“Azərbayacanda məmurların, deputatların, hakimlərin, ümumiyyətlə, dövlət orqanlarında çalışan insanların maaşları yüksək olmalıdır. Belə olan halda, ölkədə korrupsiya olmaz. Ancaq təbii ki, maaş artımı ilə paralel olaraq başqa addımlar da atılmalıdır. Bütün dövlət qulluqçuları, yəni məmurlar, deputatlar və digərlərinin gəlir və xərc bəyannamələri olmaldır. Onlar ailə üzvləri daxil il ərzində nə qazandıqlarını və nə xərclədiklərini bəyan etməlidirlər. Hər hansı bir dövlət orqanının saytında bütün məmurlarımızın maliyyə göstəriciləri, nə qədər xərclədikləri, nə aldıqları, göstərilməlidir. Qoy deputarın maaşı 15 min, lap 20 min olsun, amma biz də görək ki, bu adam nə xərcləyir… Yoxsa sabah görəcəyik ki, onların əmlakları var və xərcləri heç o gəlirlərə uyğun deyil. Deməli, ya korrupsiya, tya da qanunsuz sahibkarlıqla məşğuldurlar və bu yollarla da gəlir əldə edirlər. Bu yalnız deputatlara deyil, digər dövlət məmurlarına da aiddir. Hamı bilir ki, məmurların, dövlət işçilərinin 99 faizi maaşla dolanmır. Onların elə əynindəki kostyumlarının qiyməti bəzən illik rəsmi gəlirdən daha çoxdur. Hələ onların avtomobillərindən, evlərindən, bağlarından, ailələrinin əmlakından, xaricə səfər etmələrindən danışmıram. Haradandır, oralara necə gedirsiniz? Başa düşülür ki, ya rüşvət alır, ya da qanunsuz sahibkarlıqla məşğuldurlar. Bu, ölkədə həm də inhisarçılıq yaradır. Dövlət məmuru niyə sahibkarlıqla məşğul olmalıdır ki? O öz vəzifəsindən sui-istifadə edərək ölkədə inhisarçılıq yaradır. Ona görə də qoy maaşları çox olsun ki, gözləri tox olsun. Hesab edirəm ki, bu məslədə həm də məsuliyyət sərt olmalıdır. Azərbaycanda korrupsiyaya görə ömürlük azadlıqdan məhrum etmə cəzası tətbiq edilməlidir”.
araz.az bildirir ki, bunu ekspert Əkrəm Həsənov deyib.
Ə.Həsənov qeyd edib ki, Azərbaycanda Sinqapur modeli tətbiq olunmalıdır: “ Sinqapur 60-70 il bundan əvvəl korrupsiya və digər bu kimi hallara görə, hətta bizdən də pis vəziyyətdə olan bir ölkə idi. Sonradan isə burada məmurlara yaxşı maaş verildi və ölkə inkişaf etdi. Əlbəttə, dövlət işində çalışanlara yaxşı maaş verilsə, bu sahələrə ən savadlılar gedəcək. Bizdə isə, belə deyil, yəni savadlı, vicdanlı adamlar özəl sektora gedirlər. Son vaxtlar bunu müşahidə edirəm, çünki dövlət sektorunda rəsmi maaş az, özəl sektorda isə çoxdur. Həmin adamlar da istəmirlər ki, getsinlər dövlət işinə və başlasınlar qanunsuzluq etməyə. Ona görə də elə etməliyik ki, dövlət işinə ən savadlılar, ən bacarıqlılar, ən dürüstləri getsinlər və onlara orada yaxşı maaş verilsin. Həmin şəxslər də öz növbəsində hər şeylərini bəyan etsin və korrupsiya ilə də məşğul olmasınlar, dövlət, cəmiyyət, xalq üçün işləsinlər”.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.