1 may 2022-ci il tarixdə Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcması növbəti iclasını keçirdi.
İclası giriş sözü ilə açan Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli, ənənəvi olaraq, ötən iclasdan ötən müddət ərzində dünyada, regionda və Azərbaycanda baş verən hadisələrə ümumi baxış sərgilədi və bu müddətdə AQC və QAİ-nin həyata keçirdiyi tədbirlər barədə məlumat verdi.
Əziz Ələkbərli xüsusilə aprelin 22-də Dünya Azərbaycanlılarının Şuşa şəhərində keçirilən V Zəfər Qurultayı və Qurultayda Prezident İlham Əliyevin çıxışı üzərində dayandı, dövlət başçımız tərəfindən verilən mesajlara diqqət yetirdi. O bildirdi ki, cənab Prezident çıxışında Azərbaycanın Ermənistana təqdim etdiyi beş baza prinsipindən bəhs edərkən konkret şəkildə bildirdi ki, bu prinsiplər “Ermənistan üçün yeganə çıxış yoludur və bəlkə də son şansdır. Əgər bundan imtina etsələr, onda biz də Ermənistanın ərazi bütövlüyünü tanımayacağıq, bunu rəsmən bəyan edəcəyik”.
Şuşadakı çıxışında dövlət başçımızın ermənilərin indiki Ermənistan ərazisində – tarixi Azərbaycan torpaqlarında son iki yüz ildə soydaşlarımıza qarşı törətdiyi deportasiya və soyqırımlara xüsusi yer verməsini də xüsusi qeyd etdi.
Əziz Ələkbərli aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda keçirilən beynəlxalq konfransda Prezident İlham Əliyevin çıxışı barədə də ətraflı məlumat verdi.
Daha sonra iclasın gündəliyindəki məsələlərin müzakirəsinə keçildi.
İlk məsələ olaraq Qərbi Azərbaycan İcmasının və Speace TV-nin “Yurd yeri” layihəsinin əhəmiyyəti və təqdimatı barədə məlumat dinlənildi və aprelin 28-də Bakı şəhərinin “Nizami”. Kinoteatrında keçirilən təqdimat mərasimi yüksək qiymətləndirildi. 1988-1991-ci illər deportasiyası zamanı Qərbi Azərbaycan ərazisində soyqırımına məruz qalmış 300-ə yaxın azərbaycanlı yaşayış məntəqəsinin hər biri haqqında sənədli filmin çəkilişi tarixi hadisə hesab edildi.
İkinci məsələ olaraq AQC və QAİ-nin Qadınlar Şurasının tədbirləri barədə Şuranın sədr müavini Rəhilə Abdullayevanın məlumatı dinlənildi. Mayın 3-də şəhid ailələri və qazilərlə görüş keçirilməsi təşəbbüsü yüksək qiymətləndirildi.
Təşkilati məsələlərin müzakirəsi zamanı rayon və kənd icmalarının və Azərbaycanın ayrı-ayrı rayonlarında nümayəndəliklərin yaradılması məsələsi nəzərdən keçirildi.
Cari məsələlərin müzakirəsində İrəvan Müəllimlər Seminariyasının 140 illiyi ilə bağlı ölkədə keçirilən yubiley tədbirlərində AQC və QAİ nümayəndələrinin iştirakı yüksək qiymətləndirildi və İcmanın bundan sonra da bu yubileyi diqqət mərkəzində saxlamağı qərara alındı.
Təşkilatın növbəti iclaslarının ənənəvi şəkildə Cəmiyyətin ofisində keçirilməsi məsələsi də müzakirə bə qəbul edildi.
İclasda Əziz Ələkbərli, Mirfaiq Mirheydərli, Abduləli Həsənov, Şəmsiyyə Mustafayeva, Rəhilə Abdullayeva, Ələsgər Məmmədov və b çıxış etdilər və müzakirə olunan məsələlər barədə rəy və təkliflərini bildirdilər.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.