vüqarə

Hər bir dövlətin siyasi nüfuzunu fomalaşdıran şərtlərin əsasında xarici siyasi rəqibin və müttəfiqlərin düzgün seçilməsi durur.

Elə, dövlətlərin xariclə qurduğu münasibət və iqtisadi əlaqələrin mənzərəsi də, həmin dövlətlərin ümumi siyasi sistemini açıq göstərir. Bəli, müttəfiqin və rəqibin düzgün seçilməsi, hər bir dövlətin və onun xalqının uğurlu inkişafının yarısına bərabər şərtdir.

Qapalı rejimli dövlətlərin qurduğu siyasi, iqtisadi yönümlü diplomatik, hətta mədəni əlaqələr, mahiyyət etibarı ilə, eyni düşüncə, təbliğat, şəxsiyyətə pərəstiş anlayışına əsaslanır. Çin, Belarus, Rusiya, Şimali Koreya və sair bu kimi dövlətlərin daxili və xarici siyasi kursu da, eyni istiqamət üzərində qurulub. Adi həyatda olduğu kimi, zəif bir insanın, özünü təsdiq etmiş insana qarşı hücumu, hikkəsi müəyyən mənada nüfuz, hörmət əldə etməyə hesablandığı kimi də, dövlətlərdə və siyasətdə belə bir praktika var. Məsələn, İranın ABŞ-a, İsrailə qarşı qıcıqlandırıcı davranışında məqsəd, əslində, bu dövlətin regionda və beynəlxalq arenada nüfuz əldə etməklə, öz siyasətini həyata keçirməkdir.
Müttəfiq və rəqib seçimində İsrail ən optimal seçimini edib. ABŞ-la müttəfiq, İran başda olmaqla, əksər müsəlman ölkələrinə rəqib cəbhəsində olan İsrail, bu qarşıdurmadan ən çox faydalanan tərəfdir. İsrailin nüfuz dairəsi o həddə çatıb ki, artıq, onun bütün strateji hədəflərə də çatdığını demək olar. Hətta bir sıra anti-İsrail mövqeyində olan müsəlman dövlətləri belə, axırda, onunla yaxınlaşmağa məcbur olub və diplomatik əlaqələr qurub. ABŞ-la İran arasında münasibətlərin normallaşmasına isə, İsrail məhz bu səbəbdən imkan vermir. Haqq üçün qeyd etmək lazımdır ki, öncə, məhz İran İsraili rəqib seçib. Yəhudilər isə, bu vəziyyəti öz maraqlarına xidmətə çevirə biliblər.

Keçmiş SSRİ respublikaları faktiki müttəfiq və rəqib məsələsini həll edə bilmədiklərindən, öz təhlükəsizliklərinə təminat da əldə edə bilməyiblər. Baxmayaraq ki, bəzi postsovet respublikalarının belə cəhdləri olub. Di gəl ki, prosesi başa çatdıra bilməyiblər və indinin özündə də, bunun ağır nəticələrini yaşayırlar. Əslində, Gürcüstanın və Ukraynanın Rusiya tərəfindən işğalının səbəbləri də, məhz, onların yeni müttəfiq və rəqib seçminə qərar vermələri olub. Qazaxıstanda da, faktiki olaraq, Nazarbayev hakimiyyətinin devrilməsinin səbəbi də, onun yeni müttəfiq və rəqib seçmə fikrinə düşməsi idi. Bu mənada, Ermənistan da iki yol ayrıcındadır. Yeni müttəfiq və rəqib seçiminə qərar verilsə də, Ermənistan bu addımını ata bilmir. Nikol Paşinyanın hakimiyyətə gəlişinin məqsədi də, yeni cəbhənin seçilməsinin reallaşdırılmasına hesablanmışdı.
Postsovet respublikaları arasında müttəfiq və rəqib seçimində ən uğurlu addımı Azərbaycan atmaqla, Türkiyə ilə müttəfiqliyinin birinci mərhələsini keçə bilib. Ermənistanla məsələlər həll edildikdən sonra, yeni məqsədlər üçün, yeni rəqib seçimi də mütləqdir. Ümumiyyətlə, düşmən obrazı dövləti həmişə stimul edir, xalqı birləşdirir. Rəqib, həm də dövlətin, xalqın inkişafı üçün olduqca vacib faktordur və güclü dövlətlərin hökmən düşmən hədəfi olmalıdır.
Müttəfiq seçimi isə, dövlətlər üçün ən vacib mərhələdir. Güclü və nüfuzlu müttəfiq seçimi həmin dövlətin təhlükəsizliyinə müəyyən təminat verməklə, həm də beynəlxalq nüfuz qazandırır, strateji hədəfləri reallaşdırmağa imkan verir. Türkiyə üçün Böyük Britaniya, Pakistan, Azərbaycan kimi müttəfiqləri onu beynəlxalq oyunçuya çevirməklə, həm də böyük nüfuz sahibi ediblər. Sözsüz ki, düşmənin və rəqibin düzgün seçilməsi beynəlxalq nüfuz məsələsinin tam həlli demək deyil. Beynəlxalq siyasi prosesdə aktiv iştirak etməklə yanaşı, daxildə də, siyasi, hərbi sənaye və iqtisadi sahələrə aid, həmin statusa uyğun gedişlər olunmalıdır. Düzgün rəqib və müttəfiq seçimi ilə, bunlar paralel, simbioz şəkildə aparılmalıdır.

Vüqar DADAŞOV,
politoloq, hüquqşünas, MCP SŞ-nin üzvü, Qarabağ qazisi.

araz.az xəbər portalı.