Məlumdur ki, 2-ci Dağlıq Qarabağ müharibəsi də yaxın tariximizdə elə bir silinməz izlər buraxdı ki, həmin izlər içində xalqımızın vətənpərvərlik hissinin varlığı, hər kəsin qəlbində Vətəninə, torpağına bağlılığın göstəricisi, şanlı Azərbaycan Ordusunda döyüşkənlik əhvali-ruhiyyəsinin yüksək olması və s. daha çox özünü qabarıq şəkildə göstərdi. Belə bir səbəbdən də, cəmi 44 gün ərzində yağı düşmənin “başı əzildi”, otuz ilə yaxın müddət ərzində davam edən işğal siyasətinə son qoyuldu və xalqımızın nəyə qabil olduğu bütün dünyaya bəyan oldu. Söz yox ki, Vətən müharibəsinin davam etdiyi günlərdə xalqımızın vətənpərvər oğul və qızlarının şanlı Azərbaycan Ordusuna göstərdiyi dəstək də, məhz bu müharibədə parlaq qələbələr əldə etməyimizə çox böyük təsirini göstərdi. Yəqin ki, müharibənin davam etdiyi günlərdə əslən Ağdam rayonundan olan, uzun illər ərzində Bərdə şəhərinin cəbhə bölgəsinə yaxın ərazisində məskunlaşan və öz təqaüdü hesabına Azərbaycan Ordusunun əsgər və zabitlərinə “Qarabağ aşı” bişirən Səmayə Əhmədova (Səmayə nənə) haqda geniş ictimaiyyət az-çox məlumatlıdır. Bəli, Səmayə nənə ömrünün ahıl çağlarında unutqanlıq etmədi, o, müharibənin davam etdiyi günlərdə Ordumuzun yağı düşmən üzərində parlaq qələbələr əldə etməsi üçün bacardığı köməkliyi göstərdi, özünün mənəvi dəstəyini ifadə etdi. Söz yox ki, bu cür addımları atmaq, yaşlı bir nənə olaraq onun ürəyindən keçən istək olur. Səmayə nənənin bu yöndə atdığı addımlar barədə bəzi televiziya kanallarında, sosial şəbəkə istifadəçilərinin paylaşımlarında və s. məlumatların yayılması, məhz onun adının daha da məşhur olmasına səbəb oldu. Bəli, bu gün o, 44 günlük Vətən müharibəsində göstərdiyi xidmətlərin qarşılığında hər kəs tərəfindən hörmət-izzətlə qarşılanır, lazımi qayğı ilə əhatə olunur. Məsələn, hər kəsin Səmayə nənə deyə tanıdığı Səmayə Əhmədova, bir neçə gün bundan öncə səhhətində əmələ gələn problemlə bağlı Respublika Neyrocərrahiyyə Xəstəxanasının poliklinika şöbəsində olarkən, o, istər bu səhiyyə müəssisəsinin rəhbərliyi, istərsə də həkimləri, ələlxüsus ixtisasca nevroloq-həkim olan Könül Əkbər qızı Mansirova tərəfindən çox böyük hörmətlə-izzətlə qarşılanır, lazımi qayğı ilə əhatə olunur. Yəni, Könül xanım Səmayə nənənin səhhətində əmələ gələn problemin aradan qaldırılması yöndə ona lazımi dəstəyini ifadə edir. Belə ki, o, ahıl yaşına çatmış nənəyə qarşı elə bir isti münasibətini bəsləyir ki, bəlkə də Könül xanımın atdığı addım ona yeni bir ömür payı bəxş edir. Əslində, bu cür yanaşma, belə bir isti münasibətin varlığı heç zaman Səmayə nənənin yaddaşından çıxmayacaq, o, bunu heç zaman unutmayacaq. Bütün bunlar onu söyləməyə əsas verir ki, istər Respublika Neyrocərrahiyyə Xəstəxanasnın rəhbərliyi, istərsə də kollektiv üzvlərinin hər biri unutqan deyillər. Belə ki, hal-hazırda bu səhiyyə müəssisəsində nəinki Səmayə nənəyə qarşı, hətta 44 günlük Vətən müharibəsində xidməti olan hər kəsə qarşı da, oxşar münasibətin bəslənilməsi haqda lazımi məlumatlara malikik. Baş verənlər onu sübut edir ki, bizim xalq dünya xalqları içərisində öz müdrikliyi ilə seçilən, lazım gəldikdə öz qətiyyətli iradəsini ortaya qoymağı bacaran, hər an ləyaqətini və şərəfini müdafiə etməyi bacaran xalqdır. Eşq olsun xalqımıza! Eşq olsun xalqımızın qətiyyətli, vətənpərvər, döyüşkən oğul və qızlarına!
Mirzə
araz.az xəbər portalı.