protest ermeniAbutalıb Səmədov: “Onların indi öz məqsədlərinə çatması və Paşinyanı hakimiyyətdən uzaqlaşdırması qeyri-mümkündür”

Məlumdur ki, hazırda Ermənistanda revanşistlər yerə-göyə zəncir salıb özlərini hakimiyyətə qovuşdurmaq istəyirlər. Nikol Paşinyanı devirib onun yerinə Robert Köçəryan-Serj Sarkisyan cütlüyünü gətirmək istəyirlər.

Bu gün Köçəryan-Sarkisyan cütlüyü daha əvvəlki ssenarini reallaşdırmaq, Qarabağda vəziyyəti gərginləşdirmək, Araik Arutunyanın  aradan götürülməsinə nail olmaq və özlərinin hakimiyyət ehtiraslarını Qarabağdan Ermənistana hakimiyyətə gəlmək yolu ilə həyata keçirmək istəyirlər. Bu istiqamətdə xüsusi fəallıq göstərən cütlük niyyətlərinə çatmaq üçün hər cür məkrli plana baş vurur. 
Köçəryanın və Sarkisyanın Qarabağdan növbəti dəfə hakimiyyətə gəlmək şansları nə qədərdir?

  • “…Ermənilər içərisində Köçəryanın və Sarkisyanın heç bir nüfuzu, ciddi dəstəyi yoxdur”

Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Ermənistandakı Qarabağ klanı 1998-ci ilin əvvəllərində Levon Ter-Petrosyana qarşı xalqı ayağa qaldırmağa nail oldu və son nəticədə Levon Ter-Petrosyan istefa vermək məcburiyyətində qaldı. “Bu, təbiidir ki, o dövrdə Qarabağ klanının və onun liderləri Robert Köçəryanın və Serj Sarkisyanın Ermənistanda müəyyən qədər nüfuzunun olması ilə əlaqədar idi. Ancaq eyni zamanda, o dövrdə Levon Ter-Petrosyan da nüfuzunu kifayət qədər itirmişdi. Ermənilər içərisində dəstəyi yox idi. Reallıq bundan ibarətdir ki, erməni cəmiyyəti Levon Ter-Petrosyanı nə onda qiymətləndirdi, nə də indi qiymətləndirir. Və son parlament seçkilərində onun partiyasının parlamentə düşməməsi də bunun göstəricisidir. Bu gün Qarabağ klanı eyni addımı Paşinyana qarşı da ataraq onu da hakimiyyətdən uzaqlaşdırmağa çalışır. Bundan əvvəl 44 günlük müharibə başa çatdıqdan sonra buna cəhd göstərilmişdi. Amma heç nəyə nail ola bilməmişdilər. Onların indi öz məqsədlərinə çatması və Paşinyanı hakimiyyətdən uzaqlaşdırması qeyri-mümkündür. Çünki ermənilər içərisində Köçəryanın və Sarkisyanın heç bir nüfuzu, ciddi dəstəyi yoxdur. İddia olunduğu kimi onların Rusiyadan da ciddi dəstək alması mümkünsüzdür”.

A.Səmədovun sözlərinə görə, ortaya hamının qəbul edəcəyi lider də çıxara bilmirlər. Bu səbəbdən də A.Səmədov güman edir ki, bu anti-Paşinyan hərəkatı uğursuzluğa məhkumdur: “Elə bu səbəbdən Paşinyan da o qədər bunlara əhəmiyyət vermir və öz fəaliyyətini davam etdirir. Digər tərəfdən, Paşinyanın hakimiyyətdən getməsi Azərbaycanın maraqlarına qətiyyən cavab vermir. Biz çox istərdik ki, o hakimiyyətdə qalsın. Çünki bu gün Nikol Paşinyan erməni cəmiyyətində ən ağıllı siyasətçilərdəndir və onun belə müdrikləşməsində Azərbaycan ordusunun, Azərbaycan Prezidentinin müstəsna xidmətləri var”.

İradə SARIYEVA .  

araz.az xəbər portalı.