Ukrayna ilə müharibə Rusiyada narazılıqları artırır. Məlumata görə, “Putinin şəxsi ordusu” adlandırılan Milli Qvardiya daxilində də narazılıqlar yaranıb.
araz.az xəbər verir ki, Rusiya Milli Qvardiyasının (Rosqvardiya) 115 hərbçisi Ukraynada döyüşməkdən imtina etdiyi üçün bu elitar birlikdən qovulublar.
İddia olunur ki, prezident Putinin şəxsi ordusu kimi tanınan “Rosqvardiya” sanki müxalif birliyə çevrilib.
Bildirilir ki, məhkəmə sənədlərində 100-dən çox milli qvardiyaçının “Ukraynada döyüşməkdən imtina etdiyi üçün hərbi birlikdən kənarlaşdırılması”nın yazılması Rusiya təhlükəsizlik qüvvələri arasında aşkar fikir ayrılıqlarını göstərir.
“Rosqvardiya”da xidmət edən 115 hərbçi birlikdən kənarlaşdırıldı qları üçün məhkəməyə şikayət etsə də, onların kollektiv müraciəti araşdırılmayıb.
Məlumata görə, məhkəmənin qərarında yazılıb ki, hərbçilər Ukraynada döyüşmək üçün “rəsmi borcunu yerinə yetirməkdən boyun qaçırdıqlarına” görə haqlı olaraq işdən çıxarılıblar.
Məhkəməyə müraciətin hazırda bu bölmənin yerləşdiyi Kabardin-Balkar Respublikasının paytaxtı Nalçikdən edildiyi bildirilir.
Bundan əvvəl də iddialar irəli sürülüb ki, Rusiya Ukraynaya hücuma keçəndən bəri ordunun əhval-ruhiyyəsi aşağı düşüb. Qeyd olunur ki, Ukraynaya aparılana qədər əsgərlərə döyüşə getmələri barədə məlumat verilmir.
Onu da qeyd edək ki, ABŞ Müdafiə Nazirliyi də (Pentaqon) Rusiya ordusunda müxtəlif səviyyələrdə, hətta batalyon səviyyəsində döyüşdən və əmrlərə tabe olmaqdan imtinaların olduğunu bildirir.
115 hərbçini müdafiə edən vəkil Andrey Sabinin isə deyib ki, işin mürəkkəbliyini nəzərə alaraq məhkəmənin qərarı “görünməmiş dərəcədə sürətli” olub.
“Bütövlükdə prosesin ədalətliliyinə şübhələrimi bildirirəm, çünki müştərilərimə bəzi şahidləri çağırmaqdan imtina edilib və bir çox sənədlər məhkəmə tərəfindən rədd edilib”, – Sabinin bildirib.
Sabinin sözlərinə görə, “Rosqvardiya” bölməsinin komandirləri əsgərlərə döyüşməmək variantını təklif ediblər və beləliklə, onların qovulması qanunsuz olub.
Onu da qeyd edək ki, Rusiya 2016-cı ildə terrorizmlə mübarizə və ictimai asayişi qorumaq üçün ordudan ayrı hərbiləşdirilmiş qüvvə olan “Rosqvardiya”nı yaradıb. Yarandığı gündən “Rosqvardiya” üzvləri tez-tez dinc anti-hökumət etirazlarına yönəlmiş aksiyalara cəlb edilib.
Hərbi analitiklər Rusiyanın Ukraynada “Rosqvardiya”dan ağır formada istifadə etməsini Moskvanın Xarkov və paytaxt Kiyev də daxil olmaqla Ukraynanın böyük şəhərlərini ələ keçirmək və nəzarətdə saxlamaq kimi strateji məqsədləri ilə əlaqələndirirlər. Bu planlar uğursuzluğa düçar olsa da, “Rosqvardiya” bölmələri Ukrayna şəhərlərinin işğalında iştirak edib və ağır itkilərlə üzləşib.
“Guardian” qəzeti sibirli jurnalistə qarşı qaldırılan cinayət işindən əldə etdiyi sənədlər əsasında “Rosqvardiya”nın Ukraynadakı rolunu ortaya çıxarıb.
Rusiyanın Xakasiya vilayətindəki “Novıy Fokus” qəzetinin baş redaktoru Mixail Afanasyev ötən ay onun internet saytında Ukraynaya yerləşdirilməkdən imtina edən ayrı-ayrı “Rosqvardiya” bölməsi haqqında məlumat yaydıqdan sonra təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.
Afanasyevin hesabatlarında adı çəkilən “Rosqvardiya” üzvlərinin məhkəmə bəyanatları Xakasiyadan olan 11 “Rosqvardiya”çının döyüşməkdən imtina etməsi ilə bağlı əvvəlki məlumatları təsdiqləyib.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.