Vətəndaş və İnkişaf Partiyasının həbsdə olan sədri Əli Əliyevin barəsində olan hökmdən verilən kasasiya şikayətinə baxılıb.
Bu barədə onun vəkili Cavad Cavadov bildirib.
Vəkilin sözlərinə görə, şikayətə Ali Məhkəmədə Əziz Seyidovun sədrliyi ilə baxılıb, şikayət təmin edilməyib.
Xatırladaq ki, 2021-ci il noyabrın 30-da qəzaya uğrayan DSX-ya məxsus Mi-17 tipli helikopterində sağ qalan polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilov VİP sədri Əli Əliyevə qarşı Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə (böhtan) uyğun olaraq xüsusi ittiham qaydasında şikayət veriblər.
İddiaçılar şikayət ərizəsində Əli Əliyevin 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Şikayətlərdə göstərilib ki, VİP sədri Əli Əliyev məlum helikopter qəzasından sağ çıxmağın mümkünsüzlüyünü bildirib. Xüsusi ittihamçıların şikayətləri ayrı icraatda araşdırılıb.
Yanvarın 13-də Yasamal rayon Məhkəməsində hakim Hüseyn Səfərovun sədrliyi ilə keçirilən prosesdə DSX-nin polkovnik-leytenantı Emil Cəfərovun şikayəti ilə bağlı qərar qəbul olunub.
Qərara əsasən, Əli Əliyev 5 ay müddətinə həbs edilib.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.