Rusiya qoşunları Putinin Ukraynanı “nasistlərdən” təmizləmək üçün “xüsusi hərbi əməliyyat” adlandırdığı hücumlarla fevralın sonunda Ukraynaya daxil olub. Bununla belə, işğalın üçüncü həftəsində istənilən nəticəni əldə edə bilməyən Rusiya hərbiyyəsi Putini rus qoşunlarının kütləvi hücumuna və münaqişənin genişlənməsinə imkan verəcək müharibə elan etməyə çağırıblar.
Rusiya mənbələri və Qərb rəsmilərinin bildirdiyinə görə, Putin Qələbə bayramı şənlikləri zamanı Ukraynaya “yekun müharibə” elan etməyə hazırlaşır.
Böyük Britaniyanın müdafiə naziri Ben Uolles bildirib ki, Rusiya lideri Rusiyanın qələbə günü paradından istifadə edərək kütləvi səfərbərlik elan edə bilər.
NATO-nun keçmiş lideri Riçard Şerif isə xəbərdarlıq edib ki, Qərb Ukraynada Rusiyaya qarşı “ən pis ssenariyə” hazırlaşmalıdır. İngiltərə də daxil olmaqla bir çox ölkə İkinci Dünya müharibəsində müttəfiqlərin faşist Almaniyası üzərində qələbəsinin ildönümünü mayın 8-də qeyd etdiyi halda, Rusiyada saat fərqinə görə bu tarix mayın 9-na düşür.
“Telegraph” nəşri Rusiyadakı hərbi mənbələrə istinadən yazır ki, hərbçilər Kiyevə hücumun uğursuzluqla nəticələnməsindən hiddətləniblər: “Orduda olan insanlar keçmiş uğursuzluqları kompensasiya etmək üçün yollar axtarır və Ukraynada daha da irəli getmək istəyirlər”.
Bu həftənin əvvəlində Rusiya hərbçilərinin Putinin Ukraynaya müdaxiləni məhdudlaşdırmasından qəzəbləndiyi və Rusiya liderini münaqişəni yenidən gərginləşdirməyə çağırdığı bildirilir. Britaniya naziri Uolles Rusiyanın İkinci Dünya Müharibəsinin başa çatmasını qeyd edən qələbə günü paradında Putinin “nasistlərə” qarşı yeni müharibə elan edə biləcəyini deyib.
Putin ordusunun hərbi hədəflərin ilk dalğasında uğursuzluğa düçar olması ilə Moskva bütün səylərini Ukraynanın həm şərq, həm də cənub sahillərini ələ keçirməyə yönəldib. Lakin işğalın ilk aylarında olduğu kimi Rusiya qüvvələri Kiyevin əzmkar ordusu qarşısında dirənişlə qarşılaşır. Bəzi analitiklər Putinin mayın 9-da hansısa qələbəsini elan edə biləcəyi mövqedə olmaq istədiyini düşünürdülər. Ancaq, Uolles deyir ki, Putin fürsətdən istifadə edərək “nasistlər” adlandırdığı hərbçilərə qarşı yeni müharibə elan edə və xalqını ukraynalı müdafiəçilərə qarşı kütləvi təbliğatla səfərbər edə bilər. “Putin mayın 9-da “Biz nasistlərlə müharibə edirik” deyərək rus xalqını kütləvi şəkildə səfərbər etmək istəsə, təəccüblənmərəm”, – Uolles deyib.
Bir neçə gün əvvəl Putin Rusiyanın Ukraynadakı müharibəsinə “müdaxilə” etməyə cəsarət edən hər kəsə qarşı nüvə silahından istifadə edəcəyini bildirmişdi. NATO-nun keçmiş lideri Şerif Rusiyanın Ukraynaya hücumlarını ikiqat artıracağını və xalqına bunun doğru addım olduğunu bildirməkdə israrlı olacağını bildirib: “Ən pis ssenari Rusiya ilə müharibədir. Ən pis ssenariyə hazırlaşaraq Putini çəkindirməliyik, çünki nəticədə Putin gücə hörmət edir”.
Tahir TAĞIYEV.
araz.az xəbər portalı.