Yollarda sürücülərin başına çox maraqlı hadisələr gəlir. Amma beləsini ilk dəfədir eşidirik.
Azərbaycanda yol polisinin cəriməsini vətəndaşa yazıblar. Fidan Ağalarova səhər Bakıdakı evində yuxudan oyananda saat 06.54-də Bəhramtəpədə avtomobili ilə “qaydanı pozduğu” məlum olub. Bakı Neft-Energetika Kollecinin müəllimi nəyə görə cərimə olunduğunu dəqiqləşdirəndə daha bir sürprizlə qarşılaşıb. Bəhramtəpədə qaydanı Yol Patrul Xidmətinin (YPX) əməkdaşları pozubmuş.
araz.az Bizimyol.info-ya istinadən xəbər verir ki, YPX avtomobili yolun sürət həddi saatda 90 km olan hissəsində 129-lə gedirmiş. İnzibati Xətalar Məcəlləsinin 328-ci maddəsinə görə, buna cərimə və bal düşür. Qayda pozuntusu isə məhz Fidan Ağalarovaya şamil olunub.
Müəllim buna görə etitazını bildirib. O, sosial mediadakı yazısında hisslərini paylaşıb: “Səhəri komediya kimi bir xəbərlə açmaq belə olur yəqin. Yuxudan oyandım, baxıram, sms gəlib ki, sürət həddini aşdığınız üçün 50 manat cərimə olunursunuz. Baxıram ki, ərazi Bəhramtəpə yolu, səhər saat 06:54. Hörmətli, Dövlət Yol Polisi İdarəsi, vallah, o saatda mən evdə yatırdım, ömrümdə də belə avtomobilim olmayıb, sarı jilet isə əsla geyinməmişəm”.
Məsələ ictimailəşən kimi Baş Dövlət Yol Polisi İdarəsi buna reaksiya verib. Fidan Ağalarovaya zəng gəlib, ondan yazılanları silməyi xahiş ediblər. Cərimə də dərhal silinib. Yazının silinməsinə görə kollec əməkdaşını qınayanlar tapılıb. Rəy yazanların fikrincə, yanlışlıqla bağlı status istənilən halda silinməməliydi. Çünki yol polisi əməkdaşlarının sürət həddini aşmağa görə cərimə olunub-olunmadığı məlum deyil. Sosial media istifadəçilərinin fikrincə, qaydanı pozan istənilən sürücü cəzalanmalıdır.
Cərimənin silinməsi özlüyündə çox maraqlı məqamdır. Çünki YPX əməkdaşları, adətən, sürücülərlə söhbətlərində radarların qeydə aldığı cərimələrin silinməsinin mümkünsüzlüyünü qeyd edirlər. Baş verən hadisə isə bunun heç də belə olmadığını göstərir. Deməli, yol polisi qaydanı pozursa, cəriməni silmək də olar.
Ümumiyyətlə, yol polisi yol hərəkəti qaydalarını ən çox pozan təbəqədir.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.