sum kanalSumqayıt RİH: “Şəhərin böyük diametrli kanalizasiya xəttinin üstündə hər hansı bir tikinti aparıla bilməz”

Paytaxtla yanaşı, bölgələrdə də qanunsuz tikinti işləri aparılmaqda davam edir. Qanunsuz tikintilər bəzən yüksək gərginlikli elektrik xətlərinin altında, dəmir yolunun yaxınlığında və digər yaşayış üçün təhlükəli yerlərdə aparılıb. Bu səfər isə Sumqayıtda kanalizasiya xəttinin üstündə obyekt inşa olunur. Sumqayıt şəhərinin Çerkassi küçəsi, 153 ünvanında  obyekt iri kanalizasiya kollektorunun düz üzərində tikilir.

Qeyd edək ki, Sumqayıt kimi böyük bir şəhərin 15 faizinin kanalizasiya suyu  məhz həmin kollektorla axıdılır. Tikilən obyektin ağırlığından və ya içərisində baş verəcək hər hansı hadisə-dağıntıya görə kollektor zədələnərsə, bu zaman şəhərin böyük bir hissəsi çirkab sularının altında qalacaq. Bu isə ekoloji fəlakətin baş verməsinə səbəb olacaq.

Sakinlər qeyd edir ki, tikintinin dərhal dayandırılması ilə bağlı aidiyyəti qurumlara müraciət edib. Qanunsuz tikinti mövcud kanalizasiya xəttinin üstündədir: “Həmin ərazidə gələcəkdə qəza hadisəsi baş verərsə şəhər çirkli suların altında qalacaq”.

  • “Ayrı-ayrı vətəndaşlar həftə sonu iş günü olmamasından istifadə edib ərazidə tikinti aparıblar, ancaq…”

Sumqayıt Şəhər İcra Hakimiyyətindən bildirildi ki, hadisədən xəbərdardırlar: “Ayrı-ayrı vətəndaşlar həftə sonunda iş günü olmamasından istifadə edib ərazidə tikinti aparıblar. Əməkdaşlar vəziyyətdən xəbərdar olandan sonra dərhal tikintini dayandırdılar. Şəhərin böyük diametrli kanalizasiya xəttinin üstündə hər hansı bir tikinti aparıla bilməz”.

araz.az xəbər portalı.