253756 o8txtuxkmrDünən Xankəndində separatçı rejimin başçısı Araik Arutyunyanın, orada formalaşdırılmış “rus icması” nümayəndələri ilə görüşüylə də, sözsüz ki, Rusiya ssenari üzrə öz rolunu oynadı. Təbii ki, Rusiya gələcək qığılcım ocağı yaratmaqla, ərazilərimizdə özünün daha bir formada mövcudluğunu yaratmaq istədiyini və bu prosesə xeyli əvvəl start verdiyini bir daha təsdiqlədi.
Hələ ötən ilin iyun ayının 28-də qələmə aldığım bir məqaləmdə də belə qeyd etmişdim: “Cənubi Qafqazda qalması üçün, Rusiya müxtəlif variantlara və planlara malikdir. İlk növbədə, Rusiyaya bəllidir ki, Ermənistanda mövqeyi əsalı şəkildə sarsılıb. Elə, 44 günlük Vətən Müharibəsində Azərbaycana məğlub olan Paşinyan hakimiyyətinin Ermənistandakı növbədənkənar seçkilərdə inamlı qələbəsi də buna sübutdur. Məhz buna görə, sülhməramlı adıyla Qarabağa girən Rusiya, burada separatçı rejimə “stavka” da etdi. Rusiyanın buradakı “rus dili və rus vətəndaşlığı” oyunu, rus sülhməramlılarının mandatdan kənar fəaliyyəti və fəaliyyəti ilə bağlı informasiya senzurası Qarabağda separatçı rejimə “stavka”nın tərkib hissəsidir”. Yəni, bu bir daha onu göstərir ki, erməni separatçıların “rus icması” gedişi könüllülük əsasında deyil. Separatçı rejim bunu çarəsiz və köməksiz vəziyyətdən çıxış kimi qəbul edib. Bir də ki, Ermənistanı monoetnik dövlətə çevirmiş ermənilərin “rus icmasl” istəyinin özü heç inandırıcı deyil. Deməli, bu ssenari üzrə oyunlar kənardan, daha doğrusu, Rusiya tərəfindən təşkil olunub və indiyədək idarə olunur. Ancaq Rusiya — Ukrayna müharibəsinə qədər açıqlamalarımda onu da qeyd edirdim ki, Rusiya göründüyü kimi güclü deyil və Federasiyanın məhvi mütləq tarixi proses ola bilər. Hal-hazırda da, bütün proseslər birmənalı şəkildə onu göstərir ki, Rusiya və Putin hakimiyyəti özlərinin son dövrünə keçid alıblar.
Digər tərəfdən, onu da qeyd etməyi vacib bilirəm ki, ona qarşı bütün Qərb dünyasının birləşdiyi belə bir həssas məqamda, Rusiya üçün yeganə nəfəslik yolu Türkiyədir! Türkiyə isə, artıq regional yox, qlobal gücdür. Türkiyə Cümhuriyyətinin xarici işlər naziri Mövlud Çavuşoğlu da, özünün son açıqlamalarının birində bunu açıq şəkildə dünyaya bəyan etdi. Üstəlik, Azərbaycan — Türkiyə müttəfiqlik haqqında Şuşa Bəyannaməsinə əsasən, bu iki qardaş ölkənin öz xarici siyasətlərini Milli Təhlükəsizlik Şuralarının məsləhətləşmələrindən sonra reallaşdırmaları da, birbaşa buna əyani misaldır. Bu yerdə, onu da nəzərə almaq lazımdır ki, hal-hazırdakı Rusiya — Ukrayna (Qərb) beynəlxalq hərbi-siyasi böhran vəziyyəti də, məhz, NATO-nun Rusiya sərhədlərinə doğru genişlənməsi prosesindən yaranıb. Göründüyü kimi, bu gərgin vəziyyətdə də, Finlandiya və İsveçin NATO-ya üzv qəbul edilmələri məsələsi qaldırılır və NATO rəhbərliyi də, bu ölkələrin üzvlüyünü sadələşdirilmiş prosedura qaydasında qəbulunun mümkünlüyünü elan edir. Yaranmış belə bir siyasi vəziyyətdə, dünən, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdogan isə dedi ki, onlar, Finlandiya və İsveçin NATO üzvlüyünə müsbət yanaşmırlar. İstisna deyil ki, Türkiyə, Finlandiya və İsveçin NATO üzvlüyünə “veto” qoya bilər. Necə ki, vaxtilə, Yunanıstanın NATO-ya üzvlüyünə qarşı da, Türkiyə “veto” hüququndan istifadə edərək, bu prosesi əngəlləmişdi.
Qeyd olunan bu reallıqlar fonunda, ortaya çıxan və hədsiz maraq doğuran sual budur ki, Türkiyə hansı hesabla Rusiyanın maraqlarına uyğun siyasətini yeridir. Şuşa Bəyannaməsinin tələblərini nəzərə alsaq, Türkiyənin və Azərbaycanın öz siyasi maraqları var və bu kontekstdə, Türkiyə və Azərbaycan İlkin olaraq, Rusiyadan istədiklərini almayınca, ruslara bu “həddiyəni” etməzlər. Ona görə də, Xankəndində və ətraf ərazilərdə, rusların, separatçı rejimin “rus icması” oyunu səhnədən götürülməyə məhkumdur. Hərçənd ki, “rus icması” siyasi və diplomatik vasitə kimi, oynanılmağa davam etdiriləcək və bu oyunun ciddiliyinə şübhə ilə yanaşmaq sadəlövhlük olardı. Üstəlik, bunu, rusların, ancaq və ancaq güc mövqeyindən anladığını unutmaq da olmaz.
Bu arada, bir məqamı da qeyd etmək yerinə düşər ki, Kremlin və onun qeyri-rəsmi sözçülərinin son açıqlamalarına görə, — inanılası olmasa da, — Rusiya Azərbaycanı artıq öz orbitindən kənarda olduğunu və Rusiyanın layihələrindən kənarda qalacağını bəyan edib. Hətta, bəzi rus analitiklərinin dediyinə görə, əksəriyyət: “Rusiya ordusu nə yaxşı ki, Azərbaycan Milli Ordusu ilə vuruşmur” – deyə, düşünürlər. Tanınmış rusiyalı siyasi analitik Aleksandr Nevzorov da, xüsusi olaraq belə vurğulayıb: “Yaxşı ki, önümüzdə Azərbaycan Ordusu deyil!”. Bəli, bu gün reallıqlar tamamilə başqa mənzərə yaradıb, nə Rusiyanın, nə də dünyanın heç bir dövlətinin Azərbaycana, Türkiyəyə qarşı dağıdıcı istəklərinin reallaşması mümkün deyil, həmçinin “rus icması” oyununun da!
Sözsüz ki, yaranmış geosiyasi vəziyyət Türkiyənin siyasi manevr imkanlarını əhəmiyyətli dərəcədə artırıb, elə, Finlandiya və İsveçin NATO-ya üzvlük məsələsi də. Türkiyənin bu məsələdə də, Qərbdən istəkləri var. Hərçənd ki, artıq, Qərbin Türkiyə təkliflərinin və verəcəklərinin o qədər də lazımi əhəmiyyəti yoxdur — nə siyasi, nə hərbi baxımdan. Ən vacib məsələ isə, Avropanın Rusiya enerji daşıyıcılarına alternativləri məsələsidir, hansı ki, Azərbaycan, Türkiyə vasitəsi ilə, bu işdə aparıcı mövqeyə malikdir. Bir də ki, Türkiyənin Qara dəniz hövzəsində böyük enerji daşıyıcıları (neft, qaz) ehtiyatlarını kəşf etməsi və həmin yataqların 2024-cü ildən istismara veriləcəyi də planlaşdırılır. Avropanın enerji təhlükəsizliyi Azərbaycanın və Türkiyənin mövqeyindən çox asılı vəziyyətdədir. Konkret desək, belə bir siyasi mənzərə də, Azərbaycanın və Türkiyənin nəinki regionda, eləcə də, qlobal masştabda arzuolunan maraqlarının təmin edilməsinin mütləqliyini ortaya çıxarıb.

Vüqar DADAŞOV,
hüquqşünas, MCP SŞ-nin üzvü, Qarabağ qazisi.

araz.az xəbər portalı.