“Azərbaycanın Kissinceri ” politoloq, xarici siyasət məsələləri üzrə ölkənin dövlət müşaviri olmuş Vəfa Quluzadənin vəfat ediyi gündür.
Bəri başdan deyim ki, Azərbaycan müstəqillik əldə edəndən sonra onun milli təhlükəsizliyinin, xarici siyasətinin formalaşmasında Vəfa Quluzadənin xüsusi xidmətləri olub.
Bəziləri onu Z.Bjezinski ilə müqayisə etsə də o, özü- özünü sağlığında bir neçə dəfə görüşdüyü Henri Kissincerlə müqayisə etməyi daha çox sevərdi…
Vəfa Quluzadənin zamana uyğun olaraq xameleonsayağı dəyişmək və küləyin haradan əsdiyini duymaq qabiliyyətinə malik diplomat idi. Vəfa Quluzadə siyasi anlamda sağ -salamat qalmağı bacaranlardan idi.
Əvvəlcə sovet diplomatı kimi, sonra Azərbaycan diplomatı kimi Azərbaycanın müstəqillik dövrünün ilk üç prezidentinin-Ayaz Mütəllibovun, Əbülfəz Elçibəyin və Heydər Əliyevin milli təhlükəsizlik müşaviri kimi vəzifələrdə olmağı bacarmışdı…
Onun Azərbaycanda milli-azadlıq hərəkatın rəhbəri Əbülfəz Elçibəylə möhkəm dostluğu olub: “Vəfa müəllim çox pozitiv ruhlu, vətənpərvər adam idi. O, Azərbaycan diplomatiyasını, xüsusilə də Dağlıq Qarabağ problemini, münaqişənin sirli məqamlarını dərindən bilirdi. Postsovet məkanındakı prosesləri həm çox gözəl sezirdi, həm də yaxşı təhlil edirdi”.
Vəfa Quluzadə isə Elçibəylə son söhbətini belə xatırlayırdı: “Mən hesab edirəm ki, Elçibəyin qəfildən Kələkiyə qaçması çoxsaylı interpretasiyalarla zəngin olan sirrdir. Mən şəxsən Elçibəyə dedim ki, hamımıza silah versin və biz Prezident Aparatının binasında axıra qədər döyüşək. Çilidə olduğu kimi (o vaxt Çili Sosialist Respublikasının prezidenti Salvador Alyende 1973-cü il 11 sentyabr çevrilişi zamanı atışmada həlak olmuşdu). Amma Elçibəy mənə cavab vermədi və xəlvətcə Kələkiyə uçdu”
Həyatının sonlarında isə daha dəqiq desək 5-6 il öncə Rusiyanın Ukraynaya hücum edəcəyini demiş və bu qənaətə gəlmişdi ki, Rusiyanın Ukraynaya müdaxiləsi Bakını Amerika liderləri üçün qiymətli müttəfiqə çevirəcək.
…Bəzən bir hərfin daşıdığı yük, minlərlə insanın daşıya bilməyəcəyi qədər ağır olur. Tək “t” hərfi 1 may günündə “Vəfa”nı “vəfat” ilə yan-yana qoydu. Azərbaycanın suverenliyini hər zaman uca tutan və buna ən ciddi təhdidin yüz illərdir Rusiyadan gəldiyi gerçəyini heç nəyə dəyişməyən Vəfa Quluzadə bu gün çox təəssüf ki, aramızda yoxdur. Müsavatın sabiq Başqanı İsa Qəmbər demişkən “Bu gün Vəfa müəllim vəfat etdi. Azərbaycan diplomatiyasının önəmli bir səhifəsi də belə qapandı…”
Mən isə düşünürəm ki, Vəfa Quluzadə 2001-ci il mayın 1-də vəfat etsə də kölgəsi hələ də Qafqazın üzərindədir.
Allah Rəhmət Eləsin …
Baba ALLAHNƏZƏROV.
araz.az xəbər portalı.