Mayın 9-da İkinci Dünya Müharibəsində nasistlər üzərində qələbəni qeyd etməyə hazırlaşan Rusiyada Putinin gözlədiyi Ukrayna qələbəsi gəlmədi. ABŞ və Qərb rəsmiləri Rusiya lideri Putinin mayın 9-da Ukraynaya rəsmən müharibə elan edəcəyini gözləyir.
Bu arada, 9 May Qələbə günündə güc nümayiş etdirməyə hazırlaşan Rusiyanın prezident Putini daşıyacaq qiyamət təyyarəsi Moskva səmasında görünüb.
Britaniya mətbuatı 12 ildən sonra ilk dəfə peyda olan təyyarənin Putin tərəfindən Qərb ölkələrinə xəbərdarlıq mesajı üçün havaya qaldırıldığını yazır.
2010-cu ildən Qələbə paradında görünməyən “Qiyamət günü” təyyarəsi İl-80 Putinin mümkün nüvə müharibəsində minməsi üçün nəzərdə tutulub. Rusiyanın mümkün nüvə müharibəsi üçün nəzərdə tutulmuş dörd İlyuşin-80 təyyarəsi var.
Təyyarənin sərnişinlərini atom partlayışlarından qorumaq üçün pəncərələri yoxdur.
Bu təyyarələrdə ölkənin silahlı qüvvələri və nüvə raketləri buraxmağa qadir olan bölmələri ilə əlaqəni təmin edən xüsusi rabitə vasitələri var.
Təyyarə quyruğundan çıxan kilometr uzunluğunda antenası ilə ballistik raket sualtı qayıqlarla əlaqə saxlaya bilir.
Yanacaq doldurmadan bir neçə gün havada qala bilən təyyarə elə qurulub ki, Putin və digər siyasi və hərbi rəsmilər buradan mümkün nüvə müharibəsini idarə edə bilsinlər.
“Qiyamət günü’ təyyarəsi 2020-ci ilin dekabrında böyük qalmaqalla dünyanın diqqətini çəkmişdi. Belə ki, cənubda yerləşən Taqanroq Aviasiya Elmi-Texniki Kompleksinə texniki xidmət üçün enən “İlyuşin-80” tipli təyyarə həmin vaxt qarət edilib. Məlum olub ki, təyyarənin yük qapağı açılıb və radiotexnikanın 39 hissəsi oğurlanıb.
Rusiya rəsmiləri tərəfindən təsdiqlənən oğurluqda polisin təyyarədə ayaqqabı və barmaq izləri tapdığı açıqlanıb.
İlyuşin-80-lərin bəzi xüsusiyyətləri dövlət sirri kimi saxlanılır. Oğurlanmış avadanlıqların nə dərəcədə həssas olduğu və bu sirlərin başqalarının əlinə keçib-keçməyəcəyi sirr olaraq qalır.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.