1 apreldə Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən elan olunan 5-6 mart tarixli buraxılış imtahanlarının nəticələri narazılıq doğurub.
Belə ki, imtahan nəticələri ilə bağlı yaradılmış Apellyasiya komissiyasına indiyədək 5906 abituriyent ərizə yazıb. Şagirdlər imtahan cavablarının düzgün yoxlanılmadığını iddia ediblər.
Məsələ ilə bağlı Modern.az-a danışan təhsil eksperti Kamran Əsədov bu şikayətlərin gözlənilən olduğunu bildirib:
“5-6 mart tarixlərində keçirilmiş imtahanlardan sonra qeyri-qanuni olsa belə imtahan suallarını əldə etdik. Bununla bağlı Təhsil Xidmətləri Araşdırma Mərkəzi olaraq sualları təhlil etdik. Aydın oldu ki, test tapşırıqlarına müxtəlif cavabların verilməsi mümkündür. Bilirdik ki, cavabların verilməsi ilə bağlı müxtəlif problemlər olacaq. Dövlət İmtahan Mərkəzi tale yüklü ciddi imtahanların keçirilməsini həyata keçirsə də, imtahanların yoxlanılmasını o qədər də təcrübəsi olmayan markerlərə, üçüncü, dördüncü kurs tələbələrinə həvalə edir. Bir tərəfdən DİM həmin gənclərin təcrübə toplamasına imkan verir. Böyük sayda abituriyent imtahan nəticələrindən narazıdır, haqlı olaraq narazıdırlar. Çünki DİM meyarları elan edib və abituriyenlər görürlər ki, ciddi problemlər var”.
Ekspert söyləyib ki, bu hal qüsurdur:
“Həm də nəzərə almalıyıq ki, DİM Azərbaycanda alternativsiz imtahan keçirən vahid qurumdur. Düşünürəm ki, açıq və qapalı suallar yetərlidir, situasiya tipli sualları ləğv etməyin vaxtıdır. Bu tipli suallar özünü doğrultmadı, əksinə şagirdlərin nəticələrinə mənfi təsir etdi. Maraqlısı isə budur ki, nə Təhsil Nazirliyi, nə Təhsil İnstitutu bu problemlə bağlı reaksiya göstərir. Burada Təhsil Nazirliyi mövqeyini ortaya qoymalıdır, çünki abituriyentlərin hər biri məktəblərin şagirdidir. 6000 şikayət dəhşətli bir saydır. Çalışacaqlar ki, şikayətləri əsassız hesab etsinlər, ancaq tale yüklü bu problem həll olunmalıdır”.
araz.az xəbər portalı.