putin pas11

Rövşən Rəsulov: “Paşinyan mübarizəyə ilk növbədə Njdenin İrəvandakı abidəsinin demontaj olunmasına göstəriş verməklə başlamalıdır”

Ermənistanın “Hraparak” qəzeti yazır ki, bu ölkənin baş naziri Nikol Paşinyan faşist əlaltısı Qaregin Njdeni neonasist və ya hitlerçi hesab edərək ona qarşı mübarizəyə başlayacaq.

Nəşrin iddiasına görə, bu günlərdə Moskvada Putin-Paşinyan danışıqlarının nəticəsi olaraq dərc edilmiş birgə bəyanata əsaslanaraq artıq belə nəticəyə gəlinib ki, Paşinyan Njde “irsinə” qarşı mübarizə aparacaq. Qəzet həmçinin yazır: “…Bəyanatın 12-ci bəndində keçmişə vahid münasibətin qorunması, İkinci Dünya müharibəsinin nəticələrinə nəzər salınması və tarixin saxtalaşdırılmasına qarşı birgə mübarizədən, o cümlədən irqçilik, ksenofobiya və neonasizmə qarşı birgə mübarizənin artırılmasından bəhs edilir. Neonasizmin təminatlarına xüsusi diqqət yetirilməlidir. Rusiya bu məsələyə çox həssas yanaşır və məsələn, Qaregin Njdeni Rusiyada nə az, nə çox faşistlərlə əməkdaşlıq etmiş şəxs hesab edirlər, onu ukraynalı Stepan Bandera ilə müqayisə edirlər. Aylar əvvəl Rusiyada Njde haqqında filmin nümayişkaranə şəkildə qadağan edilməsi də bunun sübutlarından biridir və ən sonuncusu rusiyalı politoloq Modest Kolerovun yazısıdır. O, yazıda Njdeni birbaşa hitlerçi adlandırır. Beləliklə, bu bəyanata görə, Nikol Paşinyan Rusiyanın himayəsi altında Qaregin Njdeni neonasist və ya hitlerçi hesab edərək ona qarşı mübarizəyə başlayacaq. Bu, yumşaq desək, anlaşılmaz və çaşdırıcı deyil, absurddur”.

  • “Paşinyanın Putin qarşısında bu barədə öhdəliklər götürdüyünü bəri başdan deyə bilərik”

Siyasi ekspert Rövşən Rəsulov bizimlə söhbətində bildirdi ki, Putin gec-tez Paşinyanı buna məcbur etməli idi, indi edir. Ermənistanın faşizmi dövlət siyasətinə çevirdiyini xatırladan R.Rəsulovun sözlərinə görə, bu da bütün bölgə üçün təhdid yaradır. R.Rəsulovun bildirdiyinə görə, Paşinyan Ermənistanı faşist heykəllərindən və faşizm ideologiyasından təmizləyərsə, revanşistlərin də qol-qanadı qırılar: “Ermənistanda faşizm ideologiyasının təbliğatı uzun illərdir davam edir. Bu gün də orada faşizm ideologiyasının mövcudluğu göz önündədir. Ermənistandakı revanşist qüvvələrin son günlər “məşəl yürüşlərinə” çıxmaları, Azərbaycan və Türkiyə bayraqlarını yandırmaları, həmçinin müharibə çağırışları etmələri, digər bu kimi məsələlərin hər birinin arxasında, kökündə faşizm ideologiyası dayanır. Düşünürəm ki, bu dəhşətli ideologiyanın Ermənistanda mövcudluğunun əsas səbəblərindən biri ermənilərin genində terror sevgisinin olmasıdır. Əgər Vladimir Putin Nikol Paşinyanla bu barədə söhbət aparıbsa biz bunu dəstəkləyə bilərik. Çünki Rusiya prezidenti Ermənistanın baş nazirinə Njde ilə bağlı sərt mesajlar verib, tələblər irəli sürüb ki, faşist əlaltılarının heykəlləri sökülsün. Təbii ki, bu  yalnız Njde ilə bağlı deyil. Dro və digər faşizmə qul kimi qulluq edən ermənilər olub ki, onlar İkinci Dünya müharibəsi illərində Hitler Almaniyasının tərəfində Sovet ordusuna qarşı döyüşüblər. Onlar terror və təxribat hadisələri törədiblər. Digər tərəfdən, Rusiyanın faşizmlə mübarizədə Azərbaycanı nümunə göstərməsi də əslində müsbət haldır. Azərbaycan ümumiyyətlə faşizm ideologiyasına qarşı ən sərt mövqeyini ifadə edib. Bu gün də edir. Hər zaman terrora, müharibəyə qarşı çıxışlar edir. Əbəs deyil ki, Azərbaycan Prezidenti İlham Əliyev hər il 9 may tarixində faşizmə və onu dövlət siyasətinə çevirənlərə sərt mesajlar verir. Bunun sübutudur ki, bu gün Azərbaycanda ümumiyyətlə, bu kimi amillərə bənzər hər hansı bir halı müşahidə etmək mümkün deyil. Bu heç vaxt olmayıb və bundan sonra da olmayacaq. Paşinyanın faşizmə qarşı mübarizə aparacağına dair verdiyi vədə gəlincə, inanmaq istərdik ki, onun bu vədini yerinə yetirməsi üçün əlində kifayət qədər imkanları var. Paşinyan mübarizəyə ilk növbədə Njdenin İrəvandakı abidəsinin demontaj olunmasına göstəriş verməklə başlamalıdır, o, bu istiqamətdə tədbir görməlidir. Eyni zamanda bu gün faşizm ideologiyasının təsiri altında çıxış edən revanşistləri də, müharibə istəyən qisasml təbəqəni də siyasətdən kənarlaşdıracaq. Çünki onlar Paşinyanı devirib hakimiyyətə gəlmək və Azərbaycanla müharibə istəyirlər. Lakin bunun digər tərəfi var. Əgər revanşistlər Paşinayan qarşı müəyyən qədər gün tətbiq edərlərsə, müharibə ehtimalı daha da arta bilər. Bu da Ermənistan üçün bir son ola bilər. Buradan belə bir nəticə çıxarmaq olar ki, faşizm ideologiyası əsasında fəaliyyət göstərən Ermənistanın sabiq hakimiyyət təmsilçiləri  Köçəryan-Sarkisyan cütlüyün tərəfdaşları  ölkəni tamamilə məhvə sürükləyəcəklər, hətta xəritədən silinməsinə səbəb olacaqlar. Rusiya da bilir ki, Ermənistanda faşist əlaltılarına, nasitlərə abidələr ucaldanlar məhz keçmiş iqtidar nümayəndələridir. Bunların faşizmə bəslədikləri heyranlıq Rusiyaya sərf etmir”.

R.Rəsulovun sözlərinə görə, bu baxımdan Rusiyanın müxalifətə, revanşistlərə dəstrək verməsi inandırıcı görünmür. O, hesab edir ki, ola bilsin, müəyyən gizlin dairələrə Rusiya gizlin dəstək göstərir. “Eyni zamanda Paşinyanın Putin qarşısında bu barədə öhtəliklər götürdüyünü bəri başdan deyə bilərik. Əbəs deyil ki, iki dəfə Azərbaycanın xarici işər nazirləri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında telefon danışıqları olub, sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı birgə komissiyanın yaradılması ilə bağlı müzakirələr yekunlaşır. Onu da bilirik ki, Ermənistana aprel ayının sonuna və mayın ilk ongünlüyünə qədər vaxt verilib. Əgər bu vədələr yerinə yetirilməsə, cənab Prezidentin də vurğuladığı kimi Bakının səbri çox çox deyil, növbəti addımları ataraq Bakı daha irəli gedib rəsmi İrəvanı dalana sıxışdıracaq. Biz inanmaq istərdik ki, nəinki İrəvanda, eləcə də bizim suveren ərazilərimizdə Qarabağda, Xocavənddə faşist Njdenin abidəsi söküləcək. Xüsusən də, 9 May faşizm üzərində Qələbənin növbəti ildönümündə Njdenin abidəsinin Xocavənddə olmayacağını görəcəyik”.

R.Rəsulov xatırlatdı ki, ötən ilin bu vaxtında da bu məsələ qaldırılmışdı, amma çox təəssüf  Njdenin abidəsi hələ də Xocavənddə qalır. “Əgər Rusiya səmimidirsə sülhməramlılar faşist Njdenin abidəsinin Xocavənddən götürülməsini təmin etməlidir. Paşinyanın Rusiyanın bu məsələyə həssas yanaşmasını bilməsi də, artıq belə qənaətə gəlməyə zəmin yaradır ki, hadisələr müəyyən qədər dəyişəcək, Ermənistan nəticə etibarı ilə üçtərəfli bəyanatda üzərinə götürdüyü öhtəlikləri yerinə yetrməyə başalayacaq. Təsadüfi deyil ki, Prezident İlahm Əliyev Dünya Azərbaycanlıılarının V Qurultayında son mesajlarını verdi, xəbərdarlığını etdi. Ümumiyyətlə, regionumuzda faşizm ideologiyasının tamamilə aradan qaldırılması artıq realizə olunacaq” – deyə R.Rəsulov vurğuladı.

İradə SARIYEVA

araz.az xəbər portalı.