Elçin Qurbanov: “Mənimsəmə və Korrupsiya hüquqpozmaları ilə bağlı nəticələr istənilən halda Baş Prokurorluq yanında Korrupsiya ilə Mübarizə Baş İdarəsinə göndərilir”
Son illərdə Hesablama Palatasının apardığı araşdırmaların yekun rəyindən görünür ki, bir çox qurumlarda dövlət büdcəsinin israfı və dağıdılması hallarına rast gəlinir. Ancaq maraqlıdır ki, Hesablama Palatasının apardığı araşdırmalardan sonra aşkar edilən kobud qanun pozuntuları ilə əlaqədar hansı hüquqi ölçülərin götürülüb-götürülmədiyi ilə bağlı çox vaxt xəbərsiz oluruq.
Bu yaxınlarda Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Hesablama Palatasının 2021-ci ildə fəaliyyəti haqqında” Hesabatın müzakirəsi zamanı deputat Fazil Mustafa maraqlı fakta toxunub.
Deputat qeyd edib ki, bu məsuliyyətli yanaşmanın davam etməsi üçün millət vəkilləri ilə sıx əlaqələr qurulmalıdır: “Mən çox istərdim ki, qurum bu ənənəni davam etdirsin. Bu təmaslar Hesablama Palatasının Milli Məclisə qapılarının açılması deməkdir. Bu, əməkdaşlığın inkişafı üçün ən böyük amillərdən biridir. Hesabatda bərpası mümkün olmayan vəsaitlər məsələsi mənim diqqətimi cəlb elədi. Əslində dövlət büdcəsi əla mahiyyət daşıyır, yəni bərpası mümkün olmayan bir şey olmamalıdır. Əgər nəsə varsa, bu, korrupsiya elementidir”.
Deputat xatırladıb ki, ötən dəfə Bakı Nəqliyyat Agentliyi (BNA) ilə bağlı məsələni müzakirə ediblər: “Məlum oldu ki, Avropada 131 avroya başa gələn işarələnmə üçün Azərbaycanda 1850 manata müqavilə bağlanıb. Bu nə deməkdir?!”
Göründüyü kimi, eyni işin görülməsi ilə bağlı bizdə Avropadan 10 dəfə çox vəsait xərcləndiyinin şshidi oluruq. Belə israf hallarının müəyyən edilməsilə bağlı növbəti hüquqi addımlar necə olmalıdır?
araz.az-ın xəbərinə görə İqtisadçı ekspert Elçin Qurbanov bildirdi ki, ötən ilin əvvəli işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinin həyata keçirilməsində xərclərin optimallaşdırılması, izafi xərclərə yol verilməsinin qarşısının alınması və bir sıra prosedurların həyata keçirilməsi barədə təmsil etdiyi qurum vasitəsilə hökumətə təkliflər verib: “Səhv etmirəmsə, ötən ilin yaz sessiyasında Baş nazir Əli Əsədov Milli Məclisdə geniş məzmunda çıxış edərək həmin məsələlərə toxundu. Satınalmalarda və növbəti prosesdə izafi xərclərin yolverilməz olduğunu və belə hallarla kəskin şəkildə mübarizə aparılacağını dilə gətirdi. Doğrusu, bu məni çox sevindirirdi. Qeyd edim ki, hörmətli deputatın BNA tərəfindən işarələnmələrə dair rəvac verilən xərclərin izafi həddi barədə səsləndirdiyi fikirləri Baş nazir tərəfindən edilən xəbərdarlığın mahiyyəti ilə anoloji xarakter daşıyır. Yaxşı məlumdur ki, büdcə xərcləri ilə bağlı kənar dövlət maliyyə nəzarət fəaliyyətini ali audit orqanı olan Azərbaycan Respubılikasının Hesablama Palatası ( ARHP) həyata keçirir. ARHP –nin yurisdiksiyasında büdcə məsələləri ilə bağlı çox geniş səlahiyyətləri əhatə edən Palatanın hüquq və vəzifələri təsbit olunmuş Azərbaycan Respublikasının Hesablama Palatası Haqqında Azərbaycan Respublikasının Qanunu var. Qanuna əsasən icmal büdcənin, o cümlədən dövlət büdcəsinin və büdcədənkənar dövlət fondlarının (təsisatlarının) gəlirlərinin və xərclərinin proqnozlaşdırılması, hesablanması, icrası və digər öhdəliklərin yerinə yetirilməsi, ayrılan vəsaitlərin qanunauyğun, məqsədyönlü, səmərəli və təyinatı üzrə istifadəsi dövlət əmlakının idarə edilməsi, dövlət satınalmaları, dövlət investisiyaları, dövlət proqramlarına və layihələrinə ayrılmış vəsaitlərin istifadəsi, qrantların və maliyyə (texniki) yardımlarının təyinatı üzrə və səmərəli istifadəsi, ətraf mühitin mühafizəsi təbii fəlakətlərin nəticələriin aradan qaldırılması, daxili və xarici dövlət borcunun idarə olunması və s. qanunla müəyyən edilmiş kənar dövlət maliyyə nəzarətinin obyektlərinin maliyyə təsərrüfat sisteminə dair bütün meyarlar üzrə dövlət nəzarətinin həyata keçirilməsi ilə bağlı ARHP hüquqları və vəzifələri müəyyən edilib. Bakı Nəqliyyat Agentliyi Publik Hüquqi şəxsi nəqliyyat infrastrukturuna dair bütün işləri tender və müsabiqələr yolu ilə həll edir. Burada digər incə hüquqi məsələlər var, hansı ki, qanunda birbaşa nəzərdə tutulmur. Diqqəti bir qədər də artırmağınızı istərdim. Qanuna əsasən, BNA-nın nizamnamə fondu 49067691,47 (qırx doqquz milyon altmış yeddi min altı yüz doxsan bir manat qırx yeddi qəpik) manat təşkil edir. Məsələ ondadır ki, dövlət satınalmaları haqqında qanunda publik hüquqi şəxslər tərəfindən elan edilən satınalmalar nəzərdə tutulmur, eynilə də ARHP haqqında qanunda da publik hüquqi şəxslər nəzarət obyekti kimi təsbit olunmayıb. BNA mülkiyyət formasına görə dövlətə məxsusdur lakin Publik hüquqi şəxslər haqqında Azərbaycan Respublikasının Qanununa əsasən Publik hüquqi şəxs dövlət və bələdiyyə adından yaradılan, ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, dövlət və ya bələdiyyə orqanı olmayan təşkilatdır.
PHŞ haqqında qanuna əsasən – Agentliyin maliyyə-təsərrüfat fəaliyyətinin müstəqil (kənar) auditi Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.
Agentliyin fəaliyyətinə nəzarəti Azərbaycan Respublikasının Prezidenti həyata keçirir.
Agentliyin fəaliyyətinə dair illik hesabat Azərbaycan Respublikasının Prezidentinə təqdim edilir.
Agentliyin əmlakı nizamnamə fondundan, təsisçinin verdiyi digər əmlakdan, habelə dövlət büdcəsindən ayrılan vəsaitdən, fəaliyyətindən əldə edilmiş gəlirlərdən, ianələrdən, qrantlardan, cəlb olunan investisiyalardan və qanunla qadağan edilməyən digər vəsaitlərdən formalaşır. Əlavə olaraq bildirmək istərdim ki, podratçılarla satınalmalarda qiymətlərə nəzarətlə bağlı Nazirlər Kabinetinin müvafiq qərarı səhv etmirəmsə 2015-ci ildə ləğv edilib. Habelə Mülki hüquq münasibətlərinin subyektləri müqavilələrin şərtlərində sərbəstdirlər. Daha aydın ifadə etsək bu məsələ qurumların satınalmalar komissiyası tərəfindən tənzimlənir.
Belə nəticəyə gəlmək olar ki, əgər BNA-nin maliyyə təsərrüfat fəaliyyətinə kənar dövlət maliyyə nəzarət tədbirlərinin həyata keçirilməsi ARHP –nın faəliyyət dairəsinə aid deyil. Ona görə də yalnız dövlət büdcəsindən ayrılan vəsaitlərin xərclənməsinə nəzarətin həyata keçirilməsi məqsədilə xüsusi rejimli və seçmə üsulla maliyyə sisteminə nəzarət Hesablama Palatası tərəfindən həyata keçirilə bilər. Mənimsəmə və Korrupsiya hüquqpozmaları ilə bağlı nəticələr isə istənilən halda Baş Prokurorluq yanında Korrupsiya ilə Mübarizə Baş İdarəsinə göndərilir”.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.