərbaycan və Türkiyə mətbuatında yazılanları izləyirik, günahsızlığı və səhhəti ilə bağlı vəziyyət çox narahatedicidir. Bu barədə nə deyə bilərsiniz?

– Salam. Müsahibəyə görə təşəkkür edirəm. Öncə onu demək istəyirəm ki, hələ həbs olunmazdan əvvəl, xüsusən də son 6 ildə atamın səhhətində kəskin problemlər yaranıb. İndiyədək bağırsağından 4 dəfə əməliyyat olunub: 6 il, 4 il, 2 il əvvəl və ötən ilin iyul ayında. Sonuncu əməliyyat Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Hospitalında həyata keçirilib.

Atamın bel fəqərələrində 4, boyun fəqərəsində 1 cərrahi əməliyyat da aparılıb.

Hazırda həbs dövründə düçar olduğu paroksizmal başgicəllənmə (vertiqo) xəstəliyindən, xroniki gərginlik, sərt baş ağrıları, ürək, bağırsaq, nəfəsalma, immunitet sistemi ilə bağlı xəstəliklərdən, hipertoniyadan və şəkərli diabetdən ciddi əziyyət çəkir. Gündəlik 31 dərman qəbul edir. Dərmanların hər biri Dövlət Təhlükəsizliyi Xidmətinin Tibb Xidmətində qeydiyyatdan keçib. Lakin bu xəstəliklərdən əziyyət çəkməsinə baxmayaraq, təəssüflər olsun ki, 4 aya yaxındır onun yanına müayinə-müalicə, laborator analizlərin götürülməsi və dərmanların azaldılması üçün heç bir həkim buraxılmır. Bu barədə vəkilləri və özü dəfələrlə vəsatət qaldırsa da, prokurorluq və məhkəmə vəsatətlərin hamısını rədd edib.

Atamın günahlarına qaldıqda, işin hüquqi tərəfləri ilə bağlı vəkillər daha ətraflı danışa bilərlər. Mən isə onu deyə bilərəm ki, atamın bu işdə zərrə qədər də təqsirinin olmadığı 5 ay davam edən məhkəmə prosesində bütün çılpaqlığı ilə üzə çıxdı. Bir hüquqşünas kimi bildirmək istəyirəm ki, atamın təqsirli olduğunu göstərə biləcək heç bir mötəbər sübut, heç bir şahid ifadəsi, heç bir bank-maliyyə sənədi aşkar edilməyib. Əksinə, məhkəmədə şahid ifadələri elan olunarkən üzə çıxdı ki, istintaq bütün şahid ifadələrini qərəzli şəkildə yazıb və təhrif edib. Hətta şahidlərdən bəziləri bildirdilər ki, bunlar müstəntiqin fantaziyalarıdır.

Atam isə məhkəmədəki son sözündə “Mənim günahım…” ifadəsi ilə başlanan cümlələrində dövlətimiz və xalqımız üçün xidmətlərinin bir qismini sadaladı. Atamın son sözü, səhv etmirəmsə, sizin saytda da işıqlandırılıb. Çox istərdim ki, hər kəs onu diqqətlə oxusun. Onda hər şey aydın olar.

– Cəmiyyətdə gedən söhbətlərdən məlum olur ki, atanız Eldar Həsənov 2020-ci ilin avqustunda Azərbaycana çağırılanda ona Bakıdan xəbər veriblər ki, gəlsən, həbs etmək istəyirlər. Bu, həqiqətdirmi?

– Bəli. 2020-ci ilin avqust ayının 7-də atama telefonla zəng edib belə deyiblər: “Cənab Prezidentin göstərişidir, Serbiyadan gələn qonaqları müşayiət etmək üçün mütləq səfir Eldar Həsənovun özü gəlsin”. Ertəsi gün, yəni avqustun 8-də atama hörməti olan iki nəfər ona telefonla zəng edib üstüörtülü bildiriblər ki, burada əsəbi vəziyyətdir, sənin də səhhətin yaxşı deyil, müalicənlə məşğul ol, Serbiyadan gələn qonaqları müşavir və ya başqa diplomat müşayiət etsin.

Atam zəng edənlərə təşəkkür edib, amma deyib: “Mənim gəlməyim cənab Prezidentin birbaşa göstərişidir, ona görə nə olur-olsun gələcəm”.

Sonra elə həmin gün, yəni avqustun 8-i atam mənə zəng etdi, dedi ki, Bakıya gedirəm. Belqrad hava limanına gedəndə də mənə zəng edərək bildirdi ki, artıq yola çıxmışam. Həmin iki nəfərin telefon zənglərində ona dediklərini də üstüörtülü, ad çəkmədən mənə çatdırdı və tapşırdı ki, bu barədə heç kimə heç nə demə, sadəcə, özünün məlumatın olsun. Ailədə böyük övlad olduğumdan bəzi hallarda sözünü mənə deyərdi.

Açığı, mən bir az çaşdım, ehtiyatla dedim ki, bəlkə getməyəsən. O, çox sərt şəkildə cavab verdi. “Cənab Prezidentin tapşırığıdır, nə olursa olsun gedəcəm” deyib mənimlə sağollaşdı.

Sonrası isə hər kəsə məlumdur. 2020-ci il avqustun 10-dan 12-dək Serbiya baş nazirinin müavini, Milli Təhlükəsizlik Şurasının katibi, daxili işlər naziri Neboyşa Stefanoviç Bakıya səfər edərək Azərbaycan rəsmiləri ilə müzakirələr apardı. Bu səfər zamanı aparılan danışıqlarda Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinada səfiri olan atam da iştirak etdi. Avqustun 13-də isə atam həbs olundu.

– Atanıza həbsindən 5 gün əvvəl kimlərin zəng etdiyi sizə məlumdurmu?

– Yox, əsla yox. Hətta mən sonradan atamla görüşəndə də ona zəng edənlərin kimliyini soruşdum. Gülə-gülə belə cavab verdi: “Qızım, bu artıq keçmişdə qaldı, sənin də bilməyin lazım deyil”. Xasiyyətinə bələd olduğumdan bir də bu mövzuya qayıtmadım.

– Bir müddət öncə mətbuatda belə bir məlumat getmişdi ki, atanız Eldar Həsənovla bağlı davamlı uydurma, yalan məlumatlar verməklə ölkə rəhbərliyini inandıran iki şəxsdən biri Prezidentin köməkçisi Fuad Ələsgərov, digəri “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov olub. Bu barədə nə deyə bilərsiniz?

– Bilirsiniz, mən 20 ildir Azərbaycanda yaşamıram. Ona görə tam bilə bilmərəm ki, bizim mətbuat hansı məlumatı tirajlayıb. Bir onu deyə bilərəm ki, Cavid müəllim ailəmizin hörmət bəslədiyi insandır. Onun barəsində əsassız, həqiqətə uyğun olmayan məlumatlar yayılıbsa, yəqin sifarişlə yayılıb. Buna çox təəssüflənirəm. Hər kəs yazdığı, dediyi sözün məsuliyyətini anlamalı, dərk etməlidir.

– Cavid Qurbanov eloğlunuz – kəlbəcərlidir. Niyə heç köməyi, Eldar Həsənovu müdafiə etdiyi görünmür? 300 nəfər kəlbəcərli ziyalı cənab Prezidentə müraciət edəndə onun və yaxınlarından heç kimin adı və imzası həmin müraciətdə niyə yox idi?

– Doğrusu, mən bunu bilmirdim. Bəlkə də müraciət olunanda Cavid müəllim Bakıda olmayıb. Daha dəqiq cavabı onun özü verə bilər.

– Bütün bu istintaq və məhkəmə müddətində ailəniz təqib olundumu?

– Mən bu suala cavab verəndə utanıram, çünki atamın işi ilə heç bir əlaqəsi olmayan, heç bir iştirakı olmayan, sadəcə bizim ailədən, bizim qohum olduğuna görə 30 nəfərdən çox insanın ölkədən çıxışına məhdudiyyət qoyuldu. Ailəmizin mənə, bacıma cehiz verdiyi, qardaşıma bağışladığı evlərə, babamızın vəsiyyət etdiyi evə – hamısına prokurorluq və məhkəmə həbs qoyub. Bu hal bizim mülkiyyət toxunulmazlığına dair konstitusion hüquqlarımızın (Azərbaycan Konstitusiyasının 13 və 29-cu maddələri), habelə “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun tələblərinin kobud şəkildə pozulmasıdır. Bu isə dünyada bənzəri olmayan haldır, təcrübədir, biabırçılıqdır!

Mən heç vaxt düşünmürəm ki, Prezidentimiz İlham Əliyev deyə ki, Eldar Həsənovun övladlarının evinə həbs qoyun, əlindən alın, qoyun küçədə qalsınlar.

Digər bir yandan hüquqi olaraq da düzgün deyil, çünki atama verilən ittihamlar 2010-2020-ci illəri əhatə edir. Bizə məxsus olan əmlaklar isə 1992-2000-ci illərdə əldə olunub. Əmlak deyəndə söhbət ev və bağ torpağı sahəsindən gedir. Ona görə nə varsa vicdanlı vətəndaş olaraq öz adımızadır.

Əlbəttə, biz sona qədər qanun çərçivəsində hüquqlarımızı müdafiə edəcəyik.

Yeri gəlmişkən onu da deyim ki, bizim ailənin yaşayışı, həyat tərzi, Eldar Həsənovun övladlarının evləri bütün dəbdəbələrdən çox uzaqdır. O evlər sadə, iki-üç otaqlı mənzillərdən ibarətdir. Nə zavodumuz, nə fabrikimiz, nə ticarət mərkəzimiz var, bir dənə də olsun dəbdəbəli nəyimizsə yoxdur.

– Atanızın müdafiəsi ilə məşğul olan vəkillərin işindən razısınızmı?

– Öncə mən bir azərbaycanlı kimi çox sevinirəm ki, ölkəmizdə olduqca savadlı, peşəkar, prinsipial və ədəb-ərkanlı, ləyaqətli vəkillərimiz var. Atamın vəkilləri məhz belə insanlardır. Mən ailəmiz adından dörd vəkilin hamısına – Cəlil Mirzəyevə, Cavad Cavadova, Valeh Mehralıyevə, Adəm Məmmədova dərin minnətdarlığımı bildirirəm.

Çox istərdim ki, ölkəmizdə qərəz və sifarişlərdən uzaq ədalətli istintaq-məhkəmə sistemi olsun. Bu, qaçılmazdır, yoxsa vətəndaşın öz dövlətinə inamı sarsılar. Ədalətsizlik zülmlərə yol açar.

– Azərbaycanın xeyli tanınmış, nüfuzlu, hörmətli ziyalısı bir neçə dəfə Eldar müəllimin müdafiəsi ilə bağlı açıq müraciətlər edib. Bildiyimiz qədər bir çox beynəlxalq təşkilat da Azərbaycan dövlətinə müraciətlər ünvanlayıb. Sizcə, nədən bu müraciətlərə əhəmiyyət verilmədi?

– Fürsətdən istifadə edib atamla bağlı müraciət edən hər bir şəxsə, hər bir dəyərli ziyalımıza, hörmətli media nümayəndələrinə atamın adından, ailəmiz adından dərin minnətdarlığımı bildirirəm. Bu insani, ləyaqətli davranışları, münasibətləri heç vaxt unutmarıq.

O ki qaldı əhəmiyyət verilməməsinə, hesab edirəm ilk məhkəmə instansiyasının qərarı hələ son deyil. Mən hörmətli Prezidentimizin ədalətli mövqeyinə ümid edirəm. Atamın həbsdə saxlandığı 1 il 6 aya yaxın müddətdə onun barəsində verilmiş şər, böhtan, yalan məlumatlar yəqin ki, araşdırıldı, nəticə də bəlli oldu. Atam məhkəmədəki son sözündə həbsinin əsl səbəbləri və hansı zülmlərə, haqsızlıqlara, ədalətsizliklərə məruz qaldığı barədə, həkim müayinəsindən keçmək, tibbi yardım almaq, laborator analizlər vermək, xəstəxanaya yerləşdirilmək hüquqlarından necə məhrum olunduğu haqda faktlarla, sənəd-sübutlarla ətraflı danışdı.

– Eşitdiyimizə görə, Eldar müəllim həbs olunandan sonra yeni kitab yazır. Yazmağa başladığı kitabı bitirdimi?

– Bilirsiniz ki, atam 28 kitabın, 250-dən çox elmi-publisistik məqalənin, 5 dərsliyin, 3 dərs vəsaitinin müəllifidir, 32 illik pedaqoji stajı var. O, uşaqlıq illərindən kitabla yatıb-duran, çox oxuyan, mütaliə edən insandır.

Bəli, kitabının birinci cildini bitirib, indi ikinci cild üzərində işləyir. Səhhəti çox imkan vermir, amma, inşallah, başa çatdırar və özü də sizə təqdim edər.

– Siz atanıza belə ağır cəza veriləcəyini, övladlarının, qohumlarının mülkiyyətinə əl qoyulacağını gözləyirdinizmi?

– Qətiyyən yox! Biz atamın həbsdən azad olunacağını gözləyirdik. Bu sayaq təqib – övladlarının, qohumlarının atamın işi ilə, işlədiyi illərlə heç bir əlaqəsi olmayan əmlaklarına, evlərimizə, babamızın vəsiyyəti əsasında, vərəsəlik qaydasında qalmış, faktiki heç bir maddi dəyəri olmayan mülklərimizə müsadirə qərarı veriləcəyini qətiyyən gözləmirdik. Düşünməzdik ki, bizim ailəmizə qarşı bu dərəcədə haqsızlıq, qanunsuzluq olar. Biz ailə olaraq öz səmimi, düzgün münasibətimizə, milli və beynəlxalq qanunlara inanırdıq. Ona görə də dediklərinizin heç birini gözləmirdik. Görünür, biz ailə olaraq yanılmışıq. Baxaq, səbir edək, ədalətli qərarı gözləyək.

– Səbinə xanım, atanıza verilən cəzaya qayıdaq. Bir övlad kimi, bir hüquqşünas kimi bir daha sizin bu məsələ ilə bağlı mövqeyinizi, münasibətinizi eşitmək istərdik.

– Atamın məhkəməsi açıq keçirildiyindən, bir neçə hörmətli jurnalist hər məhkəmə iclasında iştirak etdiyindən cəmiyyət bu proses barəsində yetərincə məlumatlanıb. Mən də bir övlad kimi bütün məhkəmə proseslərində iştirak etmişəm. Amma deyərdim ki, bir hüquqşünas kimi gördüklərim məni bir övlad kimi gördüklərimdən daha artıq təəccübləndirir, sarsıdır. Tək mən yox, hüquq elminə, hüquq peşəsinə aidiyyəti olan hər kəs yaxşı bilir ki, heç bir sənəddə, heç bir müqavilədə, kontraktda, heç bir bank-maliyyə ödənişində imzası olmayan, əleyhinə heç bir ifadə verilməyən, Azərbaycanın Baş Prokurorluğunun sorğuları əsasında 5 ölkənin prokurorluq orqanlarının 6 ay həmin ölkələrdə apardığı yoxlamalar nəticəsində bir dənə də olsun qanunsuz əməli, qanunazidd hərəkəti ortaya çıxmayan Eldar Həsənov barəsində hakimin elan etdiyi hökm hüquqi əsaslarla, mötəbər sübutlarla yox, verilmiş tapşırıqla qəbul olunub. Bu, tamamilə ədalətsiz, qanunsuz, qərəzli hökmdür.

Ağır xəstəliklərə düçar olmuş 67 yaşlı bir insan haqqında ağlasığmaz, qəddarcasına bir qərar qəbul edilib. Bu qərar bütün cəmiyyətimiz kimi bizim ailəni də şoka saldı. Biz hədsiz təəccüb və təəssüf içindəyik. Çox dözümlü və səbirli olan atamın məhkəmədə son söz çıxışı bir tarix oldu. İnsan, dövlət məmuru necə olmalıdır, sədaqət, əqidə nədir, insanlıq, ədalət, hüquqi dövlət, qanunsuzluq, haqsızlıq nə deməkdir – bütün bunlar barəsində bir hüquq professoru kimi yerli-yataqlı, daşdan keçən sənəd-sübutlarla, həm də çox anlaşıqlı, sadə hüquq dilində çıxış etdi. Və belə bir çıxışdan nə az, nə çox – cəmi 2 saat sonra o cür hökmün elan edilməsi atama olan qərəzli münasibətin açıq-aşkar, nümayişkaranə təsdiqidir.

Açıq və səmimi deyim: biz ailə olaraq belə münasibət gözləmirdik. Qətiyyən gözləmirdik. Atamın son sözünü diqqətlə oxuyan hər şeyi dəqiq anlayardı, görərdi. Allah böyükdür.

– Bundan sonra nə etmək istəyirsiniz?

– Biz ailə olaraq dünən də, bu gün də inandığımız hörmətli Prezidentimizdən müdaxilə, cavab gözləyirik.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.