44 günlük Vətən Müharibəsindən sonra bütün bayram və tarixi günlərimiz bizim üçün yeni məzmun kəsb etmişdir. Bu da təsadüfi deyil. Həmin tarixdən etibarən biz hadisələrə və diqqətimizi çəkən hər bir şeyə artıq qalib xalqın qalib vətəndaşı kimi baxırıq. O cümlədən 26 İyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Gününə. Bu bayram artıq bizim üçün yalnız 1918-ci ildə Milli Ordumuzun təsis edildiyi gün deyil, 44 günlük Vətən Müharibəsi nəticəsində xalqımıza və dövlətimizə bundan sonrakı tarix boyu qürurla yaşayacaq bir Zəfər qazandıran Silahlı Qüvvələrimizin günüdür. Biz bu gün Müzəffər Ali Baş Komandanımız başda olmaqla bütün əsgər və zabitlərimizi təbrik edirik. Vətən, Millət, Torpaq naminə gözlərini qırpmadan həyatlarını qurban verən şəhidlərimizin ruhunu ehtiramla yad edir, qazilərimizə cansağlığı arzulayırıq. Veteranlarımıza Vətən borcunu ləyaqətlə yerinə yetirdikləri üçün qürurla həyatlarına davam etməyi arzu edirik.
Biz Millət və Dövlət olaraq 1918-1920-ci illərdə də Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda döyüşdük, canımızdan keçdik, 1988-1994-cü illərdə də. Dövlət himnimizdə deyildiyi kimi, bu yolda minlərlə can qurban oldu,
sinəmiz hərbə meydan oldu, əsgərimiz, zabitimiz – hərəsi bir qəhrəman oldu! Lakin bizdən asılı olmayan tarixi proseslər öz hökmünü verdi, düşmən zaman-zaman torpaqlarımızı işğal etdi. Yenə də biz əyilmədik, bütün tarixi dövrlərdə olduğu kimi, bu dəfə də Xalq ən çətin məqamda öz liderlərini yetirdi – Ulu Öndər Heydər Əliyev Azərbaycanı fəlakətin qucağından alıb çıxardı, xilas etdi, Müzəffər Ali Baş Komandan İlham Əliyev isə 44 günün içində dünyanı heyrətə gətirən bir Zəfərə imza atdı, yeni tarix yazdı.
Bu Zəfər təkcə Ordumuzun qüdrətini dünyaya nümayiş etdirmədi, belə bir Orduya malik olmağın qürurunu yaşayan Azərbaycan xalqını içdən daha da böyütdü! Təkcə onu xatırlatmaq kifayətdir ki, bu Zəfərdən sonra dünyanın bir çox dövlətlərinin və xalqlarının Azərbaycan dövlətinə və xalqına ehtiramı ilə yanaşı, sevgisi də artdı. Deməli, dünya özünə dəyər verənlərə dəyər verirmiş, özünə hörmət edənlərə hörmət edirmiş. Bu da təəccüblü deyil, çünki təsadüfi deyil ki, insanlar da həmişə zəiflərə acıyır, güclüləri sevirlər.
Bəli, bu gün iyunun 26-sı Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günüdür. Bu gün Azərbaycan ordusu öz standartlarını NATO standartlarına uyğunlaşdıran modern ordudur.
Müdafiə Sənayesi Nazirliyində 400-dən çox müdafiə təyinatlı məmulatın istehsalının həyata keçirilməsi ölkəmizin hərbi qüdrətinin artmasının mühüm göstəricilərindəndir.
Silahlı qüvvələrin modernləşdirilməsi Azərbaycan Prezidenti İlham Əliyevin dövlət siyasətinin strateji isiqamətlərindəndir. Cənab Prezidentin: “Biz elə bir güclü ordu yaratmışıq ki, istənilən vəzifəni icra edə bilərik”, – sözləri çox mətləblərdən xəbər verir və 44 gün ərzində torpaqlarımızdan “iti qovan kimi” qovduğumuz ermənilərə və onların havadarlarına çox ciddi mesajdır.
Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə ordumuzda yeni təyinatlı Komando hərbi hissələri yaradılmışdır və yaradılmaqda davam edir. Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin standartlarına uyğunlaşdırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində hərbi təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə cari ildə Milli Müdafiə Universiteti yaradılıb. Azərbaycan Silahlı Qüvvələrinin hərbi-texniki təchizatı günbəgün artırılır.
26 İyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günüdür. Qarşımızda çox böyük hədəflər durur: Zəngəzur, Göyçə, İrəvan… Biz hərb istəmirik, amma tarixən bizim olan və insanlıq düşmənləri tərəfindən vəhşicəsinə qovulduğumuz ata-baba yurdlarımıza dönmək bizim tarixi-mənəvi haqqımızdır və biz mütləq o torpaqlara qayıdacağıq. Qürurumuz, fəxrimiz olan cənab Prezidentimiz demişkən, bu yolda bizi heç kim dayandıra bilməz.
Əziz ƏLƏKBƏRLİ,
Milli Məclisin deputatı
araz.az xəbər portalı.