sonzengİyunun 14-də Azərbaycanın bütün məktəblərində 2021-2022-ci tədris ili üçün son zəng çalınacaq. Hər il olduğu kimi bu il də şagirdlər bu anı səbirsizliklə gözləyirlər… “Son zəng”lə bağlı hər kəsin kiçik də olsa bir xatirəsi olmamış deyil. Həmin gün sevinc, kədər, həyəcan və sair bu kimi hissləri yaşayan şagirdlər, məktəblə, uşaqlıqla vidalaşdığı “son zəng” gününü ömür boyu xoş niskillə xatırlayacaqlarını da yəqin edirlər…

Maraqlıdır, Milli Məclisin üzvləri olan deputatlar öz “son zəng”lərini necə xatırlayırlar?

araz.az-ın xəbərinə görə Pravda.az bununla bağlı deputat arasında sorğu keçirib.

Deputat Tahir Rzayev bildirib ki, məktəb illəri, xüsusilə də “Son zəng” həyatının ən xoş xatirələridir: “O vaxt “son zəng” tədbirləri indiki kimi dəbdəbə ilə keçirilmirdi. Ölkə inkişaf edib, məktəblərin intellektual, mədəni səviyyəsi xeyli yüksəlib. Yəni indi tədbriləri çox yaxşı təşkil edirlər. Bizdə isə sadəcə olaraq uşaqlar yığırdılar, toplantı keçirilirdi, sonra “son zəng” çalınırdı. “Son zəng” ömrümün ən xoş xatirəli günlərindən biri kimi yaddaşda qalıb. Müəllimlərimizlə qucaqlaşıb onlardan, məktəbimizdən gözyaşları ilə ayrıldıq. Əlbəttə ki, bu gözyaşları sevinc gözyaşları idi. Biz artıq orta məktəbdən ali məktəblərə üz tutacaqdıq. Ağcabədi şəhərindəki 2 nömrəli tam orta məktəbi bitirmişəm. Həmin məktəb rayonda ən qədim ikinci məktəbdir. Birinci məktəb isə 1883-cü ildən fəaliyyətə başlayan Mirzə Fətəli Axundzadə adına 3 saylı məktəbdir, indi də ora məktəb-lisey kimi fəaliyyətini davam etdirir. Hazırda Yeni Azərbaycan Partiyasının regional tədbiri əlaqədar olaraq Ağcabədidəyəm və sabah da rayonun bir neçə məktəbində keçiriləcək “son zəng” tədbirinə baş çəkəcəyəm”.

Deputat Arzu Nağıyev bildirib ki, o, 1980-ci ildə Yusif Sadıqov adına Tovuz rayon Bozalqanlı kənd orta məktəbini qızıl medella bitirib: “”Son zəng” günüm üçün rəhmətlik anam mənə bir şeir öyrətmişdi və mən o şeiri son zəngdə səsləndirmişdim. “Son zəng”lə bağlı ən yadda qalan xatirəm də məhz bu idi. Şeir isə belə idi:

Həyatda üç ana tanıyıram mən

Biri öz anamdır, biri də Vətən,

Üçüncü anamın məktəbdir adı…

Şeir bu şəkildə başlayırdı. Onu deyəndən sonra hamı əl çaldı. Təbii ki, “son zəng” günü gözyaşları da var idi. Ümumiyyətlə, “son zəng”imin üzərindən artıq uzun bir müddət keçib və əlbəttə ki, o çox xoş təəssüratlarla yadda qalıb. Xoşbəxtlikdən bu gün Tovuz rayonundakı evimlə məktəb arasında məsafə 20-30 metrdir və məktəb üçün əlimdən gələni edirəm. O məktəbin məzunu olmağımı heç vaxt unuda bilmərəm”.

Deputat Məlahət İbrahimqızı bildirirb ki, o, bir zamanlar Səadət Şükürovanın adını daşıyan Ağstafa şəhərindəki 24 saylı məktəbi bitirib: “”Son zəng”, eləcə də universitetdə olan məzun günləri hər bir insanın həyatında olduğu kimi, mənim də həyatımda unudulmaz hadisələrdəndir. İnsan ilk dəfə “son zəng” günü anlayır ki, o, həyatın daha məsuliyyətli, keşməkeşli bir dövrünə qədər qoyur. Uşaqlığa, qayğısızlığa, ərköyünlüyə əlvida deyərək, gələcək müstəqil həyatın ilk pilləsinə qədər qoyur. “Son zəng” günü məsuliyyət və sevinc hissləri qarışıq duyğular keçirirdim. Artıq orta məktəb, uşaqlıq illəri və həyatın bu mərhələsi geridə qalırdı, qarşıda isə universitet həyatı gəlirdi. Təbii ki, biz bu zaman ən böyük arzularımızı, xəyallarımız qurmaq və reallaşdırmaq haqqında düşünürdük”.

Deputat Kamilə Əliyeva qeyd edib ki, hər kəsin yaddaşına unudulmaz bir gün kimi yazılan “son zəng” onun üçün də xüsusi günlərdən biri olub: “Bakı şəhəri Nəsimi rayonundakı 44 nömrəli orta məktəbi bitirmişəm. Biz o vaxtlar “son zəng”i 25 may tarixində qeyd edirdik. Orta məktəbi qızıl medalla bitirdiyimə görə o zaman birinci sinif şagirdi olan bir qızın əlindən tutub dövrəni vuraraq “son zəng”i səsləndirmək məhz mənə nəsib olmuşdu. Bu hadisə də xüsusilə yadımda qalıb. Onu da qeyd edim ki, o vaxtlar indiki kimi son zəngdən sonra mərasimin davamını keçirmək üçün restoranlar yox idi. Biz şənliyi sadə şəkildə öz sinifimizdə qeyd etdik. Həmin günlə bağlı yadda qalan başqa bir xatirəm də var. “Son zəng”dən sonra sinif yoldaşlarımızla Dənizkənarı Milli Parka getmişdik və bütün gecəni səhərə qədər orada oturub günəşin doğmağını gözləmişdik. “Son zəng”lə bağlı belə gözəl xatirələrə sahibəm. Ümumiyyətlə, məktəblə bağlı hər şey adamın gözü qarşısında bir kinolent kimi keçir. Çox təəssüf ki, müəllimlərimizdən cəmi beş nəfəri həyatdadır, digərləri isə artıq dünyalarını dəyişiblər. Bir məsələni də xüsusilə vurğulamaq istəyirəm ki, övladım da sabah məzun olur. Buna görə də sabahkı məzun günü mənim üçün də xoş bir gün olacaq. Öz “son zəng”imdən bu qədər vaxt keçdikdən sonra sabah artıq oğlumun son zəngində iştirak edəcəm. Çox qürurluyam ki, övladlarımızın “son zəng”lərini qeyd edirik, onların uğurlarına sevinirik. Fürsətdən istifadə edib bütün məzunlarımızı, məktəb rəhbərliklərini ürəkdən təbrik edirəm. Məzunlara gələcək müstəqil həyatlarında bol-bol uğrular arzu edirəm. Məzun olan şagirdlər arzularna çatsınlar və istədikləri peşəyə yiyələnərək dövlətimizə, xalqımıza layiqli bir vətəndaş kimi yetişsinlər”.

Deputat Sabir Rüstəmxanlı bildirib ki, bu il artıq onun məktəbi bitirməsindən 60 il ötür: “Mən 1962-ci ildə Yardımlıda qəsəbədə yerləşən 11 illik məktəbi bitirmişəm. Məktəbimiz Mirzə Fətəli Axundzadənin adını daşıyan bir məktəb idi. Elə 1962-ci ildə orada M.F.Axundzadənin böyük yubileyini də keçirmişdik. Baxmayaraq ki, məktəbimiz ucqar kasıb bir rayonun qəsəbə məktəbi idi, amma vaxtilə respublikada ən nümunəvi məktəblərdən biri hesab olunurdu. Orada respublikanının müxtəlif yerlərindən gəlmiş çox gözəl müəllimlər çalışırdılar. Məktəb həm də internat tipli bir məktəb olduğundan orada məktəbyanı bir yataqxana da var idi. Ona görə də rayonun müxtəlif guşələrindən gələn uşaqlar burada bir yerdə qalırdılar, oxuyurdular. Yəni məktəbdə az qala bir universitet ab-havası var idi. Əlbəttə, məktəbimizdəki “son zəng”, hər birimiz üçün sevinc ifadə edirdi, amma bununla yanaşı bizim üçün bu, həm də bir az ağır idi, çünki biz dörd il bir yataqxanada qalmışdıq. İndi isə bir yerdə qalan uşaqlar ayrılıb çıxıb gedirdilər. Həm də onu xatırlayıram ki, müəllimlərlə, məktəblə vidalaşmaq üçün yazı taxtasına balaca bir şeir də yazmışdım. Təəssüf ki, indi o şeiri xatırlamıram. “Son zəng” bir qədər kədərli olsa da, bu, həm də yeni bir həyatın başlanğıcı idi. Düzdür, sevdiyim müəllimlərimdən, yaxın olduğum dostlarımdan ayrılmaq çox çətin idi, ona görə də yadımda daha çox ayrılıq duyğusu qalıb. Mən yalnız məktəbdən, yataqxanadan deyil həm də evdən ayrılırdım, çünki həmin ildən mən həm də rayondan ayrılaraq Bakıya gəldim. Sonradan isə oralara yalnız qonaq kimi getmək imkanım oldu, yəni bir daha ora gedib uzun müddətli yaşamaq imkanım olmadı. Onu da qeyd edim ki, bu il mənim nəvəmin də son zəngi olacaq və mən artıq övladlarımın, nəvələrimin simasında onların son zəng həyacanını yaşayıram”.

Deputat Azər Badamov bildirib ki, o, məktəbi 1985-ci ildə bitirib: “Bakıda yerləşən kimya-biologiya təmayüllü məktəbi bitirmişəm. Bizim məktəbimizdə Azərbaycanın hər regionundan gəlmiş şagirdlər təhsil alırdılar. “Son zəng” günü hər birimiz kövrəlmişdik və məktəbdən ayrılmaq istəmirdik. İstəyirdik ki, yenidən bu məktəbə daxil olaq, oxuyaq…Düzdür, bu, mümkünsüz bir şey idi, amma gözəl bir məktəb həyatı yaşayıb, yaxşı təhsil almışdıq. Bizim tərbiyə və təhsilimizlə çox yüksək səviyyəli müəllimlər məşğul olurdular. Əlbəttə ki, biz həm də onlardan ayrıldığımız üçün təəssüflənirdik. Məktəbi bitirdikdən sonra hər on, on beş ildən bir sinif yoldaşlarımızla görüşürük və məktəb illərimizi xatırlayırıq”.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.