экрана 2022 06 23 132128

Göygölün məşhur Kardiorevmotoloji Sanatoriyası Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən qanunsuz və saxta imzalarla hərraca çıxarılıb.

araz.az  xəbər verir ki, bu iddia ilə Bizim.Media-ya sanatoriyanın baş həkimi və rəhbəri Kamil Hüseynov çıxış edib.

O, dövlət qurumunun ölkə başçısının müvafiq fərmanına zidd və qanunsuz addım atdığını bildirərək, bununla bağlı məhkəməyə üz tutduğunu deyib:

“Prezidentin 2016-cı ildə 1003-cü fərmanının 4.2 bəndinə əsasən kiçik dövlət müəssisələrinin hərraca çıxarılması ilə bağlı fərmanı var. Həmin fərmanda bütün səhiyyə idarələrinin qarşısında hərrac ifadəsi yazılıb. Bizim sanatoriya isə yeni olduğu üçün (2013) investisiya ilə hərraca çıxarılmasının mümkün olduğu qeyd edilib. 2018-ci ildə Dövlət Əmlak Komitəsi sanatoriyanı 500 min manat məbləğ müqabilində satışa çıxartdı. Sanatoriyanın işçiləri kollektiv olaraq bu hərracdan imtina etdi. Yəni etiraz etdik ki, fərmana görə sanatoriya investisiya hərracına çıxarılmalıdır. Sanatoriyanın satışı baş tutmadı. 2019-cu ildə Komitə 8 dəfə hərrac keçirdi.

Bu qədər hərracın keçirilməsinə səbəb isə qiymətin aşağı salınması olub. Sən demə belə bir qayda var ki, müəssisə 5 dəfə hərraca çıxarılanda və satılmayanda qiyməti 50 faiz aşağı düşür.

Beləliklə, Dövlət Əmlak Komitəsi hərracın qiymətini 500 mindən 250 min manata endirdi. 2020-ci ilin avqustunda sanatoriya yenidən hərrac yolu ilə satışa çıxarıldı. Mənə də bu barədə bildiriş gəldi. Təbii ki, idarə rəhbəri kimi sənədə imza atmalı idim. II Qarabağ savaşında, yəni noyabr ayında Dövlət Əmlak Komitəsi sənədin surəti ilə sanatoriyaya gələrək işçilərə imza çəkdirib. Amma bilməyiblər ki, sanatoriyanın növbəli və məzuniyyətdə olan işçiləri var. Üstəlik 6-7 işçinin də yerinə özləri saxta imza atıblar”.

Şikayətçinin sözlərinə görə Əmlak Məsələləri Dövlət Xidməti noyabrın 7-də yenidən hərrac keçirib və sanatoriya Asim Şahpələng oğlu Ağaliyev adlı şəxsə 267 min manata satılıb.

Kamil Hüseynov noyabrın 17-də sanatoriyada 67 qazinin müalicə olunduğu halda müəssisə üzərində qanunsuz alver getməsinə etiraz edib:

“Bizim başımız qazilərin müalicəsinə qarışıb, onlar isə prezidentin fərmanını pozaraq alver ediblər. Halbuki sanatoriya yalnız investisiya yolu ilə hərraca çıxarıla bilərdi. Hərracla investisiya tamam fərqli məsələlərdir. Qurum isə hələ də bu fərqi anlamır. Sanatoriyanın işçilərinin 53-ü qadınlardır. Hansı ki, onlar işsiz qalacaqlar. Bundan əlavə mənim sanatoriyada təkcə avadanlığımın qiyməti 248 min manatdır”.

Kamil Hüseynov qeyd edib ki, keçirilən hərracın ləğv edilməsi ilə bağlı Göygöl Rayon Məhkəməsində qarşı tərəfə iddia qaldırıb. Ümumilikdə 12 məhkəmə prosesi keçirilib. İş Ali Məhkəməyə qədər davam edib.

Ali Məhkəmə prosesin inzibati məhkəmədə aparılmasını və işə düzgün baxılmasını məqbul sayıb. Gəncə İnzibati Məhkəməsi isə iyunun 2-də hərracın ləğv edilməsi ilə bağlı yekun qərar çıxarıb və protokolu etibarsız hesab edib. Qərarda da prezidentin fərmanının pozulduğu qeyd olunub.

Sanatoriya rəhbəri əlavə edib ki, qanunvericiliyə görə məktub qarşı tərəfə çatandan sonra 30 gün müddətində yenidən şikayət verilə bilər:

“Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Elçin Yusubovun tapşırığı ilə qanunsuz və saxta imzalardan ibarət hərrac keçirilib. Regional qurum isə boynundan ataraq, məsələdə heç bir rolları olmadıqlarını iddia edirlər. Əmlak Məsələləri Dövlət Xidmətinin yenidən şikayət etməsi vicdanlarına qalıb”, deyə şikayətçi əlavə edib.

Məsələ ilə bağlı araşdırmamız davam edəcək.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.