названия“Kimə istəsəniz deyə bilərsiniz, bu pul sizə verilməyəcək!” deyən, işçi haqqını yeyən MMC-nin rəhbər şəxslərindən ölkə başçısına şikayət xarakterli Müraciət də ünvanlanıb

Vətəndaşı qul kimi işlədib, pulunu verməmək də, dövrün daha bir bəlasına, çözülməsi mümkünsüz bir probleminə çevrilib. Biabırçılıqla sonuclanan belə xoşagəlməz olaylarla, daha çox, tikinti- təmir və quraşdırma işləri ilə məşğul olan özəl qurumlarda rastlaşırıq. Halal işçi haqqını yeyən günahkar vəzifə kreslosu sahiblərinin əksəriyyəti isə, qanun-qaydalarımızın tələbələrini belə saymadan, haqqlarını tapdaladıqları vətəndaşlara qorxub-çəkinmədən belə deyirlər ki, hara istəsələr şikayət edə, kimə istəsələr deyə bilərlər, bu pullar onlara verilməyəcək. Onların arxayınçılıqla belə demələrinin əsas səbəbləri, hər yerdə eyni cür izah edilmir də! Məhz buna görə, şikayətçi olan vətəndaşlarımız, ümid yeri kimi, üz tutduqları çox ünvanlardan “əlləri ətəklərindən uzun geri dönürlər”. Eynən, bu “yazımızın qəhrəmanları” kimi!..
Dövrün bu bəlasının səbəbkarlarından biri də, «AZEA Group» MMC adlı təmir-tikinti qurumunun rəhbər şəxsləridir. Onlar da, gecə-gündüz işlətdikləri usta-fəhlələrin — Ucar şəhəri, Şah İsmayıl Xətai küçəsi, ev, 7 ünvanında yşayan Sadiq Paşa oğlu Məmmədovun, Ağcabədi rayon Boyat kənd sakinləri Hüsən Böyükkişi oğlu və Ülfət Hüsən oğlu Həsənovların, Saatlı rayon Hacıqasımlı kənd sakini Kamal Mətləb oğlu İbrahimovun, hətta qonşu Gürcüstan Respublikasının vətəndaşı olan çox imkansız soydaşımız Omar Mextiyevin maaşlarını vermək istəmirlər. Hələ bu aznış kimi, Əmək Müqaviləsi bağlamadan işlətdikləri bu şəxslərə, qorxub-cəkinmədən birbaşa belə deyirlər: “Gedin, kimə istəyirsiniz, deyin, bu pulu sizə verməyəcəyik, vəssalam!”.WhatsApp Image 2022 05 19 at 02.10.36
İncidilən bu işçi qrupu da, naəlacsızlıqdan, son ümid yeri kimi, mətbuat vasitəsi ilə, Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham cənablarına üz tutmağı qərara alıblar. Çünki indiyədək kömək üçün döymədikləri qapı qoymayıblar. Müraciət etdikləri dövlət qurumlarından isə, onlara başdansovdu cavablar verilib. Narazı bu vətəndaşlar tərəfindən, dövlət başçısına ünvanlanan Müraciətin bir nüsxəsi də, araz.az-ın redaksiyasına daxil olub. Haqqı tapdalananların şikayətləri ilə tanışlıqdan sonra, araz.az-ın əməkdaşı Müraciət müəllifləri ilə görüşməyi lazım bilib. Görüşüb onlarla, dərd-sərləri ilə daha ətraflı tanış olub. Və sonda, topladığı araşdırma məlumatları çərçivəsində onların tam haqlı olduqları qənaətinə gəlib.
Şikayətçilər əməkdaşımızla görüşdə xüsusi olaraq onu vurğulayıblar ki, bu şirkətin rəhbər şəxsləri, sanki bu cür işləməyi özlərinin həyat amalına çeviriblər. Bu, onların ölkə başçısına müraciətlərinin də əsas leytmotivini təşkil edir. Elə, bu səbəbdən, bu məsələnin ictimailəşməsi məqsədi ilə qələmə alınan həmin Müraciəti nöqtəsinə, vergulünə toxunmadan dəyərli oxucularımızın da diqqətinə çatdırırıq:

“Möhtərəm cənab Prezident!

Öncə diqqətinizə çatdırmaq istəyirik ki, «AZEA Group» MMC-nin bizə 12950 manat borcu var. Bu borcun 7650 manatı Əmək Müqaviləsi olmayan işlərdən, 5300 manatı isə, Məmmədov Sadiq Paşa oğlu ilə bağlanmış Əmək Müqaviləsinə əsasən yaranıb. Və açıq-aydın görünür ki, şirkət borclu olduğu bu pulumuzu indiyədək bizə verməyib, heç vermək də istəmir.
Yeri gəlmişkən, onu da qeyd edək ki, işə başlayan gündən Müqavilə bağalamaq istəsək də, «AZEA Group» MMC-dən bizimlə başqa yöndən şərt kəsdilər. Üstəlik, onu da dedilər ki, çoxlarını, bizim kimi, müqaviləsiz işlədirlər: “Xoşunuzdur işləyin, xoşunuz deyil, qapı açıqdır, gedə bilərsiniz!”. Hər birimiz ehtiyac içində olan böyük ailə başçısı olduğumuz üçün, deyilənlərə razılıq verməkdən başqa əlac tapmadıq. Ailələrimizi adlarını çəkdiyimiz bölgələrdə qoyub gəlmişdik ki, heç olmasa, bir tikə çörək pulu qazana, onlara göndərə bilək. Bir daha demək istəyirik ki, məhz buna görə, məcburiyyətdən, şirkətin bu ağır şərti ilə razılaşmaq qərarını verdik. Axı, belə ehtiyacımız olmasaydı, heç rayondan gəlib, burda işləməzdik də?!.WhatsApp Image 2022 05 19 at 02.10.36 1
Ehtiyac içində olan bizim kimilərin haqqını yemək Allahsızlıqdır! Axı, halal pulumuzu kəsirlər, belələrini heç Ulu Tanrı da bağışlamaz. İndi kimə deyək dərdimizi?!. Döymədiyimiz qapı, üz tutmadığımız idarə qalmayıb. Polislə prokurorluğa deyirik, dərhal belə başdansovdu cavab verirlər ki, bu iş onlarlıq deyil. Əmək Müfəttişliyinə müraciət edirik, onlar da, sadəcə olaraq, bizi yola verirlər. Yəni, gah belə yazırlar ki, guya, inzibati tənbeh vermə haqqında qərar qəbul ediblər, gah da belə yazırlar ki, guya, müəssisə rəhbərliyi tərəfindən tələb olunan sənədlər təqdim edilmədiyinə görə, Müraciətimizin ətraflı araşdırılmasını başa çatdırmaq mümkün olmur.
Əmək Müqaviləsi bağalamasaq da, cəlb edildiyimiz işlərdə üzərimizə düşən öhdəlikləri layiqincə yerinə yetirmişik. Amma «AZEA Group» MMC rəhbərliyi, həmin görülən işlərə görə, əvvəlcədən danışdığımız və razılığa gəldiyimiz əmək haqqımızı bizə ödəməkdən açıq-aşkar boyun qaçırır. Bir sözlə, bunu istəmir və özünü elə aparır ki, sanki heç nə vecinə də deyil. Qanunsuzluqlar o həddə çatıb ki, hətta, Məmmədov Sadiq Paşa oğluna da, ona çatacaq halal əmək haqqını ödəmək istəmir. Halbuki ona qanunlar çərçivəsində aylıq maaş yazılıb həmişə. Buna baxmayaraq, onun həmin qanuni maaşlarını şirkətin rəhbər şəxsləri açıq-aşkar mənimsəməkdən çəkinməyiblər.
Eyni zamanda, onu qeyd edək ki, Sadiq Məmmədovla «AZEA Group» MMC arasında bağlanmış 01.05.2021-ci il tarixli Əmək Müqaviləsinə 10.01.2022-ci il tarixində xitam verilsə də, 11.02.2022-ci il tarixində onun hesabına əmək haqqı ödənilib. Bu da, danılması və gizlədilməsi mümkünsüz real faktlardır.

Çox hörmətli Prezident!

Sizdən çox xahiş edirik ki, darda qalan ölkə vətəndaşları kimi, bizi başa düşə və bizi belə bir ağır duruma salan «AZEA Group» MMC və onun vəzifəli şəxsləri haqqında ciddi tədbir görülməsinə göstəriş verə, onlar tərəfindən bizə dəymiş 12.950 manat zərərin — halal əmək haqqımızın özümüzə ödənilməsinə köməkliyinizi əsirgəməyəsiniz! Edəcəyiniz köməyə görə, Sizə, qabaqcadan öz minnətdarlığımızı da çatdırırıq!”.WhatsApp Image 2022 05 19 at 02.10.36 2
Bu mövzu dərin, bu şikayətçi qrup belə haqlı olduğu üçün, bu ciddi məsələni də diqqətdə saxlamaq qənaətinə gəldik. Hətta ittiham və iddia olunanlarla bağlı, araz.az xəbər portalı olaraq, qarşı tərəfi də dinləməyə hazır olduğumuzu bildiririk!  
                       
Fərhad MƏMMƏDOV,
araz.az xəbər portalının xüsusi müxbiri.               

araz.az xəbər portalı.