“İndi vəziyyət sürətlə Rusiyanın xeyrinə dəyişir. Çünki Qərb gördü ki, Rusiya dünyanın ərzaq təhlükəsizliyini təhdid etməklə yanaşı, bu sahəyə sahiblənir. Yəni Ukraynanın dəniz limanlarını tam nəzarətə götürüb və nəticədə Ukrayna öz taxılını xarici bazara çıxara bilmir”.
araz.az Reyting.az-a istinadən bildirir ki, bunu professor Cümşüd Nuriyev deyib.
Onun sözlərinə görə, hazırda Ukrayna limanlarında 5 milyard dollar dəyərində taxıl var və onun daşınması blokalanıb: “Bu, həm də o deməkdir ki, ciddi sanksiyalar altında qalan Rusiyanın taxıl ixracatı təxminən 25-30 faiz artır. Bu da sözsüz ki, ciddi rəqəmdir, milyardlarla dollar deməkdir. Digər tərəfdən, Ukrayna limanlarında qalan taxılın blokdan çıxarılması haqqında fikirlər səsləndirilib, görüşlər keçirilsə də, bu, faktiki olaraq nəticəsiz qalıb. Bu mənada Rusiya bir qədər irəli gedə bilib”.
C. Nuriyevin fikrincə, BMT və digər ciddi qurumların hesablamaları göstərir ki, müharibədən sonra da dünyada qıtlıq müşahidə oluna bilər. Yəni bu müharibə səbəbindən ən azı bir neçə ölkənin vətəndaşlarının aclıqla üzləşməsi mümkündür: “Söhbət Əfqanıstan, Somali və Livandan gedir. Eyni zamanda Şimali Afrika və Yaxın Orta Şərq ölkələrində qıtlıq yarana bilər. Görünən ordur ki, Rusiya oyunun qaydalarını dəyişməyi bacardı”.
C. Nuriyev bildirib ki, ABŞ prezidenti Bayden Ukraynaya rus hücumuna dair öncədən məlumatları paylaşdığını, rəsmi Kiyevin çaxnaşma yaratmamaq üçün belə məlumatları ictimailəşdirilməsinə qarşı çıxmasını elan etməsindən sonra Kiyevdə vəziyyət kəskinləşib: “İndi vəziyyət Rusiyanın xeyrinə dəyişir. Məncə, burada ABŞ üçüncü qüvvəni – Çini istəmir. Odur ki, Rusiyanı dünya düzəninə ikinci oyuncu kimi dəvət edir. Daha doğrusu, ABŞ daha zəif Rusiyanı irəli çıxarır. Burada Çin və Avropa Birliyi bir növ arxa planda qalır. Məncə, ABŞ doğru taktika seçib. Çünki Rusiyanın hərbi potensialının nədən ibarət olduğunu Ukrayna savaşında izləyir”.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.