“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdirinin mənə ünvanladığı qeyri-peşəkar və emosional cavab nazirliyin mövcud vəziyyətini özündə əks etdirir. Sözsüz ki, vətəndaşları narahat edən, cəmiyyətdə narazılıq yaradan məsələlərə aydınlıq gətirilməsinə ehtiyac var. Hesab edirəm ki, müxtəlif səbəblərdən pensiyaları kəsilən vətəndaşlara kütləvi informasiya vasitələrindən istifadə etməklə daha anlaşıqlı formada izah vermək vacibdir. Nəzərə almaq lazımdır ki, sənədlərini təqdim etmiş vətəndaşa elektron formada göndərilən, təxminən “sizə pensiya düşmür” formasında cavab məktubu bir çoxları üçün anlaşılan deyil. Belə olan halda, vətəndaş nazirlikdən onu qane edən cavab ala bilmədiyinə görə deputata üz tutur. Təbii ki, nazirlikdən deputatların da suallarına aydın cavab verilmir və vətəndaş deputatı nəinki tənqid, hətta təhqir etməyə başlayır. Mən, sadəcə olaraq, millət vəkillərinə yönəlmiş bu cür qeyri-obyektiv yanaşmalara etirazımı bildirdim”.
araz.az Pravda.az-a istinadən bildirir ki, bunu Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.
Deputat qeyd edib ki, həmin cavab dövlət qurumunun təmsilçisinə yaraşmır: “İndi biz işimizi-gücümüzü atıb bir-birimizə cavab verək, qalmaqal yaradaq?! Mən buna ehtiyac görmürəm və bu cür yanaşmanı qəbul etmirəm. Fəzail Ağamalının məsuliyyəti hər kəsə bəllidir. Ana Vətən Partiyasının sədri və Milli Məclisin VI çağırış deputatı kimi cəmiyyətdə özümü təsdiq etmişəm, amma həmin şöbə müdirinin kim olduğu və orada nə qədər işləyəcəyi bilinmir. Yəqin, təkcə onun deyil, həm də onun başının üstündə duranın emosional cavabıdır. Görün, bu cür emosional mövqe nümayiş etdirən nazirlik hazırda nə gündədir… Sorğu keçirilsə, aydın olar ki, bütün nazirlər içərisində Əmək və əhalinin sosial müdafiəsi nazirinə münasibət necədir… Bu gün bizə vergi, sahibkarlıq, əmlak, özəlləşmə ilə bağlı, demək olar ki, şikayətlər gəlmir. Deputatlara gələn ən çox haqlı şikayətlər məhz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyəti ilə bağlı olur. Mən bu problemi gündəmə gətirdiyim üçün məsuliyyətsiz hesab edilməliyəm?! Vətəndaşın pensiyasını kəsirsənsə, əvəzini ödəməlisən. Əlbəttə ki, saxta yolla özünə əlillik dərəcəsi alan vətəndaşlara haqq qazandırmıram, belə halların qətiyyən əleyhinəyəm. Amma istənilən halda, vətəndaşlarla diqqətli davranmaq lazımdır. Onlar aydan, göydən gəlməyiblər, Azərbaycan vətəndaşıdırlar. Adından da göründüyü kimi, həmin nazirliyin borcu əhalinin sosial müdafiəsini təmin etməkdir”.
Qeyd: Millət vəkili Fəzail Ağamalı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən pensiyası kəsilən vətəndaşlar barədə parlamentdə məsələ qaldırıb. Həmin nazirliyin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı isə cavab olaraq bildirib ki, bir deputatın populizmə hesablanan qeyri-ciddi fikir sərgiləməsi sadəcə təəssüf doğurur.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.