agac 020221 2Telman Zeynalov: “Yaşıl soyqırımda əli olan hər kəs ağır şəkildə cəzalandırılmalıdır”

Bölgələrdə meşələrə qarşı yaşıl soyqırımlar törədildiyi barədə tez-tez eşidirik. Hətta meşələri qıran şəxslərin məsuliyyətə cəlb edildiyi barədə də informasiyalar yetərincədir. Məsələ burasındadır ki, yerlərdə meşə sahəsinə məsul olan şəxslər yaşıl soyqırımı vətəndaşların törətdiyini iddia etsələr də, vətəndaşlar əksini söyləyir. Vətəndaşlar da öz tərəflərindən iddia edirlər ki, yerli məmurlar meşələri qırıb ağacları xammal kimi mebel sexlərinə, şirkətlərə satır. Əlbəttə, bunlar iddiadır və bu iddiaları araşdırmaq isə aidiyyəti qurumların vəzifəsidir.

İsmayıllı meşələrində yaşıl soyqırımı aparıldığını iddia edən rayonun Qurbanəfəndi və Zeyvə kənd sakinləri Ceyhun Qurbanovla Xəlil Xəlilli Prezident Asministrasiyasında olublar. 

Sakinlər Qaynarinfo-ya bildiriblər ki, aprelin 8-də onları Prezidentin hüquq-mühafizə orqanları ilə iş üzrə köməkçisi Fuad Ələsgərov qəbul edəcək. 

“Biz aprelin 1-də Prezident Administrasiyasına getmişdik. Aprelin 5-nə görüş təyin etmişdilər. Şikayətimizi dinlədilər və bizi Fuad Ələsgərovun qəbuluna yazdılar”, deyə sakinlər bildirib.

Onların sözlərinə görə, İsmayıllı meşələrində baş verənlərlə bağlı mətbuata və müxtəlif qurumlara müraciət etdikdən sonra 6 saylı regional Ekologiya İdarəsinin rəisi Akif Məmmədov tərəfindən onlara təzyiq edilir: “Biz təzyiqlərə məruz qalırıq. İstəyirlər ki, susaq, baş verənlər barədə danışmayaq. Biz məsələ ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinə də müraciət etmişik. Məsələnin araşdırlacağı bildirib. Hətta bunun üçün bir Oqtay adlı bir nəfər də ayrılıb. Lakin həmin şəxs hələ də İsmayıllıya gəlib çıxmayıb”.

Ceyhun Qurbanovla Xəlil Xəlilli əlavə edib ki, məsələ ilə bağlı hüquqi müstəvidə mübarizələrini davam etdirəcəklər: “Bizi qanunsuz olaraq cərimələyiblər, bizdən rüşvət tələb ediblər. Biz də bu adamların əslində bizim kimiləri cərimələməklə törətdikləri əməlləri ört-basdır etməyə çalışdıqlarını üzə çıxarmışıq. Biz meşədən quru, çürümüş ağac yığmışıq. Buna görə bizdən pul tələb olunub, verməmişik deyə cərimələyiblər. Amma bu gün İsmayıllı meşələri darmadağın edilir, heç bununla bağlı tədbir görən yoxdur”.

Vətəndaşların irəli sürdüyü iddiaları araşdırmaq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) işidir. İsmayıllı meşələrində nə baş verir ki, vətəndaşlar birbaşa Prezident Admionsitasiyasına üz tutur? ETSN niyə vaxtında vətəndaşların müraciətinə cavab verməyib?

ETSN-ın mətbuat xidmətindən “Bakı-Xəbər”ə bildirildi ki, bu məsələni araşdırmadan hər hansı bir açıqlama vermək olmaz: “Bu məsələni araşdırdıqdan sonra münasibət bildirmək olar”.

  • “Yəqin vətəndaşlar görüblər ki, aidiyyəti qurumlar müraciətlərə əhəmiyyət vermir, bu səbəbdən də…”

Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov bizimlə söhbətində bildirdi ki, Azərbaycanın bölgələrində yaşıl soyqırım davam edir və bu da nəzarətsizlikdən baş verir. “Çox təəssüflər olsun ki, yaşıl soyqırımın qarşısının alınması üçün real tədbirlər görülmür. Söhbət ondan gedir ki, bəzi şəxslər pul qazanmaq üçün yaşıl soyqırımlar törədirlər. Belələri yaşıllıqları qıraraq guya yeni əkin sahələri, süni göllər yaradırlar. Yaşıl soyqırım törədənlərə qarşı ciddi tədirlər görülməlidir. Prezident yaşıllıqların, meşələrin mühafizəsi ilə bağlı sərəncamlar imzalayır, tapşırıqlar verir. Prezidentin bütün sərəncamlarının, tapşırıqlarının icrasına ciddi nəzarət olunmalıdır. Prezident sərəncamı verir, amma icraçı qurumların sərəncamı necə icra etdiyinə nəzarət edilmir”.

T.Zeynalovun sözlərinə görə, prezidentin sərəncamlarını qaydasında icra etməyən və sui-istifadəyə şərait yaradan məmurlara qarşı sərt tədbirlər görülməlidir. Ekspert qeyd etdi ki, məmurlar yaşıllığın məhvinə şərait yaratmaqla ölkəmizi quraqlıqla və içməli su böhranı ilə üz-üzə qoyduqlarının fərqində olmalıdırlar. “Yaşıllıqlara, meşələrə qarşı böyük soyqırımlar törədilir”.

T.Zeynalovun bildirdiyinə görə, yaşıl soyqırımla bağlı ETSN-nın rəsmiləri və ictimai şura üzvləri münasibət bildirməlidir. “Nazirlik İsmayıllı meşəsinin yaşıl soyqırıma məruz qaldığı barədə məlumatı ciddi araşdırmalıdır. Fikrimcə, buna ictimai şuranın üzvləri də münasibət bildirməlidir. Bizi ictimai şuradan çıxardılar, indi başqalarını “seçiblər”. Onlar reaksiya versinlər. Yaşıl soyqırımda əli olan hər kəs ağır şəkildə cəzalandırılmalıdır. Əks təqdirdə onlar öz çirkin fəaliyyətlərini genişləndirəcəklər. Vətəndaşların müraciətinə biganə yanaşmaq olmaz, mütləq araşdırılmalıdır. Yəqin vətəndaşlar görüblər ki, aidiyyəti qurumlar müraciətlərə əhəmiyyət vermir, bu səbəbdən də Prezident Adminsitarsiyasına üz tutublar”- deyə T.Zeynalov vurğuladı.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.