Şuşa Bəyannaməsi, həm də tarixin qızıl səhifəsindən silinməyəcək bir qardaşlıq nümunəsidir
Yüksək strateji tərəfdaşlıqla bağlı olan bu tarixi sənəd bir daha onun təsdiqidir ki, Türkiyə — Azərbaycan münasibətləri tarixin ən yüksək zirvəsindədir
Bu gün yüksək ruh yüksəkliyi ilə mübarək birinci ildönümünü qeyd etməyə toplaşdığımız bu əlamətdar tarixi hadisə dövlətimizə və ölkəmizin ictimaiyyətinə nələr bəxş etmədi?! Azərbaycan tarixinə əlamətdar gün kimi yazılan 2021-ci ilin iyun ayının 15-i, tariximizdə ilk dəfə olaraq, Azərbaycan lideri xarici dövlətin başçısını Qarabağda, bizim üçün mühüm mənəvi əhəmiyyət kəsb edən Şuşa şəhərində qarşıladı. Ən əsası odur ki, bu tarixi hadisə Azərbaycan xalqının hər il böyük fəxr və qürurla qeyd etdiyi 15 İyun tarixinə — Qurtuluş Gününə təsadüf etdi. Beləcə, bu gözəl tarixi gündə, Azərbaycan Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi imzalandı. Əslində, bu möhtəşəm tarixi sənədlə, bu gözəl gün, “Bir millət, iki dövlət!” fəlsəfəsinin hüquqi müstəviyə köçürülməsi istiqamətində mühüm tarixi hadisə kimi də, bir daha yaddaşlarımıza həkk olundu. Şuşa Bəyannaməsinin, həm də, məhz Azərbaycan xalqının Qurtuluş Gününə — 15 iyun tarixinə, Qarabağ və Zəngəzur üçün çox vacib sayılan Qars Müqaviləsinin 100-cü ildönümünə təsadüf etməsinin xüsusi rəmzi mənası da oldu.
Biz xoşbəxtik ki, həmin gün, tarixin təkrarlanmasına və oxşar hadisələrin yenidən baş verməsinə bir daha şahidlik edirdik. Bir sözlə, bu tarixi sənədin bu iki qardaş ölkəni, bu iki ölkənin qardaş xalqlarını bir-birlərinə daha da yaxşılaşdırmaq üçün köklənən şərtləri həmin xoş gündə bizə bəxş edilən sonsuz sevinc hisslərinin əsas səbəbi kimi, əbədi olaraq tariximizə həkk olunurdu. Həmin gün bizə uzaq olmayan bir tarixdir və hamımız həmin tarixi günün canlı şahidləri və iştirakçılarıyıq. Doğrudan da, onda, öz tarixinin sevinc dolu ən xoş anlarını keçirən xalqımız bir tərəfdə Ulu Öndər Heydər Əliyevin qoyduğu Azərbaycanın gələcək siyasi, iqtisadi və hərbi inkişafının təməli üzərində, möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız İlham Əliyev cənablarının bugünkü qüdrətli dövlətimizi tarix səhnəsinə çıxarması və Azərbaycanımızın son 270 ildə görmədiyi tarixi bir uğura imza atması, daşnak tör-töküntülərinin 30 il işğalı altında olan torpaqlarımızın azad edilməsi, digər bir tərəfdə isə, müstəqil dövlətimizin və dövlətçiliyimizin sarsılmazlığına və daha da möhkəmlənməsinə təminat verən tarixi bir sənədin imzalanması ilə ona bəxş edilən sonsuz sevinc hissləriylə yaşayırdı.
Bu tarixi hadisəni sonsuz sevinc hissləriylə yaşamağımızın başlıca səbəbi həm də o idi ki, təhlükəsizliklə bağlı olan hissəsi BMT Nizamnaməsinə istinadən hazırlanan, hüquqi əsasları beynəlxalq hüquqa söykənərək, beynəlxalq hüququn özü tərəfindən də dəstəklənən, müasir dövrün və gələcəyin dövlətlərarası xoş münasibətlərini özündə daha aydın şəkildə formalaşdıran Şuşa Bəyannaməsi, Azərbaycanla Türkiyə arasında strateji müttəfiqlik münasibətlərini daha da dərinləşdirməklə yanaşı, beynəlxalq bir müqavilə kimi, hüquqi qüvvəyə qadir real beynəlxalq müqavilə hüququna görə, etibarlılıq prezumpsiyasının bütün çalarlarını da özündə ehtiva edirdi. Konkret olaraq, Şuşa Bəyannaməsinin beynəlxalq hüquqi və siyasi qüvvəyə qadir olması ilə fərqləndiyi, artıq, elə həmin vaxtdan göz önündə idi. Yəni, Türkiyə və Azərbaycan arasında Şuşada imzalanan dövlətlərarası Bəyannamənin şərtlərinə əsasən, ölkəmizin təhlükəsizliyinin təminatçısı, həm də Türkiyə Cümhuriyyəti hesab edilirdi. Bütün bunlarla yanaşı, imzalanan bu sənəd, həm də bütün sahələri əhatə etməklə, elə həmin xoş gündəcə, özünə böyük inam yaradırdı.
Bəli, doğrudan da, bir il öncədən bizə sonsuz sevinc hissləri bəxş edən və tarixi Qars Müqaviləsinin məntiqi davamı olaraq, bizə yaxşı çox şeylər vəd edən bu tarixi sənədin təməlində məhz sülh istəyi, sabitlik, sosial problemlərin həlli durur. Təsadüfi deyil ki, Şuşada Türkiyə lideri ilə Bəyannamə imzalayarkən, Azərbaycanın dövlət başçısı da hər kəsin yadına Qars Müqaviləsini saldı. Cənab Prezident onu da qeyd etdi ki, Qars Müqaviləsi düz yüz il əvvəl imzalanıb və böyük rəmzi məna daşıdığı hamıya məlumdur. Yüz ildən sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanmış birgə Bəyannamə isə, bizim gələcək işbirliyimizin ən vacib əsas istiqamətlərini açıb göstərir. Həmin çıxışında möhtərəm cənab Prezidentimizin vurğuladığı kimi, bu sənəd qarşılıqlı olaraq, Azərbaycan — Türkiyə milli təhlükəsizliyini, ərazi bütövlüyünü və əbədi müstəqilliyini dəstəkləyən bir sənəd kimi də, bu az müddət ərzində, artıq, özünə yüksək nüfuz qazanıb. Məhz Şuşa Bəyannaməsinin nüfuz və gücünün nəticəsidir ki, daha dəqiq desək, onun, bu istiqamətdə qəbul olunan digər sənədlərdən fərqi ondan ibarətdir ki, bölgə uğrunda ABŞ, Rusiya, Britaniya, Fransa, İran kimi dövlətlərin açıq mübarizəsinin açıq-aşkar müşahidə olunduğu bu çətin dönəmdə, hadisələr dövlətimizin xeyrinə və maraqlarına uyğun cərəyan edib həmişə.
Açıq-aydın göründüyü kimi, ümumi götürdükdə, həm də həyati məna daşıyan bu Bəyannamədə bir çox önəmli məsələlər belə öz əksini tapıb — beynəlxalq müstəvidə birgə əməkdaşlıq fəaliyyəti, siyasi əlaqələr, gənclər siyasəti və iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil və idman sahəsində əməkdaşlıq və s., və i. Demək olar ki, bu tarixi sənəddə həyati mənaya malik bütün sahələr əhatə olunub. Hər bir məsələ çox böyük önəm daşıyır və bütün bunlarla, Türkiyə və Azərbaycan, eləcə də bütün dünya üçün vacib önəm göstərilir.
Ümumiyyətlə, Şuşa Bəyannaməsi barədə danışarkən, xüsusi olaraq qeyd etdiyimiz istiqamətlər siyahısında, Azərbaycan və Türkiyənin xarici siyasət davranışları ilə bağlı yer alan müddəa da qürurvericidir. Çünki bu tarixi sənədin bu müddəası bu hissləri bizə bəxş edəcək tərzdədir və onun şərrində də qeyd edilib ki, tərəflər öz milli maraq və mənafelərinin təmin edilməsinə yönələn müstəqil xarici siyasət aparmaqla yanaşı, beynəlxalq münasibətlərin inkişafı, yerli, bölgə və qlobal təhlükəsizlik və sabitlik məsələlərinin həlli üçün birgə səylər göstərəcəklər. Bunun üçün, xarici siyasət sahəsində koordinasiyanın və ikitərəfli siyasi məsləhətləşmələrin vacibliyi və bu istiqamətdə iki qardaş ölkə arasında, Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası çərçivəsində fəaliyyətin əhəmiyyəti önə çəkilib.
Bu yerdə, onu da qeyd etməyi vacib bilirəm ki, bu tarixi hadisənin baş verdiyi həmin gözəl gündən az müddət keçməsinə baxmayaraq, elə həmin gün imzalanan Şuşa Bəyannaməsinin tarixi əhəmiyyəti artır göz qabağındadır: Şuşa Bəyannaməsi bu az müddət ərzində Azərbaycan dövlətinə və Azərbaycan xalqına, sonsuz sevinc hissləri qarışıq çox şey bəxş edib. Ən əsası odur ki, bu tarixi hadisə, artıq, iki qardaş ölkə arasında strateji müttəfiqlik münasibətlərinə təhlükəsizlik və işbirliyi kontekstində yeni-yeni keyfiyyətlər qazandırır və bu uğurların daimi davamlı olacağı indidən öz təsdiqini tapır. Yəni, bu möhtəşəm tarixi sənəd özünün bütün müddəalarındakı incəlikləri ilə, insanda tam əminlik yaradır ki, dünya durduqca, bu, elə, belə də olacaq! Yəni, bir qardaş dövlətin təhlükəsizliyinin, ərazi bütövlüyünün təhdid edilməsi, digəri üçün də, təhdid kimi qəbul ediləcək və Bəyannamə tələblərinə uyğun olaraq, lazımi tədbirlərin tez bir zamanda həyata keçirilməsi öhdəçiliyini yaradacaq. Hazırki reallıq isə budur ki, artıq, bütün dünya Azərbaycan və Türkiyə qardaşlığının bu təntənəsinə şahidlik edir və iki qardaş xalq, bu mühüm tarixi sənədin imzalanması ildönümünü böyük bayram mərasimi səviyyəsində qeyd etməyi vacib bilir.
Yeri gəlmişkən, onu da qeyd etməyi vacib bilirəm ki, 44 günlük Vətən Müharibəsinin başlandığı gündən dünyaya: “Azərbaycan tək deyil!” — mesajını ünvanlayan Türkiyə Cümhuriyyətinin Prezidenti möhtərəm Rəcəb Tayyib Ərdoğan cənabları, bununla, həm də tarixi dostluğumuzun və qardaşlığımızın nə qədər sarsılmaz olduğunu bütün dünyaya çatdırırdı. Elə, bununla da, Böyük Öndərlər Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir!”, Heydər Əliyevin “Biz bir millət, iki dövlətik!” tezislərinin bir daha reallıqda təsdiqinin bütün dünyaya təqdimatı olurdu. Elə, iki qardaş ölkənin müttəfiqliyinin təsdiqi olan Şuşa Bəyannaməsində də, böyük öndərlərin bu fikirlərinin Türkiyə — Azərbaycan münasibətlərinin, bu sarsılmaz əməkdaşlığın əsasında dayandığı xüsusi qeyd olunub. Bir də ki, Azərbaycan xalqı, Vətən Müharibəsindəki şanlı Zəfər Qələbəsi ilə də, dünyanın diqqətini ədalətin, beynəlxalq hüququn mövcud olduğu ana yönəltməklə yanaşı, kimin haqqın və ədalətin, kimin isə şərin yanında olduğunu ortaya qoymuş oldu. Haqq və ədalət tərəfdarı olaraq, qardaş Türkiyə Cümhuriyyətinin adı, bir daha şər qüvvələrin barışmaz düşməni olaraq, tarixin səhifələrinə qızıl hərflərlə həkk olundu. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, 44 günlük Vətən Müharibəsində əldə olunan Möhtəşəm Qələbə əsl həqiqət anı olaraq, tarixdə özünə əbədi yer qazandı. Və Prezidentin də xüsusi olaraq qeyd etdiyi kimi, həqiqətin zəfər çalmasında qardaş Türkiyənin rolu danılmaz oldu. Həmin vaxtdan bizi ilyarımdan artıq zaman ayırır, günlər keçdikcə tarixi Zəfərimizə gedən yolun təhlili, 44 günlük Vətən Müharibəsində dövlətimizin qətiyyəti, ordumuzun gücü, qüdrəti, xalqımızın birliyi ilə bərabər, iki qardaş ölkənin mənəvi və siyasi tərəfdaşlığı əsrlərdi yaranan fəxarət hissimizi getdikcə daha da gücləndirir. Axı, bir də ki, öz tarixi zəfərlərindən zövq almağı unudan millət zaman-zaman özünü də unudar.
Bu yerdə onu da qeyd etmək istəyirəm ki, bu tarixi sənəddə, ilk növbədə, inkişafı, tərəfdaşlığı, qarşılıqlı maraqlar əsasında əməkdaşlığı özündə ehtiva edən müddəalar də özünə yer tutur. Elə, bu sənədin təməlində də, məhz sülh istəyi, sabitlik, sosial problemlərin həlli durur. Bu Bəyannamə Azərbaycan — Türkiyə münasibətlərini daha da möhkəmləndirməklə yanaşı, eyni zamanda dünyada ”Yol xəritəsi”ni müəyyənləşdirən bir sənəd kimi də, diqqəti cəlb edir. Konkret desək, çox mühüm məsələləri özündə ehtiva edən müddəaları ilə, bu Bəyannamə, hərbi, siyasi, mədəni və iqtisadi baxımdan iki qardaş ölkənin bir-birinin yanında olması anlamını bütün dünyaya nümayiş etdirməklə yanaşı, dost və qardaş olan hər iki dövlətin ərazi bütövlüyünün və suverenliyinin qorunması şərtlərini hər tərəfdən önə çəkir.
Azərbaycanla Türkiyə arasında strateji tərəfdaşlıqla bağlı xeyli sənədlər var. Müasir dövr üçün ən əhəmiyyətlisi isə, Azərbaycanla Türkiyə arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında olan möhtəşəm Şuşa Bəyannaməsidir. İki qardaş ölkə arasında mühüm sahələrdə qarşılıqlı əməkdaşlığın dərinləşdirilməsini nəzərdə tutan bu tarixi sənədin müddəa şərtlərinə əsasən, tərəflərdən biri silahlı hücuma və ya təcavüzə məruz qalarsa, Bakı və Ankara bir-birinə qarşılıqlı yardım etməli olacaq. Tərəflər həmçinin milli təhlükəsizliyə yönələn təhdid və çağırışların aradan qaldırılması məqsədi ilə də, əməkdaşlıq edəcəklər.
Şuşa Bəyannaməsində həyati əhəmiyyətə malik bir çox sahələrlə yanaşı, diaspor fəaliyyətinə, hazırki dövrdə aktual xarakter daşıyan informasiya siyasəti, birgə media platforması və lobbiçilik məsələlərinə, informasiya mübarizəsində atılacaq birgə addımlara xüsusi diqqət göstəriləcəyi də, başlıca şərtlər kimi qeyd olunub. Bunun bariz nümunəsi olaraq, yalnız onu demək kifayətdir ki, Şuşa Bəyannaməsində Azərbaycan — Türkiyə Media Platformasının imkanları çərçivəsində iki ölkənin aidiyyatı qurumları arasında informasiya, kommunikasiya və ictimai diplomatiya sahəsində əməkdaşlığın daha da gücləndirilməsi və Azərbaycan və türk diasporları arasında əməkdaşlığın daha sıx inkişaf etdirilməsi, ümumi problemlər qarşısında birlikdə addımların atılması və ardıcıl həmrəylik göstərilməsi kimi müddəalar da yer alıb. Bütün bu vacib məsələlərin Bəyannamədə əksini tapması da, gələcək yaxşı çox şeydən xəbər verir.
Şuşa Bəyannaməsi, həm də iki qardaş ölkə arasında münasibətlərin dünəninə, bugününə və gələcəyinə bir baxış kimi dəyərləndirilir. Bizim hər zaman — xoş və çətin günlərdə bir yerdə olacağımız da inkarolunmaz bir həqiqətdir. Bunun bariz nümunəsi olan İkinci Qarabağ savaşı bunu bir daha bütün dünyaya göstərdi. Konkret desək, İkinci Qarabağ savaşı bizim müştərək, ortaq şanlı tariximiz kimi yaddaşlara həkk olundu. Biz, həm də onunla ruhlandıq ki, bu çətin savaşın son dəqiqəsinə qədər – Şuşa şəhərində bayrağımız ucalana qədər Türkiyə bizim arxamızda idi və bununla da, bizə daim dayaq olacağını bütün dünya gücləri qarşısında nümayiş etdirirdi. Azərbaycan xalqı heç vaxt tarixin qızıl səhifəsindən silinməyəcək bu qardaşlıq nümunəsini unutmayacaq.
Artıq bütün dünya gücləri də bilirlər ki, Azərbaycan və Türkiyə 2021-ci ilin iyun ayının 15-də daha bir tarixi addım ataraq, bölgənin geosiyasi mənzərəsini dəyişəcək Şuşa Bəyannaməsinə imza atdılar. Bu Bəyannamə, bu az müddət ərzində, həm də Azərbaycanın və Türkiyənin düşmənlərinə tutarlı bir mesaja və bu qardaş dövlətlər arasında bütün sahələrdə inteqrasiyanın, ən əsası isə, region üçün yeni tarixi gerçəkliyin bariz nümunəsinə çevrildi.
Şuşa Bəyannaməsinin kontekstində aydın nəzərə çarpan bütün məqamlar həm də onun göstəricisidir ki, artıq, Türkiyə və Azərbaycan ötən əsrin 90-cı illərindəki ölkələr deyil. Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın yüksək səviyyəli rəhbərliyi sayəsində öz taleyi, siyasəti, münasibətləri ilə, eləcə də digər mühüm amillərlə bağlı özləri qərar verən, maraq və mənafelərini müdafiə etməyi və istənilən təzyiqə müqavimət göstərməyi bacaran güclü dövlətlərdir. Bu mövzuda danışarkən, dövlət başçısı İlham Əliyev də, Türkiyə və Azərbaycan arasında bundan sonra da müxtəlif sahələrdə, o cümlədən hərbi sahədə əməkdaşlığın davam etdiriləcəyini xüsusi vurğulayıb. Qeyd edib ki, bu birlik, həm də regionda sabitliyin, təhlükəsizliyin qarantıdır. Birgə reallaşdırılan və bu birliyin daha da möhkəmlənməsinə xidmət edən müxtəlif yönümlü layihələr bu iki qardaş dövlətləri, xalqları daha yaxından birləşdirir, əlaqələrin inkişafı fonunda çoxtərəfli əməkdaşlığa geniş imkanlar açır. Elə, buna görədir ki, bu iki qardaş ölkənin dostluğunu, qardaşlığını, müttəfiqliyini bundan sonra daha da möhkəmləndirəcək yeni-yeni bu səviyyəli sənədlərə imza atılacağını indidən tam əminliklə demək olur.
Şuşa Bəyannaməsi bir daha onun təsdiqidir ki, bu gün Türkiyə — Azərbaycan münasibətləri tarixin ən yüksək zirvəsindədir. Bundan sonra da, Azərbaycan — Türkiyə münasibətlərinin hazırkı inkişaf mərhələsi, ən əsası tarixi Zəfərin sevincini birgə yaşadan iki qardaş ölkənin dostluğu, müttəfiqliyi Şuşa Bəyannaməsi ilə, dünya durduqca daha da möhkəmlənəcək. Bu kontekstdə yeni-yeni sənədlərə imza atılmasıyla, dünya Azərbaycan və Türkiyə qardaşlığının çoxsaylı təntənələrinə dəfələrlə şahidlik edəcək.
Hazırda da, dünya Azərbaycan və Türkiyə qardaşlığının daha bir təntənəsinə şahidlik edir. Hamıya bir daha aydın olur ki, Azərbaycan –Türkiyə dostluğu, qardaşlığı əbədi və sarsılmaz olmağıyla, bütün dünyaya bir nümunədir. Məhz buna görədir ki, Azərbaycanla Türkiyə arasında bir il əvvəl Şuşada imzalanan Bəyannamə bütün dünyada əks-səda doğurub. Hətta bizə dost ölkələr belə buna görə hədsiz sevinc hissləri keçiriblər. Düşmənlər isə təlaş keçirib, binəvaların içləri qərəz və hikkədən çat verib artıq.
Bəli, əvvəlcədən də qeyd etdiyim kimi, tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək strateji tərəfdaşlıq əsasında qurulan Azərbaycan –Türkiyə əlaqələri daim yeni prioritetlər istiqamətində möhkəmlənir, bütün sahələr üzrə davamlı inkişafı ilə dünyanın diqqətini özünə cəlb edir. Ən əsası odur ki, tarixi köklərə bağlılıq Türkiyə və Azərbaycan arasındakı bu dostluğu, bu qardaşlığı daha da möhkəmləndirir. Ən əsası, liderlərin şəxsi münasibətləri vacib Şuşa Bəyannaməsinin imzalanması zamanı belə bu əməkdaşlığa yeni çalarlar əlavə edib. Elə, xalqlarımızın və dövlətlərimizin biri-birinə necə bağlı olduğunu bir daha görmək üçün, çox da uzaq olmayan tarixə, şanlı Zəfərimizin fonunda yaşanan mühüm hadisələrə və iki qardaş ölkənin birgə qeyd etdikləri təntənəli mərasimlərə diqqət yetirmək kifayətdir. Bütün bunlara görədir ki, Azərbaycan xalqı bu Dövlət, bu Millət var olduqca, bu tarixi 15 İyun gününü hər il böyük fəxr və qürur hissləriylə qeyd edəcək.
Sübut ƏSƏDOV,
Azərbaycan Respublikaçılar Partiyasının sədri.
araz.az xəbər portalı.