ermenistan 2

Əsasən, Brüseldə Ermənistanla Azərbaycan arasında əldə edilmiş razılaşmaların icrası, əvvəldən güman edildiyi kimi, Moskvanın müdaxiləsi nəticəsində mümkünsüz vəziyyətdədir. Təbii ki, vəziyyətin bu şəkildə durğunluğu Azərbaycanı yeni müharibəyə məcbur edir, baxmayaraq, bu durğunluğun Ermənistan üçün ağır nəticələrə səbəb ola biləcəyi ehtimalı, elə, erməni siyasi rəhbərliyinə də gün kimi aydındır. Ermənistanın özünün o qədər də uzun müddətə malik olmayan tarixi, eləcə də dövrümüzün analizi belə göstərir ki, faktiki olaraq, bu dövlət, əsasən, Rusiya və İrana girovluğunu davam etdirir — ortada Paşinyan hakimiyyətinin bu girovluğa son verməyə cəhdləri olsa da!

Ümumən götürdükdə, Ermənistan əhalisi belə, Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasının tərəfdarıdır və məhz, bu amilə görə də, Paşinyan Ermənistanın Azərbaycana ağır məğlubiyyətindən sonra, təkrar hakimiyyətini saxlaya bildi. Hətta İrəvandakı son ayların mitinqləri də, onun hakimiyyətinə təsir edə bilmədi.

İndi, Ermənistanın Azərbaycanla yeni müharibə ərəfəsində olduğu aydın sezilir. Ermənilər yaxşı anlayırlar ki, onları ölümə Rusiyanın və İranın təhriki vadar edir. Paşinyan bunun fərqindədir və çox güman ki, Türkiyə Prezidenti cənab Ərdoğanla telefon danışığında bu məsələni müzakirə edərək, onu anlamağı da xahiş edib.

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun İrana, bu dövlət rəsmilərinin buna qədər Azərbaycana və nəhayət, İran rəsmilərinin İrəvan səfərləri də, müharibə ehtimalının yüksək olmasını göstərir. Cənab Ərdoğanın Rusiya Prezidenti Putinlə telefon danışığı da, yəqin ki, Ermənistanla Azərbaycan arasında sülh, yoxsa, yeni müharibə seçimini müəyyənləşdirir.

Ermənistanın siyasi elitası da çaşqınlıq içərisindədir və müharibənin başlamasını mümkün bütün variantlarla əngəlləməyə çalışırlar. Çünki Ermənistanın təkləndiyini və onun gücsüzlüyünü artıq çoxdan anlayıblar və açıq-aşkar Rusiyanın köməyinə arxayın deyillər. Rusiyaya qarşı bu ümidsizliyi, Azərbaycanla Rusiya arasında müttəfiqlik haqqında Moskva Bəyannaməsi də xeyli gücləndirib. Sözsüz ki, Rusiya bu yeni müharibənin marağındadır və onun üçün, kimin qalib olmağı belə əsas şərt deyil; Rusiyaya Ermənistanla Azərbaycan arasında daimi müharibə şəraitinin saxlanması gərəkdir. Çünki, bu, onun Cənubi Qafqazda mövcudluğunu təmin edir. Həm də, Rusiyaya bu yeni müharibə ona görə lazımdır ki, Ermənistanın növbəti məğlubiyyəti Paşinyanı hakimiyyətindən məhrum etsin. Rusiya üçün bu variant ona görə işə düşdü ki, onun patronajında olan erməni müxalifəti Paşinyanı devirmək tapşırığının öhdəsindən gələ bilmədi.
Rusiya ilə eyni fikirdə olan İran da, bu müharibəyə “töhvəsini” verməkdə davam edir. Onun özünün öz ərazisindən Zəngəzur dəhlizinin analoqu, körpü məsələsi də ondan ötrüdür ki, bunlar, Azərbaycanla Ermənistan arasında razılaşmaların icrasını mümkünsüz və əhəmiyyətsiz etsin. Artıq Ermənistan Rusiya və İranın regionda maraqlarının təmin edilməsi naminə növbəti zərbəsini almağa təhrik edilir. Ancaq Ermənistan günbəgün ehtimalı yüksələn yeni müharibədən qaça bilər; Təbii ki, Azərbaycan və Türkiyəyə sığınmaqla!

nato 1

Vüqar DADAŞOV,
politoloq, hüquqşünas, MCP SŞ-nin üzvü, Qarabağ qazisi.

araz.az xəbər portalı.