“G-20 sammiti çərçivəsində xarici işlər nazirlərinin görüşündə Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrov İndoneziyanın dəvəti ilə iştirak edib. Liderlərin görüşü bu ilin sonuna planlaşdırılıb və xarici işlər nazirlərinin görüşü isə protokol xarakterlidir. XİN başçılarının görüşü zamanı dünyanın kütləvi informasiya vasitələrini maraqlandıran bir hadisə baş verdi, Rusiya Xarici İşlər Naziri Sergey Lavrovla eyni fotoda yer almaq istəməyən xarici işlər nazirləri oldu. Bu isə böyük rezonansa səbəb olub”.
araz.az Pravda.az-a istinadən bildirir ki, bunu politoloq İlyas Hüseynov deyib.
İ.Hüseynov qeyd edib ki, hazırda müxtəlif platformalarda Lavrova qarşı boykot prosesi gedir: “Bir müddət əvvəl Lavrov BMT-nin İnsan Hüquqları Şurasında nitq söyləyərkən müxtəlif ölkələein nümayəndə heyətləri zaldan çıxmağa başladılar. Bu, bir daha onu göstərir ki, Rusiyanın həyata keçirdiyi xüsusi hərbi əməliyyat dünya birliyi tərəfindən qəbul olunmur və müxtəlif dövlətlər müəyyən təzyiqlər göstərməyə çalışırlar. Hər bir halda, bu proseslər Rusiyanı gözdən salmağa yönəlib Ona görə də müəyyən müddət keçdikcə müxtəlif dövlətlər Rusiyadan üz döndərməyə başlayır, siyasətini ifşa edir, müxtəlif formada Rusiyaya qarşı müqaviməti gücləndirirlər. Dünyada baş verən müxtəlif hadisələri Rusiya ilə əlaqələndirən ekspert qrupları da tapılır. Məsələn, Böyük Britaniyada baş nazir Boris Consonun istefa verməsini Rusiya ilə əlaqələndirirlər. Yəni dünyada gedən müxtəlif proseslərdə Rusiyanın bu və ya digər formada iştirakı qeyd olunur. Rusiyanın xarici siyasətinin başında duran nazirə qarşı belə kampaniyanın təşkil olunması böyük bir siyasətin tərkib hissəsidir, əsas məqsəd Rusiyanın beynəlxalq nüfuzunun zəiflədilməsinə yönəlib”.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.