image 750x 62b1956cc90c9Pay sahiblərinin Azərbaycan Respublikası Konstitusiyası, qanunları və insan hüquqlarına dair beynəlxalq sənədlərlə qorunan mülkiyyət və bərabərlik hüquqları pozulur

araz.az   Ayna.az-a istinadən bildirir ki, vətəndaşlarda qalmış dövlət özəlləşdirmə paylarının (çeklərinin) dəyər qiymətinə təsir edən obyektiv və subyektiv amillərin təhlili həmişə aktual olub. Gözlənilən böyük özəlləşdirmə layihələrini nəzərə alaraq deyə bilərik ki, həmin obyektiv və subyektiv amillərin təhlili daha da zəruri hal alır. Bu məqalədə qeyd edilən məsələ nəzəri və praktiki əsaslar diqqətə alınaraq hüquqi təhlil olunub. 

Birinci: Özəlləşdirməyə dair fərdi layihələrin dövlət özəlləşdirmə paylarına (çeklərinə) təsiri

Dövlət əmlakının özəlləşdirilməsi prosesi hal-hazırda da davam etdiyi kimi, gələcəkdə də davam edəcək. Hesab edirik ki, gələcəkdə özəlləşdirilə biləcək ümumi dövlət əmlakının dəyəri 200 milyard manata yaxındır. Məlum olduğu kimi, özəlləşdiriləcək bütün dövlət əmlakının 65%-i qanunla dövlət özəlləşdirmə payları (çekləri) ilə özəlləşdirilməlidir. Bu durumda isə hər bir dövlət özəlləşdirmə payına özlləşdirilə biləcək əmlakdan düşən real əmlak payı dəyəri 81 000 manat təşkil edir.

Təbii ki, bu real əmlak payı dəyərinə təsir edən obyektiv amillərdən biri də hər il bazarda inflyasiya dərəcəsinin dəyişməsidir. Məsələn, təxmini olaraq gələcəkdə özəlləşdirilə biləcək 200 milyard dəyərindəki dövlət əmlakında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) dəyərini orta hesabla 80 milyard olaraq qəbul edə bilərik. Dünya bazarında neftin qiyməti qalxıb-düşə bilər. Əgər bu qiymət qalxarsa, SOCAR-ın qiyməti 80 milyarddan daha çox ola bilər, bu qiymət düşərsə, şirkətin dəyəri 80 milyarddan az da ola bilər.

Bütün bunlar əsas verir ki, dövlət özəlləşdirmə paylarının (çeklərinin) nominal dəyəri qiymətli kağızlar ilə bağlı beynəlxalq sistemdə qəbul edilən qaydalara uyğun olaraq qanunla müəyyən edilsin və həmin nominal dəyər hər il inflyasiyaya uyğun olaraq da qanunla tənzimlənsin. Yəni dövlət özəlləşdirmə paylarının (çeklərinin) nominal dəyəri bu il üçün 81 000 manatdırsa, gələn il üçün bu dəyər iqtisadçı ekspertlər tərəfindən inflyasiyaya uyğun olaraq hazırlanmış məlumatlara əsasən qanunla artırıla və azaldıla bilər.

Məhz 03.04.2014-cı il tarixində Nazirlər Kabinetinin qəbul etdiyi 94 nömərli qərar ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nın 5.5-ci bəndinə görə, “Xarici valyutanın və qiymətli kağızların (səhmlər, istiqrazlar və s.) alqı-satqısı müvafiq qanunlarla tənzimlənir”.

Ona görə də hesab edirik ki, dövlət özəlləşdirmə paylarının (çeklərinin) nominal dəyərinin qiymətli kağızlar ilə bağlı beynəlxalq sistemdə qəbul edilən qaydalara uyğun olaraq qanunla müəyyən edilməsi zəruridir. Bundan sonra yenə hər il inflyasiya nəzərə alınaraq həmin nominal dəyərinin qanunla tənzimləməsi müvafiq mərkəzi icra hakimiyyəti orqanlarına həvalə edilməlidir.

Hesab edirik ki, dövlət əmlakının özəlləşdirilməsi prosesinə dair olan normativ hüquqi aktlardakı bəzi normalar Azərbaycan Respublikası Konstitusiyası və insan hüquqlarına dair beynəlxalq sənədlər ilə qorunan dövlət özəlləşdirmə payları (çekləri) sahiblərinin əsas insan haqlarını pozur. Bu fikrimizi aşağıdakılar təsdiq edir:

 “Dövlət əmlakının özəlləşdirilməsi” haqqında Azərbaycan Respublikasının 16 may 2000-ci il tarixli 878-IQ saylı Qanunun 18-ci maddəsində deyilir ki, ölkə iqtisadiyyatı üçün böyük əhəmiyyət kəsb edən dövlət müəssisələri fərdi layihələr üzrə özəlləşdirilir və bu zaman həmin müəssisəyə strateji investor cəlb etmək məqsədi ilə satışa onun səhmlərinin 51 faizi və ya daha çox hissəsi çıxarılır (maddə 18.1).

Fərdi layihələr üzrə dövlət müəssisələrinin özəlləşdirilməsi qaydaları və bu qayda üzrə özəlləşdirilən dövlət müəssisələrinin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir (maddə 18.2).

Yenə Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2000-ci il tarixli 383 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”nın “Dövlət müəssisələrinin fərdi layihələr üzrə özəlləşdirilməsi” başlığını daşıyan 4.1-ci bəndində deyilir ki, ölkə iqtisadiyyatı üçün böyük əhəmiyyət kəsb edən dövlət müəssisə və obyektləri fərdi layihələr üzrə özəlləşdirilir və bu zaman həmin müəssisəyə strateji investor cəlb etmək məqsədi ilə satışa onun səhmlərinin 51%-i və ya daha çox hissəsi çıxarılır, səhmlərin yerdə qalan hissələri (əmək kollektivinə güzəştli satışa yönəldilən hissə istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin və ya Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin qərarı ilə pul hərraclarına və ixtisaslaşdırılmış çek hərraclarına yönəldilir və ya investisiya müsabiqəsi vasitəsilə satılır (4.1.1-ci bəndi).

Fərdi layihələr üzrə dövlət müəssisələrinin özəlləşdirilməsi qaydaları, həmin müəssisələrin siyahısı və səhmlərinin satışı nisbəti Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir (4.1.2-ci bəndi).

Fərdi layihələr üzrə özəlləşdirmə prosesində Əmlak Məsələləri Dövlət Komitəsi maliyyə məsləhətçisi cəlb edə bilər (4.1.3-cü bəndi).

Hesab edirik ki, həm “Dövlət əmlakının özəlləşdirilməsi” haqqında Azərbaycan Respublikasının 16 may 2000-ci il tarixli Qanunun 18-ci maddəsi, həm də II Dövlət Proqramının 4.1-ci bəndi dövlət özəlləşdirmə paylarının (çeklərinin) sahibi olan vətəndaşların Azərbaycan Respublikası Konstitusiyası və insan hüquqlarına dair beynəlxalq sənədlər ilə qorunan əsas hüquqlarından biri olan mülkiyyət hüququnu pozur.

Belə ki, “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası 29 sentyabr 1995-ci il tarixli Qanunu ilə təsdiqlənmiş, Ümummilli Liderimiz Heydər Əliyevin imzasını daşıyan Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramının (I Dövlət Proqramın) “Dövlət özəlləşdirmə payı” başlığını daşıyan 3-cü bölməsində qeyd edilən tələbləri nəzərə alaraq deyə bilərik ki:

1) Dövlət özəlləşdirmə payı (çeki) – sahibinin dövlət əmlakında mülkiyyət hüququ olduğunu təsdiq edən rəsmi dövlət sənədidir. Yəni dövlət özəlləşdirmə payları (çekləri) Azərbaycan Respublikasının hər bir vətəndaşına özəlləşdirilən dövlət mülkiyyətindən əvəzsiz qaydada verilən əmlak hissəsi üzərində onun mülkiyyət hüququnu təsdiqləyən sənəddir və həmin sənədin verilməsi ilə vətəndaşın dövlət əmlakı üzərindəki mülkiyyət hüququ əmələ gəlmişdir.

2) Dövlət özəlləşdirmə payı (çeki) qiymətli kağızdır. Yəni hər dövlət özəlləşdirmə payı (çeki) dövlət tərəfindən vətəndaşa verildiyi an eyni dəyərə malik olub, adsız qiymətli kağızdır.

Ən əsası Qanunla təsdiqlənmiş və Ümummilli Liderimiz Heydər Əliyevin imzasını daşıyan Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramının (I Dövlət Proqramı), “Orta və iri müəssisələrin özəlləşdirilməsi” başlığını daşıyan 8-ci bölməsinin 3-cü bəndində deyilir ki, özəlləşdirmə planına müvafiq olaraq, səhmdar cəmiyyətin səhmləri aşağıdakı satış növləri üzrə bölüşdürülür:

  1. a) 15% – əmək kollektivinə güzəştli satışa yönəldilir;
  2. b) 50%-dən az olmayaraq – çek auksionlarına (investisiya müsabiqələri və hərraclarına) yönəldilir;
  3. c) 10-20% – pul auksionlarına (investisiya müsabiqələri və hərraclarına) yönəldilir;
  4. e) 25%-ə qədər ixtisaslaşdırılmış sahə və sahələrarası investisiya fondlarını formalaşdırmaq üçün yönəldilir (bunlardan 15% hökmən ZEİF-ə, 10% isə QİF-ə istiqamətləndirilir”. Lakin səhm bazarında qeyri-əlverişli şərait olduqda həmin səhmlər pul auksionlarına çıxarıla bilər.

O zamankı Əmlak Məsələləri Dövlət Komitəsinin (indiki Əmlak Məsələləri Dövlət Xidməti) qərarı ilə texnoloji xüsusiyyətlərindən və qiymətləndirilməsindən asılı olaraq, orta müəssisələr kiçik müəssisələr üçün müəyyən edilmiş qaydada özəlləşdirilə bilər.

Qeyd edək ki, I Dövlət Proqramında dövlət əmlakının özəlləşdirilməsi qaydalarını müəyyən edən bu normalar hələ də qüvvədədir. Çünki bu qaydalar 16 may 2000-ci il tarixli 878-IQ saylı Qanuna zidd deyil.

Məhz həmin Qanunun 33.1-ci maddəsinə görə, “bu Qanun qüvvəyə mindiyi günədək qəbul edilmiş və dövlət əmlakının özəlləşdirilməsini tənzimləyən normativ-hüquqi aktlar bu Qanuna zidd olmayan hissəsində öz qüvvəsini saxlayır”.

Bütün bunlar əsasında hesab edirik ki, vətəndaşların (pay (çek) sahiblərinin) mülkiyyət hüququnu, bərabərlik hüququnu və digər insan hüquqlarını pozan “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”nın 4.4.1-ci bəndinin 3-cü abzası və 7.4.1-ci bəndinin 2-ci abzası Azərbaycan Respublikası Konstitusiyasına və Qanunlara uyğunlaşdırmaq ücün fərdi özəlləşdiriləcək müəsisələrin adları Qanunla təsdiqlənməli və hec bir halda 1-ci Özəlləşdirmə Proqramı qanununda göstərilmiş vətəndaşların özəlləşdirmə payları ilə verilmiş hüquq (15+50% qaydası) pozulmamalıdır.

Hətta bu qaydalar “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”nın 5.8-ci bəndi ilə demək olar ki, eyni formada ifadə edilib. Fərqi isə təkcə II Dövlət Proqramına “fərdi layihələr üzrə özəlləşdirmə”nin daxil edilmiş olmasıdır. 

Belə ki, II Dövlət Proqramının 5.8-ci maddəsində deyilir ki, orta və ya iri dövlət müəssisələri səhmdar cəmiyyətlərinə çevrilməklə, onların bir qismi II Dövlət Proqramının 4.1-ci və 4.5-ci bölmələrinə uyğun olaraq fərdi layihələr üzrə və investisiya müsabiqələri vasitəsi ilə özəlləşdirilir. Göstərilən üsullarla özəlləşdirilən müəssisələr istisna olmaqla, qalan və ya iri müəssisələrin səhmləri, bir qayda olaraq, aşağıdakı nisbətdə (bölgüdə) satılır:

  1. a) 15% – əmək kollektivinə güzəştli satışa yönəldilir;
  2. b) 30% – pul hərraclarına yönəldilir;
  3. c) 55% – ixtisaslaşdırılmış çek hərraclarına (özəlləşdirmə paylarının (çeklərinin) tədiyə vasitəsi kimi istifadə müddəti başa çatdıqdan sonra ixtisaslaşdırılmış pul hərraclarına) yönəldilir.

Orta və iri müəssisələrin çevrilməsi nəticəsində yaradılan səhmdar cəmiyyətlərinin səhmlərinin investisiya müsabiqələri və ya fərdi layihələr üzrə özəlləşdirilməsi barədə qərar qəbul edildikdə, investisiya müsabiqəsinə və ya fərdi layihə üzrə satışa yönəldilən səhm zərfi nəzərə alınmaqla, səhmlərin yerdə qalan hissələri (əmək kollektivinə güzəştli satışa yönəldilən hissə istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin və ya Əmlak Məsələləri Dövlət Komitəsinin qərarı ilə bərabər nisbətdə bölünməklə pul hərraclarına və ixtisaslaşdırılmış çek hərraclarına (özəlləşdirmə paylarının (çeklərinin) tədiyə vasitəsi kimi istifadə müddəti başa çatdıqdan sonra ixtisaslaşdırılmış pul hərraclarına) yönəldilir.

Burdan məlum olunduğu kimi, orta və iri müəssisələrin özəlləşdirilməsi zamanı özəlləşdirmə planına müvafiq olaraq, səhmdar cəmiyyətin səhmlərinin 55%-dən az olmayan hissəsi çek auksionlarına (investisiya müsabiqələri və hərraclarına) yönəldilməlidir. Amma fərdi layihələr üzrə özəlləşdirmə bu qaydanı istisna edir. 

Yəni həm I Dövlət Proqramında, həm də II Dövlət Proqramında göstərilən bu qaydalar dövlət özəlləşdirmə payları (çekləri) sahiblərinə həmin paylar (çeklər) üzərindəki mülkiyyət hüququndan istifadə etmək imkanı verir, amma fərdi layihələr üzrə özəlləşdirmə isə bu paylar (çeklər) ilə bağlı mülkiyyət hüququndan istifadəni məhdudlaşdırır. Bu durumda isə onlarn hüquqları pozulur.

Məsələn hesab edək ki, gələcəkdə SOCAR-ın səhmləri özəlləşdirildiyi zaman fərdi layihə üzrə özəlləşdirmə həyata keçirilir və dövlət özəlləşdirmə payları (çekləri) bu özəlləşdirmdə iştirak edə bilmir. Bu durum təbii ki, onlara verilən qanunla özlləşdirmədə iştirak etmək hüququnun, 15+50% qaydasının pozulmasıdır. Yuxarıda deyildiyi kimi, SOCAR-ın dəyəri gələcəkdə özəlləşdiriləcək dövlət əmlakının dəyərinin 35%-ni təşkil etdiyi üçün gələcəkdə özlləşdiriləcək əmlakın qalan dəyəri 65% olacağından, qalan əmlakın hamısı mütləq surətdə dövlət özəlləşdirmə payları (çekləri) ilə özəlləşdirilməldir.

Məhz “Dövlət əmlakının özəlləşdirilməsi” haqqında Qanunun 18.1-ci maddəsinin “Ölkə iqtisadiyyatı üçün böyük əhəmiyyət kəsb edən dövlət müəssisələri fərdi layihələr üzrə özəlləşdirilir və bu zaman həmin müəssisəyə strateji investor cəlb etmək məqsədi ilə satışa onun səhmlərinin 51 faizi və ya daha çox hissəsi çıxarılır” qaydası, dövlət özəlləşdirmə payları (çekləri) sahibi olan vətəndaşların yuxarıda qeyd edilən mülkiyyət hüquqlarını pozur, həmin hüquqdan istifadənin qarşısına sədd qoyur, onların gəlirli müəssisələrdə iştirak hüququna mane olur.

Bu pozuntunun aradan qaldırılması yolu isə, hər hansı bir strateji investor  fərdi layihə əsasında özəlləşdirmə prosesinə cəlb ediləcəyi zaman həmin investorun birjadan və ya banklardan dövlət özəlləşdirmə payları (çekləri) almasının təmin edilməsidir. Başqa bir ifadə ilə, fərdi layihə əsasında özəlləşdirilməyə çıxarılan müəssisələrin cəlb edilən strateji investora özəlləşdiriləcək 51% səhmlərinin ən azı 65%-inin vətəndaşlara daha əvvəl verilən dövlət özəlləşdirmə payları (çekləri) ilə dəyişdirilməsi (ödənilməsi) təmin edilməlidir.

Əks təqdirdə, fərdi layihə əsasında Azərbaycan Respublikası Konstitusiyası, qanunları ilə qorunan vətəndaşlarının mülkiyyət hüququ pozulacağı kimi, həm də “qanun qarşısında hamı bərabər olmalıdır” qaydası (bərabərlik hüququ) da pozulacaq. Hesab edirik ki, fərdi layihə əsasında özəlləşdirməyə çıxarılacaq müəssisələrin siyahısı da qanunda birbaşa tənzimlənməli, yenə bu proses zamanı qanunla göstərilən “65%-i dövlət özəlləşdirmə payı (çeki) ilə özəlləşdirilir” qaydası da heç bir halda pozulmamalıdır.

Əgər özəlləşdirməyə çıxarılan bütün səhmdar cəmiyyətlərinin səhmlərinin 51 faizi və ya daha çox hissəsi fərdi layihələr üzrə satışa çıxarılsa, bu durumda Qanunla təsdiqlənmiş I Dövlət Proqramının 8-ci bölməsinin 3-cü bəndi ilə və II Dövlət Proqramının 5.8-ci maddəsi ilə “orta və iri müəssisələrin özəlləşdirilməsi zamanı özəlləşdirmə planına müvafiq olaraq, səhmdar cəmiyyətin səhmlərinin 55%-dən az olmayan hissəsi ixtisaslaşmış çek auksionlarına (investisiya müsabiqələri və hərraclarına) yönəldilir” qaydası və “15%-i əmək kollektivinə güzəştli satışa yönəlməldir” qaydası pozulacaq. Bu isə dövlət özəlləşdirmə çekləri sahiblərinin mülkiyyət hüququnun pozulması deməkdir.

Qeyd edilənlər, Ümummilli Liderimiz Heydər Əliyevin imzasını daşıyan I Dövlət Proqramının 3-cü bölməsinə və 8-ci bölməsinin 3-cü bəndinə, II Dövlət Proqramının 5.8-ci bəndinə əsasən, əminliklə deyə bilərik ki, dövlət özəlləşdirmə payları (çekləri) dövlət qiymətli kağızı kimi birinci dəfə yerləşdiriləndən sonra bütün özəlləşdiriləcək orta və iri dövlət əmlaklarının ən azı 65 faizi ölkə vətəndaşlarına miras dövlət əmlakından pay olaraq əmlak hüququ kimi verildi.

Bundan başqa, ümumiyyətlə, qanunun fərdi layihələr üzrə dövlət əmlakının özəlləşdirilməsini tənzimləmiş olması “qanun qeyri-müəyyən subyektlər dairəsi üçün və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş müəyyən formalı rəsmi sənəddir” qaydasını da pozur. Hesab edirik ki, həmin qaydalar əsasında bəzi məmurlar üçün manipulyasiya imkanları meydana gəlib. Bütün bunlar əsasında hesab edirik ki,  “Dövlət əmlakının özəlləşdirilməsi” haqqında Azərbaycan Respublikasının 16 may 2000-ci il tarixli 878-IQ saylı Qanunun 18-ci maddəsi və II Dövlət Proqramının 4.1-ci bəndi dövlət özlləşdirmə payı (çeki)  sahiblərinin Azərbaycan Respublikası Konstitusiyası, Qanunları, insan hüquqlarına dair beynəlxalq sənədlər ilə qorunan mülkiyyət hüququnu, bərabərlik hüququnu və digər insan hüquqlarını pozur.

İkinci: Dövlət özəlləşdirmə paylarının (çeklərinin) qiymətinin manipulyasiyası ilə bağlı hüquqi təhlil

Öncə qeyd edək ki, Azərbaycan Respublikası Konstitusiyanın 13-cü, 29-cu maddələrində tənzimlənmiş mülkiyyət hüququnu və 25-ci maddəsində tənzimlənmiş bərabərlik hüququnu pozan II Dövlət Proqramının 4.4.1-ci bəndinin 3-cü abzası və 7.4.1-ci bəndinin 2-ci abzası 8 iyul 2008-ci il tarixində II Dövlət Proqramına əlavə edilib. Əlavə edilmiş abzaslar aşağıdakı kimdir:

“Satıcının müəyyən etdiyi hallarda tərəfin razılığı ilə özəlləşdirilən dövlət əmlakının dəyəri ödəniş tarixinə Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən alınan rəsmi məlumatlar əsasında bazar dəyəri müəyyən edilən dövlət özəlləşdirmə payları (çekləri) ilə pul ekvivalentinə münasib şəkildə ödənilə bilər”.

Buradan məlum olduğu kimi hər bir özəlləşdirmə prosesi zamanı özəlləşdirmədə istifadə ediləcək dövlət özəlləşdirmə paylarının (çeklərinin) bazar dəyəri Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən alınan rəsmi məlumatlar əsasında müəyyən ediləcək.

Qiymətin təsbit edilməsinə dair bu proses ilk baxışda məsum (adil) görünsə də, əslində çox təhlükəli və vətəndaşların mülkiyyət hüququnu, bərabərlik hüququnu pozan bir proses olduğunu praktika göstərdi.

Birincisi, qiymətli kağızın bazar dəyərini Əmlak Məsələləri Dövlət Komitəsi (indiki halda Xidməti) deyil, bazar özü müəyyən etməlidir. Yəni bu dəyərin müəyyən edilməsində Komitənin hər hansı bir funksiyası olmamalı, Komitə özəlləşdirməyə çıxarılan dövlət əmlakının dəyərini müəyyən edib və dövlət özəlləşdirmə payının (çekinin) nominal dəyəri ilə həmin özəlləşdirməni həyata keçirməlidir. Məsələn, bazarda dövlət özəlləşdirmə payının (çekinin) əlverişli dəyəri 10 000 manatdırsa, bu, o demək deyil ki, Komitə bir özəlləşdirmə payının nominal dəyərinə düşən 81 000 manatlıq səhm vermək əvəzinə, 10 000 manatlıq səhm verməlidir. Əgər Komitə bu formada edərsə, onda belə çıxır ki, sabah bazarda bir özəlləşdirmə payının real dəyəri 200 000 manat olarsa, Komitə həmin investorlara bir paya görə 200 000 manatlıq səhm verməlidir.

İkincisi, qeyd edilən səlahiyyət əsasında Əmlak Komitəsi ilə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi keçiriləcək hər bir növbəti özəlləşdirilmədən əvvəl anlaşaraq, həmin özəlləşmədə istifadə ediləcək çeklərin qiymətini istədikləri “rəqəm” ilə müəyyən etmək imkanını əldə etdilər. Mətbuatda deyildiyi kimi, bu yolla, 2010-cu ildə “Siyəzən Broyler”in özəlləşdirilməsində istifadə ediləcək bir çekin (payın) qiyməti 1400 manat olaraq müəyyən edilib. Məhz “Siyəzən Broyler”in 14 milyon 337 minlik dövlət əmlakı üçün tam 40.000 ədəd dövlət özəlləşdirmə çeki verilib.

Bundan başqa, yenə mətbuatda deyilir ki, əmək kollektivinin hər özəlləşdirmə payına 50 manatlıq səhm verilib, anacaq investorun təqdim etdiyi hər özəlləşdirmə payına 1400 manatlıq səhm verilib.

Yenə mətbuatda deyilir ki, “Siyəzən Broyler”in özəlləşdirilməsindən bir həftə əvvəl və sonra keçirilən bir çox özəlləşdirmədə isə 1 ədəd çekin qiymətinin bəzən 50 manat, bəzən 100 manat olduğunu Əmlak Komitəsi ilə Qiymətli Kağızlar Komitəsi anlaşaraq müəyyən edib.

Məlum olduğu kimi, I Dövlət Proqramının “Dövlət özəlləşdirmə payı” başlıqlı 3-cü Bölməsində deyilir ki, “Özəlləşdirmə payı (çeki) – Azərbaycan Respublikasının hər bir vətəndaşına özəlləşdirilən dövlət mülkiyyətindən əvəzsiz verilən hissədir (2-ci bənd). Özəlləşdirmə payı Respublika vətəndaşlarına özəlləşdirilən dövlət müəssisələrinin və investisiya fondlarının səhmlərini almaq üçün verilir. Pay (çek) satıla, banklara, girov qoyula, irsən verilə və Azərbaycan Respublikasının mövcud qanunvericiliyində nəzərdə tutulan başqa formada özgəninkiləşdirilə bilər (3-cü bənd). Dövlət özəlləşdirmə payı – adsız, (təqdim edənə) nağd qiymətli kağız formasında, olan, 4 (dörd) çekdən ibarətdir. Özəlləşdirmə payına daxil olan çeklər verildiyi an eyni dəyərə malikdir (4-cü bənd)”.

Bu normalardan məlum olur ki, dövlət özəlləşdirmə payları (çekləri) Azərbaycan Respublikasının hər bir vətəndaşına verilmiş dövlət əmlakının bir hissəsinin əvəzsiz əldə etmək imkanı tanıyan qiymətli kağızdır. Təbii ki, bir vətəndaş digərindən üstün olmadığı üçün verilən çeklər ilə onlar bərabər əmlak payları əldə etməli idilər.

Hesab edirik qeyd edilən qanunvericilik aktları ilə bir sıra məmurlar qurduqları manipulyasiya sistemi vasitəsi ilə onlara yaxın olan bəzi vətəndaşlara məxsus çeklərin qiymətini 1400 manat dəyərində qiymətləndirib, lakin onlara yaxın olmayan bir çox vətəndaşlara məxsus çekləri isə 50 və ya 100 manat dəyərində qiymətləndiriblər.

Bu durum təbii ki, Azərbaycan Respublikası Konstitusiyanın 25-ci maddəsində tənzimlənmiş bərabərlik hüququnu pozduğu kimi, həm də Konstitusiyanın 13-cü, 29-cu maddələrində tənzimlənmiş vətəndaşların mülkiyyət hüququnu da pozur. Məhz bu ədalətsiz durumu II Dövlət Proqramının 4.4.1-ci bəndinin 3-cü abzası və 7.4.1-ci bəndinin 2-ci abzası meydana gətirir.

Bunu da qeyd edək ki, bəhs edilən manipulyasiyaların həyata keçirilməsi, qanunla eyni dəyərə malik çeklərin müxtəlif qiymətlərlə ifadə edilməsi üçün dövlət özəlləşdirmə çeklərinin qiymətinin müəyyən edilməsi ilə bağlı II Dövlət Proqramının 4.2.4-cü bəndinin nəzərdə tutduğu sistemin münbit olduğunu rahatlıqla görmək olar. Həmin bənddə deyilir ki, “Dövlət müəssisələrinin çevrilməsi nəticəsində yaranmış səhmdar cəmiyyətlərinin səhmlərinin işçilərə güzəştli satışı məqsəd ilə son 2 çek hərracında satılmış dövlət əmlakının dəyəri həmin hərraclarda təqdim edilmiş özəlləşdirmə çeklərinin sayına bölünməklə bir özəlləşdirmə çekinin qiyməti müəyyən edilir”.

Hesab edirik ki, dövlət məmurları üçün öz subyektiv iradələri ilə və heç bir normativ hüquqi aktdan səlahiyyət almadan həftə ərzində çek auksionlarında hərraclara cıxarılacaq müəssisələrin keyfiyyəti, sayı və səhmlərin ümumi sayının dəyəri ilə bağlı manipulyasiya edərək, çeklər üçün bir həftə ərzində istənilən bazar qiyməti formalaşdırılması imkanı yaranıb. Bu isə qəbuledilməzdir.

Qeyd edilənləri II Dövlət Proqramının 4.3-cü bəndində tənzimlənmiş “Dövlət əmlakının ixtisaslaşdırılmış çek və pul hərraclarında satışı” ilə bağlı normalar da göstərir. Həmin 4.3-cü bənddə deyilir ki, “Dövlət əmlakının ixtisaslaşdırılmış çek və pul hərraclarında satışı özəlləşdirmə prosesində yaradılmış səhmdar cəmiyyətlərinin səhmlərinin və ya səhm zərflərinin sifarişlər əsasında alıcılara satışıdır (4.3.1-ci bənd). İxtisaslaşdırılmış çek və pul hərraclarında sifarişlər 1-ci növ və 2-ci növ sifariş formasında təqdim edilir. İxtisaslaşdırılmış çek hərracında bir özəlləşdirmə çekinə düşəcək səhm üçün sifarişçi tərəfindən minimum hədd qoyulmadıqda sifariş 1-ci növ, belə hədd qoyulduqda isə 2-ci növ sifariş adlanır. İxtisaslaşdırılmış pul hərracında 1-ci növ sifarişçi ödədiyi məbləğə görə düşəcək səhmlərin miqdarına aşağı hədd qoymur, 2-ci növ sifarişçi isə almaq istədiyi səhmlərin minimum miqdarının həddini sifarişində göstərir (4.3.2-ci bənd). İxtisaslaşdırılmış çek və pul hərraclarının keçirilməsi qaydaları Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir (4.3.3-cü bənd)”.

Qeyd edilən normaları, xüsusilə, 4.3.3-cü bəndini nəzərə alaraq hesab edirik ki, ixtisaslaşdırılmış çek və pul hərraclarının keçirilməsi qaydalarının Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən ediləcəyi tənzimlənərək, bu manipulyasiyalar ilə məşğul olan dövlət məmurları gördükləri qanunsuz işlərdən dolayı öz məsuliyyətlərini ölkə başçısının üzərinə ötürmək məqsədi güdürlər. Hesab edirik ki, bu məsələlərin qanunla tənzimlənməsi zəruridir. Əks halda, hesab edirik ki, II Dövlət Proqramının 4.4.1-ci bəndinin 3-cü abzası və 7.4.1-ci bəndinin 2-ci abzası dövlət özlləşdirmə payı (çeki)  sahiblərinin Azərbaycan Respublikası Konstitusiyası, Qanunları, insan hüquqlarına dair beynəlxalq sənədlər ilə qorunan mülkiyyət hüququnu, bərabərlik hüququnu və digər insan hüquqlarını pozur.

Üçüncü: Dövlət əmlakının özəlləşdirilməsinə nəzarət üzrə Dövlət Komissiyasının Əsasnaməsinin hazırlanmasının vacibliyi ilə bağlı hüquqi təhlil

Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2007-ci il tarixli 2006 saylı “Dövlət əmlakının özəlləşdirilməsinə nəzarət üzrə Dövlət Komissiyası haqqında” Sərəncamına əsasən, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə uyğun olaraq dövlət əmlakının özəlləşdirilməsi prosesinə dövlət nəzarətini gücləndirmək məqsədi ilə Dövlət əmlakının özəlləşdirilməsinə nəzarət üzrə Dövlət Komissiyası yaradılıb. Həmin Komissiyanın sədri Azərbaycan Respublikasının Baş naziridir.

Eyni zamanda həmin Sərəncamın 2-ci bəndində deyilir ki, “Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində Dövlət əmlakının özəlləşdirilməsinə nəzarət üzrə Dövlət Komissiyası haqqında Əsasnamənin layihəsini hazırlayıb təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin”.

Bu tələbə baxmayaraq hələ də həmin Əsasnamə hazırlanıb Prezidentə təqdim olunmayıb. Hesab edirik ki, Əsasnamənin hazırlanması və Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi bu sahədəki hüquq pozuntularının qarşısının alınması baxımından mühüm əhəmiyyət kəsb edir.

Bu səbəblə səlahiyyətli dövlət qurumlarının tezliklə dövlət əmlakının özəlləşdirilməsinə nəzarət üzrə Dövlət Komissiyası haqqında Əsasnamə layihəsinin hazırlanması üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müvafiq tövsiyə, təklif, bildiriş göndərməsi faydalıdır.

Nəticə

Qeyd edilənlər əsasında hesab edirik ki, yuxarıda göstərilən problemlərin həlli üçün dövlət özəlləşdirmə paylarının (çeklərinin) inflyasiyadan qorunan nominal dəyəri qanunla müəyyən olunmalıdır. Bu yolla həmin çeklərin banklarda girov qoyulması, özgəninkiləşdirilməsi, istifadə olunmayan çeklərin gələcəkdə dövlət tərəfindən mütləq olaraq kompensasiyası və digər problemli məqamlar həll ediləcək. Bu isə öz növbəsində ölkə iqtisadiyyatının güclü və sürətli inkişafına təkan verən əsas amil olacaq. Çünki bütün iqtisadçılar qəbul edirlər ki, dövriyyəyə külli miqdarda pulun buraxılması inkişaf ilə yanaşı ən azı 20% nisbətində inflyasiya da yaradır. Lakin dövlət qiymətli kağızlarının eyni həcmdə buraxılması 2%-ə qədər inflyasiyaya səbəb ola bilər (10 dəfə az). Bu, iqtisadiyyatın qızıl qaydasıdır.

İNVESTORLAR ÜÇÜN

Dövlət özəlləşdirmə paylarının (çeklərinin) bitcoin ilə müqayisəsi ilə bağlı bunları qeyd etməyi faydalı hesab edirik:

1) Bitcoin hal-hazırda yüksək dəyərə malik olsa da, onun təmin edən heç bir dövlət olmadığı üçün əslində hüquqi baxımdan təminatsızdır. Dövlət özəlləşdirmə payları (çekləri) əmlak dəyəri hədində Azərbaycan Respublikası dövləti tərəfindən təmin olunur. Bu da bu payların yüksək hüquqi təminata malik olduğunu sübut edir.

2) Bitcoin heç bir qanun, normativ hüquqi akt və ya beynəlxalq sənəd ilə tənzimlənmir, tamamilə tərəflər arasındakı müqavilə və güvən münasibəti sisteminə tabedir. Qısacası Bitconi çıxardan işığı söndürsə, həmin an bütün dəyəri yox ola bilər. Dövlət özəlləşdirmə payları (çekləri) isə Azərbaycan Respublikası Konstitusiyası, qanunlar, digər normativ hüquqi aktlar, o cümlədən qoşulduğumuz beynəlxalq sənədlər ilə tənzimlənir. Bu paylar üzrə öhdəlik sahibi onların emitenti olan Azərbaycan Respublikası dövlətidir.

3) İnvestorlar tərəfindən dövlət özəlləşdirmə payları (çekləri) əsasında əldə edilmiş gəlirlər və qazanclar, o cümlədən bu payların (çeklərin) özləri hüquq sistemimiz tərəfindən tanınır və beynəlxalq sənədlər əsasında bütün ölkələrdə qəbul olunur. Amma eyn sözləri Bitcoin üçün demək çətindir.

BÜTÜN ZİYALILARDAN XAHİŞ EDİRƏM, RƏY BİLDİRMƏMİŞDƏN ƏVVƏL AŞAĞIDAKI 3 LİNKDƏ OLAN MƏLUMATLARLA YAXINDAN TANIŞ OLSUNLAR:

Mübariz Yolçiyev

Bakı Dövlət Universiteti Hüquq fakültəsinin dosenti,

Vəkillər Kollegiyasının üzvü, vəkil

mhalidoglu@yahoo.com

Xüsusi olaraq AYNA üçün

Redaksiyadan qeyd:

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc dəfələrlə mətbuata açıqlamalarında bu problemi gündəmə gətirib. Sitat:

“Parlament üzvü kimi bildirim ki, müxtəlif vətəndaşlarımızın çoxsaylı müraciətləri fonunda özəlləşmə çekləri ilə bağlı məsələ bu və ya digər formada gündəmdə özünə yer edib. Bu məsələdə müvafiq dövlət strukturlarının daha geniş izahatlar aparmasına və bir sıra addımlar atmasına ehtiyac var. Çünki istər hüquqi, istərsə də taktiki məsələlərdə, bəlkə də, Konstitusiya Məhkəməsi səviyyəsində hüquqi təsvirə ehtiyac olan mövzular var. Bu yöndə müraciət edən şəxslər, əsasən, konkret arqumentlərlə çıxış edirlər. Sovet dövrü və ya ondan əvvəlki illərdə ölkə daxilində yaranmış sərvətlərin 65 faizinin özəlləşdirmə çekləri vasitəsilə aparılması çeklərin üzərində yazılan “Bu özəlləşdirmə çekləri Azərbaycan Respublikasının dövlət mülkiyyəti ilə təmin edilir” sözləri ilə düz mütənasibdir. Bu çeklərin hər birinin dəyəri eynidir və 1 pay 4 çekdən ibarətdir. Bu hissəyə düşən əmlak ekvivalenti payı qanunda inflyasiyadan qorunan əmlak ekvivalenti payı kimi göstərilib.

Əksər şəxslər özəlləşdirmə prosesində iştirak edə bilmədiklərini irəli sürürlər və o çekləri hələ də saxlayırlar. Tədavüldən çıxarılan özəlləşdirmə çekləri qiymətli kağızlar hesab olunsa da, bu çeklərlə bağlı verilən qərarlar qanunvericiliklə düzgün aparılmayıb. Belə olan təqdirdə əlində çeki qalan şəxslərlə bağlı konkret addımlar atılmalı və ya onların hüquqlarının bərpası üçün özəlləşmə zamanı hansısa payı özündə ehtiva edən mülklərlə bağlı tədbirlər görülməlidir. Fikrimcə, bu məsələdə hüquqi cəhətdən mübahisələndiriləcək məqamlar yetərincədir”.

Mövzuya dair daha ətraflı məlumatla bu KEÇİDə daxil olmaqla tanış ola bilərsiniz.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.