Azərbaycan prezidenti İlham Əliyevin dünən Bakıda ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda çıxışı bir sıra vacib məqamlara aydınlıq gətirərək, Azərbaycanın regionda dostu və düşmənləri barədə real təsvir yaratmış oldu.
araz.az bildirir ki, bunu politoloq Vüqar Dadaşov deyib.
O, qeyd edib ki, konfransda verilən suallar və cənab Prezidentin cavabı onu göstərdi ki, Azərbaycan regional güc, həm də müstəqil siyasət yürüdən dövlət kimi özünü təsdiqləyib və öz milli maraqlarını müdafiə etmək iqtidarındadır: “Təkcə bir fakt: Prezident İlham Əliyev konfransda Moldovanın, Gürcüstanın və Ukraynanın adını çəkərək açıq və birmənalı şəkildə onların ərazi bütövlüyünü qeyri- şərtsiz tanıdığını vurğuladı.
Sözsüz ki, ölkə başçısı mühüm məsələlərə öz mövqeyini bildirdi, ancaq ən maraqlı məqamlar təbii ki, Azərbaycanın 44 günlük müharibəsində dostları, düşmənləri barədə fikirləri idi. Bəli, beynəlxalq siyasətdə faktları istədiyimiz kimi açıq formada səsləndirmək mümkün deyil. Ancaq cənab Prezidentin çıxışından ümumi qənaət budur ki, bəli, Ermənistanın Azərbaycana qarşı işğalçı müharibəsinin tərəfi təkcə Ermənistan olmayıb. Rusiya, İran faktiki olaraq Azərbaycana qarşı təcavüzkar müharibənin aktiv tərəfi olub. Rusiya Ermənistana 44 günlük müharibədə bütün mümkün hərbi, maddi yardımı edərək Azərbaycanı Ermənistan adı ilə məğlub etmək istəyirdi və Ermənistana bütün mümkün variantlarla kömək etdi”.
İlham Əliyev çıxışında “44 günlük müharibə zamanı bunu ictimai şəkildə dəfələrlə bəyan etdi ki, müntəzəm qaydada, gündə bir neçə dəfə Rusiyadan təyyarələr vasitəsilə Ermənistana silah daşınırdı.
Biz bütün marşrutları izləyirdik – Rostovdan və Mozdokdan silah daşınırdı. Biz gürcüstanlı dostlarımızdan hava məkanını bağlamağı xahiş etdik və onlar bunu etdilər. Bundan əlavə, biz gürcüstanlı dostlarımızdan xahiş etdik ki, quru yolu vasitəsilə Rusiyadan Gürcüstan ərazisindən silahların daşınmasının qarşısını alsınlar və onlar belə də etdilər.
Biz buna görə minnətdarıq. Biz bütün Xəzəryanı ölkələrə məktublar göndərdik ki, Rusiyadan Ermənistana silah daşıyan yük təyyarələrinə uçuş icazəsi verilməsin. Belə məktublar Qazaxıstan, Türkmənistan və İrana göndərildi. Təəssüf ki, bu təyyarələr həmin ölkələrin hava məkanından istifadə edərək Ermənistana daxil olurdu.” – deyə qeyd etd: “Bu faktın özünün ölkə başçısının dilindən səslənməsi onu sübut edir ki, bəli, Rusiya Azərbaycanın bütün problemlərinin yaradıcısıdır və 44 günlük müharibədə də Rusiya faktiki tərəf olub. Hətta Ermənistan baş naziri Paşinyan bütün müharibə boyu Rusiyanın onlara hərbi köməyi barədə açıq şəkildə bildirib. Ona görə də əksər ekspertlər bu müharibədə Rusiyanın tərəf kimi uduzduğunu qeyd edir. Məsələn, Rusiya prezidenti Vladimir Putinin sabiq müşaviri İllarionov bu fikiri dəfələrlə səslədirib. Yeri gəlmişkən, erməni baş nazir Paşinyan 44 günlük müharibə öncəsi qeyd etmişdi ki, bəli, Xocalıda azərbaycanlılara qarşı soyqrımı 366-cı rus alayının vasitəsi ilə törədilib.
Qazaxıstan və Türkmənistana gəlincə bəllidir ki, bu dövlətlər faktiki Rusiyanın patronajı altında olduğundan Rusiyanın maraqlarına toxunan qərarlar verə bilməzdi. Həmin dövrdə Qazaxıstanla bağlı Rusiya müəyyən çətinliklər gördü və Rusiyanın Qazaxıstanda faktiki dövlət çevrilişi həyata keçirərək Nursultan Nazarbayevi real hakimiyyətdən uzaqlaşdıraraq Tokayev timsalında Rusiyaya loyallığını 100% dərəcəsində təmin etmiş oldu”.
Politoloq digər vacib məqamın isə İlham Əliyevin İranlı diplomatın provokasiyalı sualı ilə bağlı olduğunu deyib: “Sözsüz ki, İlham Əliyev 44 günlük müharibə faktiki olaraq beynəlxalq müstəvidə informasiya müharibəsini də təkbaşına aparırdı və informasiya savaşında da həmişə mükəmməl hazırlığı və biliyi ilə heyran edirdi. O dövrdə də İranlı xanım jurnalistin sualı prezidentin cavabı ilə onu gülünc vəziyyətinə salması ilə yadda qalmışdı. Necə deyərlər bu dəfə də tarix təkrarlandı və İranlı diplomat Şuşada keçirilən Zəfər Qurultayına İranın qısqanc münasibətini büruzə verdi. Təbii ki, Prezidentin cavabı iranlı diplomatı çıxılmaz vəziyyətə qoydu və ancaq başını yelləməklə arqumentlərlə razılaşdığını göstərdi. Sözsüz ki, İran Azərbaycana dost dövlət olması təbiətdən mümkün deyil və tarix boyu rus-fars birliyi Azərbaycana, türk etnosuna qarşı bir cəbhədə olub. Qarabağin Ermənistan tərəfindən işğalına İranın bilavasitə yardımı danılmazdı və 44 günlük müharibə zamanı da İranın Ermənistana hərbi yardımı dayanmayıb. Arazboyu Azərbaycan ordusu haqqında kəşfiyyat məlumatlarının Ermənistana ötürülməsi faktı göz qabağındadır.
V.Dadaşov onu da vurğulayıb ki, Azərbaycanın qələbəsi ilə yekunlaşan 44 günlük müharibədən sonra cənab Prezidentin Cəbrayıla səfəri zamanı İran sərhədçilərin Azərbaycan Prezidenti İlham Əliyevə qarşı təxribatlarını da unutmamışıq (Fakla bağlı müəllifi olduğum “Bizim tarix” kitabımda geniş yazmışam). Sözsüz ki, iranlı diplomatın və ümumiyyətlə, İran dövlətinin Azərbaycan qısqanclığı mənbəyi bəllidir və Şuşada Zərər Qurultayı da həmin o 40 milyonluq Cənub Azərbaycan qorxusudur:
“O ki, qaldı İran ərazisindən Naxçıvana Zəngəzur kommunikasiya qovşağının yaradılmasına, bu razılaşma İranın Azərbaycana xoş niyyətindən yaranmayıb. Əvvəla, yadımıza salaq ki, Ermənistan ərazisindən Laçın dəhlizinə oxşar formada Zəngəzur dəhlizinin keçməsinə İran qətiyyən razı deyildi və bu dəhlizin açılacağı halda dəhlizə təhlükəsizliyin təmin edilməsi adı ilə nəzarəti əldə etmək istəyirdi. Və bu dəhlizi Ermənistanın ərazi bütövlüyünün pozulması kimi, özünün qırmızı xətti elan etmişdi. Bəs necə oldu ki, İran öz ərazisindən Azərbaycanı Naxçıvanla birləşdirən kommunikasiya xəttinin açılmasın istədi?
Məsələ ondadır ki, İran bu addımla Naxçıvanla Azərbaycan arasında kommunikasiya xəttinə nəzarət əldə etməklə, Ermənistan ərazisindən Zəngəzur dəhlizinin açılmasına mane ola biləcəyinə hesab götürdü. Məhz bu səbəbdən də 10 noyabr üçtərəfli Moskva Bəyannaməsinə uyğun razılaşmaya görə Zəngəzur dəhlizinin bu iki il müddətinə heç bir texniki, loqistik məsələləri həll edilməyib və faktiki olaraq Ermənistan Zəngəzur dəhlizini açılmasını əngəlləməyə çalışır. Yəni ki, İran öz ərazisindən Azərbaycanla Naxçıvan arasında kommunikasiya xəttinin yaradılması ilə özünün qırmızı xətti elan etdiyi Ermənistanın ərazi bütövlüyün qorumaq istəyir. Təbii ki, İran öz anti Azərbaycan siyasətini yürüdür, ancaq Azərbaycan da yaranmış real vəziyyətdən istifadə edərək, Lazın dəhlizini beynəlxalq standartlara uyğun olaraq faktiki iki dövlət arasında keçid məntəqəsinə çevirir və sözsüz ki, Laçın dəhlizinə eyniliklə Ermənistan ərazisindən Zəngəzur dəhlizi yaradılmasa, Laçın dəhlizi indiki formasından məhrum ediləcək”.
Konfransda ən mühüm məsəllərdən biri də sərhədlərin delimitasiyası və demarkasiya ilə bağlı idi və cənab Prezident bütün dünya erməniləri və onların Rusiya, İran, Fransa kimi havadarlarını çox narahat edən açıqlama verdi və bildirdi ki, Ermənistanla sərhədlərin delimitasiyası nəinki 1918-ci ilin xəritələrinə uyğun və hətta 1918-ci ildən əvvəlki, dövrün xəritələrinə istinadən aparılmasını düşünür: “Bu isə o deməkdir ki, Azərbaycan öz tarixi ərazilərinə və hansı ki indiki Ermənistan əraziləri sayılan İrəvan, Zəngəzuru düşünür.
Bakıda ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda Azərbaycan prezidenti İlham Əliyevin çıxışının ümumi təhlili onu göstərir ki, qalib Azərbaycan üçün faktiki olaraq Qarabağ adlı bir problem yoxdur və Azərbaycanın daha böyük məqsədləri var və Prezident İlham Əliyev də buna aydın şəkildə eyham vurdu. Digər tərəfdən cənab Prezidentin çıxışı dost və düşmənimiz açıq göstərərək, gələcək mümkün təzyiq və hücumların istiqamətini göstərmiş oldu və eyni zamanda Azərbaycanın bütün çağırışlara, hücumlara hazır olduğunu elan etmiş oldu. Bu konfrans siyasi əhəmiyyəti ilə indiki mürəkkəb beynəlxalq geosiyasi vəziyyətdə xüsusi əhəmiyyət kəsb edir. Güclərin toqquşması fonunda tərəflərin müəyyən edilməsi, siyasi prosesləri xeyrimizə istifadə etməyimizə əlverişli şərait yaradır və cənab Prezident bunu məharətlə həyata keçirir”.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.